SİYASİ PARTİYALAR ÜÇÜN SON ŞANS – Dövlət hansı partiyalara “yaşıl işıq” yandıracaq?
Məlum olduğu kimi, ölkə başçısının 11 yanvar 2023-cü il tarixli fərmanı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin tətbiqinə başlanılıb. Sözügedən qanun layihəsi siyasi partiyaların mövcudluğu ilə bağlı özündə bir sıra müddəaları əks etdirir. Yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının beş min nəfərə qədər artırıldığı, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağa qoyulması kimi müddəalar var. Sözügedən qanun layihəsində siyasi partiyalar üçün sözün əsl mənasında baş ağrısına çevrilən, onların gələcək taleyini şübhə altına alan əsas məsələ isə üzvlərin sayı ilə bağlıdır.
Yenixeber.org: Qeyd olunduğu kimi, partiyalar dövlət orqanının reyestrində qeydiyyata düşmək və əvvəlki fəaliyyətini davam etdirmək üçün Ədliyyə Nazirliyinə ən azı beş min üzvü ilə bağlı məlumat təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Sənəddə həmçinin deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz. Qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmədiyi göstərilib.
Qeyd edək ki, mövcud qərardan əvvəl Mərkəzi Seçki Komissiyasının rəsmi saytında Azərbaycanda 61 siyasi partiyanın fəaliyyət göstərdiyi bildirilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra isə artıq onlardan 34-ü fəaliyyətini dayandırdığını elan edib. Bu partiyalar arasında sabiq deputat Xanhüseyn Kazımlının təsis etdiyi Azərbaycan Sosial Rifah Partiyası, 1995-ci ildən fəaliyyət göstərən Azərbaycan Təkamül Partiyası, 2002-ci ildə qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyası, 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası kimi, tanınmış partiyalar da var.
Müvafiq qaydalara əsasən, partiyalar qanun qəbul edildiyi gündən 180 gün ərzində ən azı beş min üzvü barədə Ədliyyə Nazirliyinə məlumat təqdim etməli idi. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. 12 iyul taixində mürciətlər yekunlaşıb və avqustun 12-nə qədər olan 1 aylıq müddətdə Ədliyyə Nazilriyi partiyaların qeydiyyata alınıb-alınmaması ilə bağlı apardığı yoxlamaların nəticələrini açıqlamağa başlayıb. Bu yoxlamalar zamanı partiyaların əksəriyyətində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün onlara əlavə olaraq 30 gün vaxt verilib.
Qeydiyyatla bağlı müraciət edən 27 partiyanın 18-də qüsurlar aşkarlandığı bildirilir. Həmin partiyalar bunlardır:
1. Respublikaçı Alternativ (REAL)
2. Müsavat
3. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
4. Ağ Partiya
5. Azərbaycan Demokrat Partiyası (ADP)
6. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
7. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
8. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
9. Milli Cəbhə Partiyası (MCP)
10. Gələcək Azərbaycan Partiyası (GAP)
11. Ümid Partiyası
12. Azadlıq Partiyası
13. Ədalət Partiyası
14. Azərbaycan Xalq Partiyası (AXP)
15. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
16. Azad Vətən Partiyası
17. Milli Dirçəliş Partiyası (MDHP)
18. Böyük Qurtuluş Partiyası (BQP)
Qeyd edək ki, ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasıdır.
Mövzunun aktuallığını nəzərə alaraq, qeydiyyata alınmayan partiyalarla əlaqə saxlayıb və mövcud vəziyyətlə bağlı onların fikirlərini öyrənməyə çalışmışıq.
Vətəndaş Həmrəyli Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, onların Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda təxminən 9300 nəfərin adı olub: “Bu siyahıda bəzilərinin başqa partiyalarda adı çıxıb, könüllü gedənlər, vəfat edənlər olub. Həmçinin 5-6 ailə üzvünün eyni əlaqə vasitəsi qeyd etdiyi ortaya çıxıb. Halbuki, qanunda əlaqə vasitəsi ilə bağlı hər hansı bir tələb yox idi. Bu sadalanan nöqsanlara görə, həmin siyahı bizə geri qaytarıldı. Biz bu müddət ərzində araşdırma apardıq və ötən gün dəqiqləşdirilmiş yeni siyahını yenidən Ədliyyə Nazirliyinə təqdim etdik. Növbəti dəfə rədd cavabı verilərsə, məhkəməyə müraciət etmək kimi, bir məsələ gündəmdə deyil. Güman edirəm ki, bu dəfə heç bir problem çıxmayacaq”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, bir aylıq müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacaqlar: “Mümkün olan hər şeyi edib, yenidən mürciət edəcəyik. Partiyanı ləğv edib-etməyəcəklər bu artıq başqa bir mövzudur. Bu məsələ qanunda partiyaların yenidən qeydiyyatı məsələsi kimi qoyulmayıb. Əgər qanunun tələblərinə cavab verməsək, Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək, partiyanın ləğvi ilə bağlı məsələ qaldıracaq. Doğrusu, çətin situasiyadır. Amma məmin fikrimcə, biz çətinlikləri aradan qaldıraraq, qeydiyyata alınacağıq”.
Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, partiya 8408 nəfərlik siyahı təqdim edib: “Yoxlama zamanı 4000-ə yaxın imzada müəyyən problemlər olub. Onun 3012-si sadə texniki düzəlişlərdir. Min nəfərin siyahısı isə müxtəlif problemlərlə bağlıdır, başqa partiya üzvü olan və yaxud partiya üzvlüyünü təsdiq etməyən insanlardır. Bizim partiyanın siyahısında 4020 nəfərin partia üzvlüyü təsdiq olunub. Üç min nəfərlə bağlı isə texniki düzəliş edildikdən sonra Ədliyyə Nazirliyinə təqdim ediləcək. Ümid edirəm ki, obyektiv yanaşıb qeydə alacaqlar”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, qeydiyyatla bağlı Ədliyyə Nazirliyinin göstərdiyi qüsurları bir ay müddətinə aradan qaldıraraq yenidən müraciət etməyi düşünürlər.
S. Cəlaloğlu Ədliyyə Nazirliyindən qeyri-qanuni şəkildə “imtina” cavabı alacaqları təqdirdə məhkəməyə müraciət edəcəklərini deyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə Ədliyyə Nazirliyinin Müsavata 30 gün vaxt verdiyi ilə bağlı məlumat yayıb: “Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik. Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.
REAL partiyasının İdarə heyyətinin üzvü Natiq Cəfərli bildirib ki, REAL parlamentdə “Siyasi partiyalar haqqında” Qanunun qəbulunun üç dəfə əleyhinə səs verən yeganə partiyadır: “Bu qanunun reallığı əks etdirmədiyi, siyasət fəlsəfəsinə uyğun gəlmədiyinə dair dəfələrlə publik çıxışlarımız olub. İndi də eyni fikirdəyik. Amma qanun artıq qəbul olunub. Ona görə də qanunun tələblərini yerinə yetirmyə məcburuq. İmtina cavabı aldıqdan sonra partiya tərkibində böyük bir komissiya yaratdıq. Gənclər Birliyinin üzvləri və partiya fəalları aktiv şəkildə bu prosesə qoşuldular. Düşünürəm ki, yaxın bir həftə ərzində işlər yekunlaşacaq. Siyahını bir daha diqqətlə yoxlayaraq Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu təqdimatdan sonra hansısa problemin yaşanacağını düşünmürəm. Çünki bizə olan iradların hamısını nəzərə almışıq. Həmçinin biz də Ədliyyə Nazirliyinə onların bəzi iradlarının qanunvericiliyə uyğun gəlmədiyinə dair rəsmi məktub göndərmişik”.
N. Cəfərli də qeydiyyatla bağlı bir problem baş verəcəyi təqdirdə bütün hüquqi vasitələrdən istifadə edəcəklərini deyib.(azpolitika)
Elvin Bəyməmmədli