"FETÖ xəyanətinə layiqli cavab verildi"-Cahid Bağçı
Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində anım tədbiri keçirilib.
Yenixeber.org: Anım tədbirində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib ki, 15 iyul çevrilişə cəhd Türkiyədə müxtəlif illərdə baş verən çevrilişlərin ən önəmli halqalarından biridir.
"Türkiyə müxtəlif illərdə ağrılı çevrilişlərlə üzləşib, ölkənin Baş nazirinin edamı belə olub".
O deyib ki, sonuncu çevrilişlərin əsas məqsədi dövləti, onun bütün imkanlarını ələ keçirmək idi.
Cahit Bağçı əlavə edib ki, Türkiyə bu çevriliş cəhdini qlobal oyunçuya çevrilən ölkəyə qarşı bir əməliyyat kimi anlayır.
"Bu, toplumun bütün səviyyələrinə sızmış bir şəbəkə idi. Ancaq FETÖ xəyanətinə layiqli cavab verildi. Türkiyə toplumu bu şanlı dirənişi göstərdi".
Səfir deyib ki, 15 iyulda Anadolunun müxtəlif yerlərində Türkiyə bayraqları ilə yanaşı Azərbaycan bayraqları da vardı, "eynilə Qarabağ azad olunanda hər yerdə Türkiyə bayraqları olduğu kimi".
Bağçı deyib ki, bu ağır zamanda iki ölkə həmrəylik, qardaşlıq nümayiş etdirdi.
"Millet öz ölkəsinə, liderinə sahib çıxaraq bu xəyanətin öhdəsindən gəldi".
Səfir əlavə edib ki, qlobal səviyyədə bu xəyanət şəbəkəsinin aktiv olduğu ilə bağlı sübutlar var.
"Bu şəbəkə indi də malik olduğu fondları, maliyyələri Türkiyəyə qarşı olan lobbilərin maliyyələşdirilməsində istifadə edir".
Səfir Cahit Bağçı əlavə edib ki, xainlər türk polisinin buna cavab verəcəyini bilirdi ona görə də polis qərargahlarına hücumlar edilmişdi. "İlk andan etibarən çevrilişə qarşı olduğunu bəyan edən parlamentimiz hədəf alınmış, hava hücumlarına məruz qalmışdı.
Millətin iradəsini təmsil edən parlamentə və əmniyyət təşkilatlarına qarşı hücumlar oldu, çünki xainlər bu qurumların millətin iradəsini dəstəklədiyini bilirdi".
Səfir Bağçı qeyd edib ki, çevrilişdə öldürülən vətən xainlərini millət öz məzarlıqlarına belə qəbul etməyib.
"Biz bu xain əməliyyatı Türkiyəyə qarşı qlobal əməliyyatın bir maşası kimi anlayırıq.
Türkiyə bunlara qarşı mücadiləsini davam etdirəcək. O gecə canlarından keçən 251 şəhidimizi hər zaman anacağıq. Nə bu xəyanəti, nə də bu xəyanətə cavab verən şəhidlərimizi unutmayacağıq, unutdurmayacağıq. 15 İyul ruhunu yaşatmağı davam etdirəcəyik".
"Bu gün Türkiyə sözü dinlənən, dediyi söz, bəyanat səbirsizliklə gözlənən bir ölkədir.
Türkiyə və Azərbaycan hər platformada biri birini dəstəkləyir və dəstəkləməyə davam edəcək. Birinin olduğu, digərinin olmadığı platformalarda Azərbaycan və Türkiyə haqlı davalarında bir-birinin səsi olmağa davam edəcək".
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır çıxış edib. O, FETÖ şəbəkəsi, onun fəaliyyətinin nəticələri barədə təqdimat edib.
O deyib ki, bu gün FETÖ-çülər həm ABŞ-da, həm də Almaniyada daha çox məskunlaşıblar və onlar erməni lobbiləri ilə əməkdaşlıq edirlər.
"170 ölkədə FETÖ-nÜn fəaliyyətləri var", o deyib.