Ərdoğanın İran imtahanı və Suriya keçmişi -ANALİZ

Hamıya məlumdur ki, qərbin bölgədəki əsas müttəfiqi Ərdoğandır. O, özünü hər nəqədər islamçı və anti-qərb siması ilə təqdim etməyə çalışsa da, çoxları üçün məsələ məlumdur.
Yenixeber.org: Bir neçə il əvvəl Suriyada başlayan vətəndaş muharibəsindən tutmuş Əsədin devrilməsinə qədər olan tarixi varaqladıqca hər səhifədə Ərdoğanın izinə rast gəlmək olar.
Bildiyimiz kimi Ərdoğanın Əsədlə yaxşı münasibətləri var idi, o zamana qədər ki, İsraili himayə edən qərb dairələri Suriyanı hədəf taxtasına qoydular və oradakı rejimin devrilməsinə qərar verdilər. Onların qərarı ilə paralel Ərdoğanın da Əsədə qarşı ritorikaları anidən dəyişməyə başladı.
Bu proseslər çərçivəsində Ərdoğanın misilsiz "xidmətləri" oldu. Əsəd əleyhinə daxildə baş qaldıran muxalif qruplara silah ötürülməsi və digər ölkələrdən radikal cihadçı sələfilərin Suriya ərazisinə rahat daxil olmasını təmin etmək kimi mühüm məsələlər məhz Ərdoğan Türkiyəsinin köməyi sayəsində baş tutdu.
Nəticədə Əsəd devrildi, Suriya zəiflədildi, parçalandı və İsrail qarşısında asan loxma halına gətirildi. Suriya üzərində Türkiyəyə vəd verilən "ağalıq" da baş tutmadı. Artıq Ankara Suriya səhnəsində ciddiyə alınmayan tərəf durumuna salınıb. Torpaq və güc bölgüsü aparanlar başqalarıdır.
Gələk Ərdoğan Türkiyəsinin İrandakı proseslərdə tutacağı mövqeyə.
Məlumdur ki, hazırda hədəf taxtasına çıxarılan ölkə İrandır. Qərbin islam respublikasına olan aqressiyası Əsəd rejiminə olandan qat-qat artıqdır. Çünki Suriya da daxil olmaqla bütün müqavimət oxlarının mərkəzi İrandır. İranın yaratdığı müqavimət oxlarının sayəsində qərb yaxın şərqdə illərdir milyardlar xərcləyir, itkilər verir, amma ciddi nəticələr əldə edə bilmir.

İran üzərində qlobal səviyyədə təzyiqlərin artdığı bir vaxtda Ərdoğanın bu mövzuda olan ritorikaları hər kəsə maraqlıdır. Ərdoğan hələ ki, bu mövzuda səssiz qalmağı seçir, proseslərin necə cərəyan edəcəyini müşahidə edir.
İnanırıq ki, günün birində Ərdoğan İrana qarşı da Əsədə istifadə etdiyi ritorikadan istifadə etsin və İran dövlətini "qatil" adlandırsın.
Çünki, Əsəd dövründən fərqli olaraq indiki şəraitdə məsələlər xeyli şəffaflaşıb.
O zaman "Əsəd sivilləri öldürür, kimyəvi silahlardan istifadə edir" deyərək, eyni zamanda qərbin maşalığını da rahat etmək olurdu. Hələ o zaman dünya ictimaiyyəti və İslam dünyası nələrin baş verdiyinin tam fərqində deyildi. Amma indi hər hansı siyasi fiqur ağzını açıb danışdıqda, onunun ipinin kimin əlində olduğu anlaşılır.
Qısası, Ərdoğan mütləq İran proseslərində qərbə dəstək verəcək. Sadəcə bu dəfə aşkar yox, daha gizli. Hətta o, çıxışlarında İrana dəstək də səsləndirə bilər, amma əməldə fərqli...
"İrandan sonra növbə Türkiyənindir, gərək Türkiyə İranı dəstəkləsin" kimi həqiqətlər Ərdoğanın tutacağı mövqeyə təsir etmir. Zatən Əsədin devrilməsi də məntiqlə Türkiyəyə zərər idi və Ərdoğan bunu yaxşı bilirdi. Amma Ərdoğanın qarşısına hakimiyyət məsələsi qoyuldu, o hakimiyyətdə qalmaq bahasına qərblə birgə regionu oda tutmağı seçdi.
Artıq Ərdoğan istəsə də, istəməsə də bu kəndiri öz boynuna keçirib, o Vaşinqtondan gələn zənglərə tabe olmağa məcburdur.
Əks halda geniş kütləsi olan muxalif partiyalara dəstək verib, Ərdoğanı cəmi 1 həftəyə ölkədən qaçmağa məcbur edərlər. Ərdoğan Xamenei deyil ki, xalq içində güclü ideloji dayaqları olsun və qərbdən gələn təhdidlər qarşısında onu qorusun.
"Hərbi-Siyasi Baxış" platforması










AZ
RU