Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağdakı missiyaları bitdi, amma:Rusiya hərbçilərinin bölgədə qalmasında israr edir

İqbal Ağazadə: “Azərbaycan reinteqrasiya üçün bəlli zaman təyin etməlidir. Reinteqrasiyadan sonra isə Rusiyadan tələb edilməlidir ki, hərbi kontingentini Qarabağdan çıxarsın

Yenixeber.org: Rusiya Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı hərbi kontingentinin bölgədə qalmasını şərtləndirən yeni iddia ilə çıxış edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam riayət edilməsi və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazıb ki, ölkəsinin Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır. Lavrov iddia edib ki, ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

“İndi geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə korrektə edilib və hərbi kontingentin fəaliyyəti 19-20 sentyabrdan sonra əhalinin kütləvi şəkildə axını fonunda adaptasiya olunacaq. Zaxarova onu da qeyd edib ki, Bakı ilə Rusiya sülhməramlılarına dair fundamental məsələlər müzakirə olunur: “Artıq Rusiya sülhməramlı kontingentinin bir sıra müvəqqəti müşahidə postları yığışdırılıb. Bizim sülhməramlılarımızla bağlı fundamental məsələlər, artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”.

Rusiya rəsmilərinin bu cür bəyanatları onu deməyə əsas verir ki, Moskva Qarabağdakı hərbi kontingentinin bölgədən çıxmaması üçün müxtəlif vasitələrə əl atmaq niyyətindədir və bu niyyətini gizlətmir. Ekspertlər isə hesab edirlər ki, Qarabağda silahlı münaqişə sona yetdiyi üçün, bölgədə qalan erməni sakinlərinin sayının da az olduğu səbəbindən sülhməramlıların qalmasına ehtiyac yoxdur.

Moskvadan verilən bəyanatlarla bağlı suallarımızı cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əvvəlcə Lavrovun Bakı ilə İrəvan arasında sülh danışıqlarında vasitəçilik missiyası barədə dediklərinə toxunub:  

- Bu gün Ermənistanla Azərbaycan arasında əslində vasitəçiyə o qədər də ehtiyac yoxdur. İrəvanla Bakı öz aralarında dil tapa bilmək üçün ciddi addımlar ata bilərlər. Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı bu ölkənin Baş naziri ilə mətbuat konfransında yeni danışıqlar platforması kimi və məkan olaraq Gürcüstanın məqbul olduğunu bildirdi. Bu, beynəlxalq aləmə də bir mesaj idi ki, üç Cənubi Qafqaz ölkəsi bir masa ətrafında oturub müzakirələr apara bilər, nəticələr əldə oluna bilər. Biz həm Qərbin, həm də Rusiyanın öz maraqlarını qorumaq baxımından ciddi canfəşanlıq etdiyini görürük. Xüsusilə, Rusiya Cənubi Qafqazdan çıxmamaq üçün bütün potensialından istifadə edir. Fransa isə Ermənistan vasitəsilə Cənubi Qafqaza gəlmək, bölgədə öz maraqlarını təmin etmək üçün çalışır. Fransanın və Rusiyanın bu çabaları bəzən Avropa Birliyinin timsalında da özünü göstərir. Rusiya həm postsovet ölkələrinə təsir baxımından, həm də MDB çərçivəsində daha sıx addımlar atmaq baxımından bir qədər üstün görünür. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazası, Azərbaycan ərazisində isə 2 minə yaxın sülhməramlı adlı hərbi kontingenti var.

Düşünürəm ki, Azərbaycan Qərbin və Rusiyanın maraqlarından daha çox, ikitərəfli münasibətlərə, Cənubi Qafqazın birliyi ideyasına daha çox üstünlük verməlidir. Ötən əsrin əvvəlində Tiflis Cənubi Qafqazda necə mərkəz rolunu oynamışdısa, bu gün də Bakıdan və İrəvandan fərqli olaraq, mərkəz, meydan ola bilər. Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü rəsmi İrəvanın tanıdığını bəyan etməsi, Azərbaycan liderinin rəsmi Bakının sülhdə maraqlı olmasını mütəmadi olaraq səsləndirməsi o deməkdir ki, Cənubi Qafqazda yeni mərhələ başlayıb.

- Lavrov da, digər Rusiya rəsmilərinin də “sülhməramlılara hələ ki, bölgədə ehtiyac var” tipli bəyanatları onu göstərir ki, hərbçilərini bölgədən çıxarmaq istəmirlər. Maraqlıdır, Rusiya sülhməramlıları bundan sonra Qarabağda nə edəcəklər, hansı işlə məşğul olacaqlar? Moskva “ehtiyac var” dedikdə nəyi nəzərdə tutur?

- Rusiya hərbçiləri 44 günlük müharibədə atəşkəs elan edilməsi və Üçtərəfli Birgə Bəyanat imzalanandan sonra bölgəyə gəldi. Bunu da Rusiya onunla əsaslandırdı ki, tərəflər arasında sülhün və barışın əldə olunması üçün edir. Bu gün tərəf yoxdur. Yəni hazırda Azərbaycan ərazisində, rus hərbçiləri olduğu yerdə tərəf mövcud deyil. Faktiki olaraq hərbi münaqişə də yoxdur, qondarma qurum da özünü buraxıb. Ermənistanın Azərbaycana hücum etmək niyyətinin olmadığını da rəsmi İrəvan bəyan edib. Ona görə də hesab edirəm ki, Rusiya regiondan çox rahat şəkildə, özü bəyanat verərək gedə bilər. Çünki Rusiya hərbi kontingentinin Qarabağdakı missiyası bitib. Rusiya ona görə bölgədə idi ki, tərəflər dil tapsın, silahlı münaqişə olmasın. Lokal antiterror əməliyyatı ilə silahlı münaqişə həll olundu, Ermənistan münaqişəyə qoşulmadığını rəsmən bəyan etdi. Paşinyan açıq şəkildə bildirdi ki, sərhəddə heç bir gərginlik yoxdur, buna görə də Ermənistan prosesə qoşulmur. Azərbaycan tərəfi də separatizmin kökünü qazıdı, bölgənin erməni əhalisinin reinteqrasiyası şərtlərini açıqladı, pozitiv mesajlarını verdi. 35 ildir ki, Azərbaycanı qəbul etməyən, Azərbaycana və azərbaycanlılara qarşı düşmənçiliyi davam etdirən erməni sakinlər Azərbaycanı seçmədilər. Yəni ki, vətəndaş kimi qalıb yaşamaq istəmədilər, bölgədən çıxıb getdilər. Bu da onların seçimidir. Ermənilər Qarabağı tərk etdilərsə, sülhməramlıların Azərbaycan ərazisində qalmasına ehtiyac yoxdur. Sizin sualınıza cavab budur ki, rus hərbçilərinin Qarabağda bundan sonra fəaliyyətinə lüzum yoxdur.

- Amma Rusiya regionda qalmaqda hər zaman maraqlı olub və açıq şəkildə hərbçilərini çıxarmaqda maraqlı olmadığını nümayiş etdirir...

- Rusiya hərbi kontingentinin regionda qalması məsələsinin Azərbaycana aidiyyəti olmamalıdır. Onsuz da 2020-ci ilin noyabrın 10-dək Rusiya hərbi kontingenti Azərbaycan ərazisində yox idi. Lakin Ermənistan ərazisində hər zaman olub, bazası mövcuddur. Demək ki, Rusiyanın regionda qalıb-qalmaması Rusiya ilə Ermənistanın problemidir. Ermənistan Rusiyanı regiondan və öz ərazisindən çıxaracaq, yaxud çıxarmayacaq, bu, İrəvanın məsələsidir. Hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazda rolu bitib. Rusiya Cənubi Qafqazda konfliktlər, etnik münaqişə hesabına qalırdı. İstər Gürcüstana, istər Ermənistana Rusiya qoşunlarını konfliktlər, münaqişələr yaradandan sonra yerləşdirib. Bu gün Qarabağ münaqişəsi bitib, Rusiyanın da bölgədəki missiyası bitib. Tərəfləri sülh masası ətrafında oturdacaq güc nə Fransadır, nə Rusiyadır. Tərəflərin özləri masa arxasında otura, müzakirələr apara, sülhün əldə olunmasına nail ola bilərlər.

- Məsələ burasındadır ki, Rusiyanın bir çox rəsmi dairələrindən belə fikirlər səslənir ki, konflikt bitməyib, Ermənistana gedən Qarabağın erməni sakinləri qayıdacaqlar və s. Rusiya hərbi kontingentinin Qarabağda qalmasına əsas yaratmaq üçün gedən erməniləri qaytara bilərmi?

- Rusiyanın niyyəti budur, bunu da açıq şəkildə bildirir. Əslində Rusiya vəziyyətin bu həddə gələcəyini gözləmirdi. Azərbaycan tərəfi həm diplomatiyada, həm də hərb meydanında məharətli addımlar atdı, milli maraqlarını qorudu. Rusiya bu vəziyyətdən məmnun deyil. Bu gün Rusiya başa düşür ki, Qarabağda qalma imkanları sıfıra bərabərdir. Çünki orada əhali yoxdur. Azərbaycan bütün humanist vədlər versə də, ermənilər Qarabağda yaşamaq istəmirlər. Onların Azərbaycanda yaşamaq istəməmələrinin səbəbləri də bəllidir. Çünki əksəriyyəti Azərbaycan dövlətinə və insanına qarşı ən müxtəlif cinayətlərə imza atıblar. Bunlar köçüb gedirlər, Rusiya isə onları qaytarmaq barədə düşünür. Amma hesab etmirəm ki, bu niyyətində Rusiya uğurlu olsun. Qayıdan olacaqsa da, şərtlər bəllidir. Azərbaycan vətəndaşlığını qəbul edəcək, yaşayacaq. Vətəndaşlığı qəbul edəni qorumaq üçün isə yenə də sülhməramlıya ehtiyac yoxdur. Vətəndaşlığı qəbul edən erməniyə qarşı hansısa zorakılıq olmayacaq.

Düşünürəm ki, Azərbaycan reinteqrasiya üçün bəlli zaman təyin etməlidir. Həmin vaxt bitəndən sonra baxılmalıdır ki, reinteqrasiya üçün yaradılmış elektron portala nə qədər erməni müraciət edib. Həmin zaman kəsiyində müraciət etməyən şəxslərin qayıda bilməyəcəyi bəyan olunmalıdır. Reinteqrasiyadan sonra isə Rusiyadan tələb edilməlidir ki, hərbi kontingentini Qarabağdan çıxarsın.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam