Sabiq xarici işlər nazirinə görə, Rusiya sülhməramlı missiyasını Türk Dövlətləri Təşkilatının üzvlərindən ibarət polis missiyası əvəz edə bilər-reaksiyalar
Erməni separatçılarının lideri və Azərbaycanda hərbi cinayətkar elan edilən Araik Arutyunyanın yerli televiziyada kəskin anti-Azərbaycan nitqi Bakıda reaksiya doğurub.
Yenixeber.org: Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun bu mənada reaksiyası daha çox diqqət çəkib. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və İran Azərbaycana qarşı fəaliyyət göstərən amillərdir, çünki onlar münaqişəni regional idarəetmə vasitəsi kimi əbədiləşdirməyə çalışırlar.
“Azərbaycan Ermənistanın münaqişəni davam etdirmək istəyinə cavab olaraq ”güzgü əks etdirmə" strategiyasını tətbiq edir. Bakı “Qərbi Zəngəzur və Göyçə mahalı”, eləcə də “Qərbi Azərbaycan İcmaları” kimi məsələləri qaldırır və 1975-ci il xətti ilə müəyyən edilmiş sərhədləri tanımaqdan imtina etdiyini bildirir. Azərbaycan iddia edir ki, o, 1920-ci ilin payızına qədər qurulmuş xətt üzərində israr edəcək və siyasi və müdafiə üstünlüyünü nəzərə alaraq münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və onun hüdudlarından kənara genişləndirməyə hazırdır. Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiya prosesinin xarici müdaxilə olmadan öhdəsindən gəlmək niyyətindədir", - deyə sabiq nazir bildirib. Əgər Rusiya bu prosesə qarşı çıxsa, Tofiq Zülfüqarova görə, Rusiya sülhməramlı missiyasını 2025-ci ilə qədər Türk Dövlətləri Təşkilatının üzvlərindən ibarət polis missiyası ilə əvəz etmək planı hazırlana bilər.
Tofiq Zülfüqarov
Qeyd edək ki, türkdilli dövlətlərin ayrıca hərbi birliyinin- “Türk NATO-su”nun yaradılması ideyası vaxtaşırı gündəmə gətirilir. Bildirilir ki, türk ölkələrinin siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, hərbi təhlükələrə qarşı bir təşkilat altında birləşməsi artıq dövrün tələbinə çevrilir.
Məlumat üçün bildirək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan dövlətlərdən biri - Türkiyə NATO-da, Qazaxıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Bununla belə, türkdilli dövlətləri qarşılıqlı anlaşma, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması fonunda NATO kimi hərbi birlik və ya polis birlikləri yarada bilərmi?
Mövzu ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi atteşesi, briqada generalı Yücel Karauz bizə danışıb:
“Türk Dövlətləri Təşkilatının ”yol xəritəsi" 2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış sazişi ilə ortaya çıxmışdı. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə ölkələr arasındakı münasibətlərin strateji müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəldilməsinə, digər Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin meydana gələn 30 illik təcrübələr, gəlişmələr və dünyanın gələcəkdəki alacağı şəkil çərçivəsində yenidən düşünmə, dəyərləndirmə, bu qardaşlıq təməlindəki iş birliyinə yeni bir ad qoymağa yönəlmişdir. Bu məqsədlə də 2021-ci il oktyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Bu görüşün önəmi həm də ondan ibarət idi ki, Türkmənistan və Macarıstan da müşahidəçi qismində qoşulmuşdu və sonda 121 maddəlik bəyannamə imzalanmışdı. Bu bəyannamə 5 əsas ana başlığı əhatə edir: siyasi mövzular; xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq; iqtisadi və sektorlar üzrə əməkdaşlıq; beynəlxalq əməkdaşlıq; Türk dünyasında institusional əməkdaşlıq və təşkilati məsələlər. Təkcə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq, iqtisadi və sektorlar üzrə əməkdaşlıq 21 maddədən ibarətdir. Bu say Türk Dövlətləri Təşkilatının 2009-cu ildən etibarən nə qədər ciddi işləri həyata keçirdiyinin göstəricisidir.
Əlbəttə ki, Türk Dövlətləri Təşkilatı iqtisadi, siyasi, mədəni sahədə əməkdaşlığı təhlükəsizlik sektoruna da daşımaq məcburiyyətindədir. Çünki 3-4 il, bəlkə də daha tez bir zamanda dünyada yeni münaqişələr, üçüncü dünya savaşı baş verə bilər. Məsələn, dünya Orta Asiyada, Afrikada, Çin-Tayvan, Əfqanıstan bölgəsində birdən çox savaşla üz-üzə qala bilər. Bu səbəbdən Türk Dövlətləri Təşkilatı təhlükəsizlik məsələsini hazırlıq hala gətirməli, meydana gələ biləcək gəlişmələrə qarşı öncəliklə sülh məqsədli birliklər yaratmalı, yetişdirməli və ondan istifadə etməlidir. Buna hazır olmadığımız təqdirdə çox gec ola bilir. Xatırladım ki, Türk Dövlətləri Təşkilatının bölgəsi ilə bağlı 3 təhlükəsizlik problemi mövcuddur. Bunlar Qarabağ, Kipr, Əfqanıstan problemidir. Təbii ki, hazırda bu üç problem arasında Qarabağ problemi birincidir.
Təbii ki, Türk Dövlətləri Təşkilatı 2 il sonra missiyası sona yetəcək Rusiya sülhməramlılarının yerinə tərəfsiz bir şəkildə fəaliyyət göstərə bilir. Amma şəxsi dəyərləndirməm bundan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının Qafqazlarda meydana gələ biləcək münaqişələri önləmək üçün sülh gücündən istifadə etməsinə nə Rusiya, nə Avropa, Amerika imkan verməyəcək. Çünki türk dünyasının artan gücü, artan iqtisadi-siyasi, mədəni əməkdaşlığı hər tərəfi, hətta Hindistanı və Çini belə rahatsız etməkdədir. Beləliklə, bu, çox məşəqqətli və çətin yoldur, amma olmazsa olmazdır.
Bu baxımdan bir daha qeyd edirəm ki, həmin günə indidən hazırlaşmaq lazımdır. Dəyişən dünyada atəşin harada və necə alacağı bilinməyən bir zamanda Türk Dövlətləri Təşkilatı öncə özü və yaxın çevrəsi ilə bağlı fəaliyyət göstərəcək əsgər birlikləri NATO və yaxud bu kimi təşkilat yaratmalıdır. Türk Dövlətləri Təşkilatının ortaq sülh gücü yaratması həm bu bölgə, eyni zamanda ölkələr, dünya üçün də çox önəmli məsələdir".
Hərbi analitik Alp Arslan İmamqulu mövzuya bu cür rəy bildirdi: “Hazırda yeni yüz ilin başlanğıcındayıq. Deyərdim ki, bu başlanğıc türk əsiri adlandırılacaq. Azərbaycan və Türkiyə arasındakı münasibətlər, Şuşa Bəyannaməsi, Türk Dövlətləri Təşkilatı və ona üzv dövlətlərin bir araya gələ bilməsi, bütün bunlar gələcəkdə mütləq Turan ordusunun qurulmasına istiqamətlənən addımlardır. Bu, artıq bir zərurətdir.
Son 300 ildə baş verən hadisələr onu göstərdi ki, təkbaşına bir dövlət olaraq fərdi qaydada düşmənlər qarşısında nəticə əldə etmək qeyri-mümkünə bərabərdir. Bununla bağlı bir çox nümunələr var. Türk dünyasının Osmanlı və Səfəvi kimi dövlətlərin tarixdən silindikdən sonra Qərbin atdığı addımların çox dəqiqliklə izləmək və bir çox hallarda nümunə götürmək lazımdır. Qərbin ortaya gətirdiyi NATO, bundan başqa, Avropa Birliyi, Avropa İttifaqı çox gözəl nümunələrdir və biz də gələcəkdə təkcə hərbi deyil, həm də iqtisadi olaraq, sanki aradan heç bir sərhəd yoxmuş kimi ortaq akademiyalar, universitetlər, hərbi müəssisələr, istehsalat müəssisələri yaratmaq, ən önəmlisi, ortaq ordunun qurulması artıq bir zərurətdir.
Vaxtaşırı olaraq Azərbaycan və Türkiyə arasında ortaq təlimlərin keçirilməsi və eyni zamanda Azərbaycan və Özbəkistan, Qazaxıstan arasında atılmış addımlar onu deməyə əsas verir ki, gələcəkdə NATO kimi təşkilatın qurulmasına çox az bir zaman qalıb. Bu gün bu təşkilatın qurulması üçün Türkiyənin və yaxud digər qardaş türk dövlətlərin hansısa təşkilata üzv olması heç bir əngəl yaratmır.
Artıq bunun zamanıdır, əks halda gec qalmış olarıq".(musavat)
Xalidə GƏRAY