Britaniyalı nazir üç paytaxtda kritik görüşlər keçirəcək: ABŞ və Qərbin bölgə ölkələrindən istəyi nədir?
Yenixeber.org: Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin Cənubi Qafqaza səfəri başlayıb. Səfər öncəsi mətbuata açıqlamasında nazir deyib ki, Cənubi Qafqaz həm bölgə daxilində, həm də qonşu ölkələrdən regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir və kövrək regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır.
Böyük Britaniya səfirliyinin məlumatına görə, Doçerti Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı rəsmi Londonun bu ölkələrin suverenliyi və təhlükəsizliyinə davamlı yardımının, Böyük Britaniyanın artan dəstəyi və əməkdaşlığının Cənubi Qafqazda sülh və sabitliyə yönəldiyini önə çəkəcək: “Nazir Doçerti uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan ilə Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu vurğulayacaq. Regiona üçüncü səfərində o, Ermənistan və Gürcüstanda demokratik islahatlar proqramlarını müzakirə edəcək və Azərbaycanın bərpa olunan enerjiyə keçidini təşviq etmək üçün Böyük Britaniyanın səylərinə töhfə verəcək. Bu il üç ölkə ilə keçirilən formal strateji dialoqdan sonra nazir Doçerti iqtisadiyyatın şaxələndirilməsini təşviq etmək və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın əhatə dairəsini genişləndirməyi təklif edəcək”.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen (O`Brayen) Konqressin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi ilə bağlı” keçirilən dinləmələrdə çıxışı zamanı bəyan edib ki, Dövlət Departamenti 907-ci düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir: “Bundan əlavə, ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir. Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. 19 sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq”.
Baş verənləri, xüsusilə britaniyalı nazirin Cənubi Qafqaz səfərini şərh edən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib ki, Ermənistan sühyaratma missiyasını məqsədli şəkildə pozmağa çalışır: “Ermənistanın siyasi rəhbərliyi dünyada elə rəy yaratmağa çalışır ki, guya onlar sülhdə maraqlı olsalar da, Azərbaycan buna qarşı çıxır. Əslində isə bu, qətiyyən belə deyil. 30 il ərzində sülhə mane olan, regionda sabitliyin bərqərar olmasına mane olan hər zaman Ermənistan olub. İstər işğal dövründə, istərsə də 44 gtünlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə müraciət edib ki, işğalçı siyasətindən əl çəksinlər. Bunun üçün onlarla dəfələrlə vaxt verib. Bu müraciətin səbəbi o idi ki, qan tökülməsin, heç kim zərər görməsin”.
“Onlar buna məhəl qoymadılar. Nə zaman ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, bundan sonra özlərindən məsum obrazı düzəltməyə başladılar. Biz onlara nə deyirdik? Deyirdik ki, gəlin sülh sazişi imzalayaq. Onlar buna getmədilər və lokal antiterror əməliyyat zamanı ölkəmizin suverenliyi tam bərpa olundu”, - deyə deputat bildirib.
Onun fikrincə, Doçertinin Cənubi Qafqaz səfəri vəziyyətlə yerində tanış olmaq niyyətindən qaynaqlanır: “Qoy gəlsinlər və reallığı gözləri ilə görsünlər. Əgər onlar doğrudan da Ermənistanı sülhə məcbur edə bilsələr, bu, alqışlanmalıdır. O ki qaldı Azərbaycana qarşı son təzyiqlərə, hesab edirəm ki, burada əsas səbəb Rusiyanı zəiflətməklə yanaşı, ABŞ-dakı seçkilərdir. Məlumdur ki, gələn il Amerikada növbəti Prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi vəziyyət Bayden iqtidarının xeyrinə deyil. Buna görə də, onlar vəziyyəti xeyirlərinə dəyişmək üçün hərəkətə keçiblər”.
“Bu gün ABŞ-da erməni lobbisi kifayət qədər güclüdür və seçkilərə təsir imkanları var. Bayden ilk dəfə seçiləndə də erməni diasporundan dəstək almışdı. Bu dəfə də bu dəstəyi əldə etməyə çalışır. ABŞ və Qərb-ə bağlı dairələr erməni diasporunun “havasına” oynayırlar. Bu məqsədlə Azərbaycana təzyiqlər olunur. Lakin bunlar nəticəsizdir. Təcrübədə dəfələrlə belə hallar olub və nəticəsiz qalıb. Azərbaycan müstəqil dövlətdir və heç kimin diqtəsi ilə hərəkət etməyəcək. Bunu ABŞ və Qərb dövlətləri başa düşsə, yaşı olardı”, - deyə Mollazadə vurğulayıb.
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə mövzuya dair şərhində söyləyib ki, ABŞ və Qərb 2006-ci ildən Rusiyaya qarşı aktiv siyasətə başlayıb: “Rusiya postsovet məkanından, eləcə də Cənubi Qafqazdan ABŞ və Qərb tərəfindən sıxışdırılır. Bu siyasət “Şərq Tərəfdaşlığı” proqramında da öz əksini tapıb. Hesab edirəm ki, ABŞ və Qərbin Azərbaycana təzyiqləri də bu məqsədə xidmət edir. Onlar maksimum çalışırlar ki, ölkəmiz Rusiya ilə münasibətlərini korlasın. Buna qədər Ukraynada, Moldovada, Gürcüstanda və Ermənistanda müəyyən mənada buna nail olublar. Çalışırlar ki, bütün postsovet məkanında bunu həyata keçirsinlər”.
“Ermənistanın siyasi rəhbərliyi hazırda birmənalı şəkildə Qərbə yönəlik siyasət yürüdür. Azərbaycan və Gürcüstan iqtidarları isə bu məsələyə ehtiyatlı və kifayət qədər təmkinli yanaşırlar. Əslində haqlıdırlar da. Çünki ABŞ və Qərb Ukrayna cəbhəsində ciddi uğurlara nail olmayıb. Ukraynaya dəstək də yetərli səviyyədə deyil. Belə bir şəraitdə Rusiya kimi bir dövlətlə münaqişəyə getmək doğru qərar olmazdı”, - deyə müsahibimiz qeyd edib.
Ağazadənin fikrincə, Ukraynada ciddi uğurlara nail olandan sonra Rusiyaya qarşı təzyiqlər işlək olacaq: “Bundan sonra Rusiyanı daxildən parçalamağa, özlərinə yaxın hakimiyyət formalaşdırmağa çalışacaqlar. Postsovet ölkələri də bundan sonra birmənalı şəkildə Qərbin yanında yer alacaq. Rusiyanı və postsovet məkanını öz tərəflərinə çəkəndən sonra isə Çin təklənmiş duruma düşəcək. Hazırkı şəritdə Çin sürətlə inkişaf edir və Qərbi əsas narahat edən məqam da budur”.(AYNA)