Politoloq: “Üzvlük məsələsində tələsmək lazım deyil”
Yenixeber.org: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini dərinləşdirir. Bu proses ötən ilin 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilata üzv ölkələrin liderlərinin zirvə toplantısından sonra xüsusilə sürətlənib. Xatırladaq ki, həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmasından sonra Azərbaycanın gələcəkdə bu təşkilata üzv olması məsələsi gündəmə gəlib.
Azərbaycanın təşkilat yanında statusu dialoq üzrə tərəfdaş səviyyəsindədir. Rəsmi Bakı bu statusun müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müraciət edib. Bu ilin aprelində Prezidentin köməkçisi Anar Ələkbərovun Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Minlə görüşündə sonuncu Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinə hazırda üzv dövlətlər tərəfindən baxıldığını, müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
Bu il sentyabrın əvvəlində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Çində səfərdə olub. Səfər zamanı Azərbaycan Çinlə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) səmərəli istifadə məqsədilə gələcək əməkdaşlıq imkanları, həmçinin ŞƏT çərçivəsində əlaqələr təhlil edilib.
Oktyabrın 4-də isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanda keçirilən ŞƏT Birinci Enerji Forumunda onlayn olaraq iştirak edib. Forumda çıxış edən nazir Şahbazov bildirib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi, uğurlu siyasətlə birləşib, regionda davamlı təhlükəsizliyin, sabitliyin və inkişafın təmin edilməsi təşkilatla yeni statusda əməkdaşlığa imkan verir: “Bugünlərdə dünya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin terrorizmlə, həm də ŞƏT-in əsas prioritetləri olan ekstremizm və separatizmlə mübarizədə qətiyyətinin və dürüstlüyünün bir daha şahidi oldu. Azərbaycanın suverenliyinin bərpası ilə böyük inkişaf prosesinin qarşısında duran əngəlləri aradan qaldıran, regionda sülhü təmin edən yeni dövr başladı. Bu dövrdə enerji, nəqliyyat və logistika potensialından istifadə sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaranıb”.
Nazirin sözlərinə görə, ŞƏT üzv olan ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dollarından çox investisiya qoyub. P.Şahbazov həmçinin Azərbaycanın ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına 3,2 milyard ABŞ dolları sərmayə yatırdığını diqqətə çatdırıb: “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 45,8 faiz artaraq 9 milyard ABŞ dollarından çox olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17 faiz təşkil edib”.
Energetika naziri Azərbaycanın ŞƏT üzvü olan Qazaxıstanla energetika sahəsində uğurla əməkdaşlıq etdiyini bildirib: “Aprel-sentyabr aylarında BTC sistemi ilə nəql edilən Qazaxıstan neftinin həcmi təxminən 609 min ton təşkil edib. Bu həcmin 493 min tonu Ceyhan limanı vasitəsilə dünya bazarlarına çıxarılıb. İlin sonuna qədər bu həcm 1,1 milyon ton təşkil edəcək”.
Qeyd edək ki, ŞƏT regional əməkdaşlıq təşkilatıdır. Əsas əməkdaşlıq mövzusu təhlükəsizlik olan ŞƏT ilk olaraq, 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən Şanxay Beşliyi adı ilə yaradılıb. 2001-ci ildə Özbəkistanın da qatılması ilə adı Şanxay Əməkdaşlıq Təşkilatı olaraq dəyişib. 2005-ci ildə Hindistan və Pakistan da təşkilata müşahidəçi qismində qatılıb, 2017-ci ildə tam üzvlüyə keçiblər. Təşkilata üzvlük müqaviləsini 15 sentyabr 2022-ci ildə son zirvə görüşündə imzalayan İran bu ilin iyulunda rəsmi üzvlüyə qəbul edilib. Hazırda isə Belarusun üzvlük prosesinə start verilib.
Təşkilatın beynəlxalq strukturunda mütəmadi olaraq toplanan Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası ilə yanaşı, katiblik, Regional Terrorla Mübarizə Strukturu, Xarici İşlər Nazirləri Şurası kimi strukturlar da mövcuddur.
ŞƏT katibliyi Çinin paytaxtı Pekində, “Regional Terrorla Mübarizə Qurumu” isə Özbəkistanın paytaxtı Daşkənddə yerləşir.
ŞƏT-in üzvləri ilə yanaşı, müşahidəçiləri və dialoq tərəfdaşları da var. Müşahidəçilər Monqolustan, Əfqanıstan və Belarusdur. Dialoq tərəfdaşları Şri Lanka, Türkiyə, Kamboca, Azərbaycan, Ermənistan, Nepal, Misir və Qətərdir.
ABŞ-nin ŞƏT-də müşahidəçi olmaq tələbi isə 2005-ci ildə rədd edilib.
İndiki reallıqda Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilərmi? Azərbaycanın energetika nazirinin açıqlamasından da belə bir niyyət sezilməkdədir. Bu təşkilata qoşulmaq iqtisadi anlamda dövlətimizə hansı üstünlüklər vəd edə bilər?
Nəzərə alsaq ki, Çinlə ABŞ və Avropa arasında münasibətlər getdikcə gərginləşir, qarşılıqlı ticarət məhdudiyyətlərinin tətbiqinə başlanıb, Rusiya və İran Qərbin ağır sanksiyaları altındadır, bu zaman Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün siyasi baxımdan ölkəmiz üçün müəyyən çətinliklər yarada biləcəyi ehtimalının yüksək olduğunu söyləyə bilərik. Doğrudur, hələlik ŞƏT əsasən iqtisadi əməkdaşlıq müstəvisi kimi daha çox tanınır. Lakin Qərblə münasibətlərin getdikcə gərginləşməsi fonunda siyasi müzakirələrin, qərarların alınması məsələlərinin gündəmə gəlməsi perspektivini istisna etmək mümkün deyil.
Elxan Şahinoğlu
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına marağı təbiidir: “Bu təşkilatda Azərbaycanın əsas ticarət tərəfdaşları - Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələri yer alıblar. Ona görə də Azərbaycanın bu təşkilata müşahidəçi statusu qazanması maraqlarımıza cavab verir. Ancaq üzvlük məsələsində tələsmək lazım deyil. Çünki Rusiya, Çin və təşkilata yeni üzv qəbul edilən İranın Qərblə münasibətləri gərgindir. Bu dövlətlər Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan digər dövlətlərin də anti-Qərb siyasətində maraqlı ola bilərlər. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan müxtəlif ölkələrlə qarşılılqlı faydalılıq əsasında bərabərhüquqlu əlaqələr qurur və heç bir siyasi blokda yer almır. Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün iqtisadi və regional layihələrin reallaşması baxımından cəlbedicidir”.
Qeyd edək ki, Azərbaycan Çindən Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan üzərindən daşınacaq yüklərin öz ərazisindən Avropaya ötürülməsini təmin etmək niyyətindədir. Orta dəhliz adlandırılan bu marşrutla yükdaşımalar çoxdan həyata keçirilir. Lakin dəhlizboyu dövlətlərin hamısı onun genişləndirilməsi, yükdaşımaların daha böyük həcminin dəhlizlə reallaşması üçün infrastruktura böyük sərmayələr yatırırlar. Özbəkistan, Qazaxıstan öz ərazilərindəki avtomobil və dəmiryol infrastrukturunu təkmilləşdirir, Qazaxıstan həm də Xəzər dənizi ilə yükdaşımalar üçün liman infrastrukturunu genişləndirir, yük donanmasına gəmilər alır. Azərbaycan Bakı-Tiflis-Qars dəmiryol xəttinin genişləndirilməsi üçün Gürcüstana 100 milyon dollar əlavə güzəştli kredit ayırıb, eyni zamanda özünün Xəzər dənizi sahilindəki Ələt limanının ötürücülük gücünün 25 milyon tona çatdırılması üçün işlərə başlayıb. Ələtdən Gürcüstan sərhədinə qədər dəmiryol xəttinin yenidənqurulması layihə başa çatmaq üzrədir. Bakıdan Gürcüstanla dövlət sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi layihəsi üzrə işlər də bitməkdədir.
Azərbaycan ŞƏT üzvü olan Mərkəzi Asiya ölkələri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir və bu əməkdaşlıq sürətlə dərinləşir.
Eyni zamanda rəsmi Bakı ən böyük nəqliyyat layihəsi olan Orta dəhlizin istinad ölkəsi Çinlə qarşılıqlı əlaqələrini də genişləndirir. O cümlədən Azərbaycanla Çinin qarşılıqlı ticarət dövriyyəsi böyük sürətlə artır. Bu ilin yeddi ayında Çinlə 1 milyard 619 milyon 676,34 min dollarlıq alver etmişik. Bunun cəmi 63 milyon 474.27 min dolları ixracımız, 1 milyard 556 milyon 202.07 min dolları isə idxalımızdır. Yeddi ayda ümumi ticarətimizdə Çin 4-cü, idxalımızda isə 2-ci ölkə olub. Bununla da ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,4 faizi Çinin payına düşüb. Ötən ilin eyni dövründə qarşılıqlı ticarət 1 milyard 148 milyon 415,84 min dollara bərabər olmuşdu. Bunun cəmi 28 milyon 763.70 min dolları Azərbaycanın ixracı, 1 milyard 119 milyon 652.14 min dollar isə Çindən idxal idi. Ötən ilin eyni dövründə Çin Azərbaycanın ümumi ticarətində 5-ci, idxalında 3-cü yeri tutmuşdu. İndi isə Türkiyəni qabaqlayaraq 2-ci yerdə qərarlaşıb. Bir ildə Çindən idxalımızda 39 faizlik artım baş verib. Çinə ixracımızda isə 2,2 dəfədən çox artım qeydə alınıb.
ŞƏT üzvü olan Rusiya ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələrin də yüksək səviyyədə olduğunu rahatlıqla söyləmək olar.
Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə böyük enerji layihələri icra edir, bu sahədə daha dərin əməkdaşlığı nəzərdə tutan yeni layihələrə start verilib. Avropa İttifaqının Çinlə ticarət əlaqələrində ciddi çatlar meydana çıxmaqdadır. Artıq rəsmi Brüssel Çindən elektromobil idxalında dövlət subsidiyalarının roluna dair araşdırmaya başlayıb ki, bu, Pekində çox sərt reaksiyaya səbəb olub. Tərəflər həmçinin yüksək texnologiyaların inkişafı üçün zəruri olan Avropa avadanlıqlarının Çinə ixracı, Çindən isə nadir metalların Avropaya ixracı ilə bağlı məhdudiyyətlərə gediblər. Belə bir şəraitdə ŞƏT-ə üzv olmaq Azərbaycanın icrasına başladığı enerji layihələri üçün əlavə maneələrin yaranmasına gətirib çıxara bilər.(musavat)
Dünya SAKİT