Separatçılara son şans verilib, dəyərləndirməsələr məhv ediləcəklər
Postmüharibə dövründə Azərbaycanın sülhə doğru bütün təşəbbüslərinə rəğmən Ermənistan ancaq aqressiya, pozuculuq nümayiş etdirib. Hər dəfə sülh danışıqları ərəfəsində və ya ondan dərhal sonra ermənilər sərhəddə, Qarabağda təxribatlar törədirlər. Ötən həftə Moskva görüşündən sonra da eyni hal yaşandı. Mayın 31-i və iyunun 1-də Kişinyovda baş tutacaq müzakirələr ərəfəsində də bunun şahidi oluruq.
Yenixeber.org: Belə ki, mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib. Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, mayın 30-u saat 11:55-dən saat 16:25-dək ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Əslində Prezident İlham Əliyev mayın 28-də Laçında səfərdə olarkən Ermənistana, Qarabağ ermənilərinə sülhdən, dinc yaşamaq qərarı verməkdən başqa çıxış yolları olmadığını konkret olaraq dedi.
Lakin görünən budur ki, ermənilər ya xəstə təfəkkürdən qurtula bilmədikləri, ya da xarici təsir dairələrinin sövqetməsi nəticəsində təxribatçılıq ənənələrindən, pozuculuqdan əl çəkmək istəmirlər.
Bəs belə durumda Azərbaycan nə etsin? Onlara necə dərs verək?
Anar Əliyev
Politoloq Anar Əliyev bildirdi ki, Azərbaycan Prezidenti növbəti dəfə humanist mövqeyindən çıxış edərək separatçı ermənilərə xəbərdarlıq mesajımızı çatdırıb: “Beynəlxalq hüquqda da əksini tapan postmünaqişə amilindən istifadə edib Azərbaycan tərəfinin tətbiq edəcəyi amnistiyadan istifadə imkanlarının olduğu barədə Prezident İlham Əliyev bir çağırış etdi. Bu, əslində Azərbaycan dövlətinin, onun liderinin humanist mövqeyini ifadə eləyir. Bir neçə gündür Ermənistan sosial mediasında, eyni zamanda Qarabağdakı separatçılar arasında da çox ciddi şəkildə fikir ayrılığının yaranmasına səbəb olub Azərbaycan Prezidentinin bu açıqlaması. Çünki Prezident İlham Əliyev bu günə qədər hansı fikri ifadə edibsə, o fikir qısa müddətdən sonra icra edilib. Bunu qarşı tərəf də çox gözəl bilir. Biz bir neçə gündür sosial şəbəkələrin erməni seqmentində bu yanaşmanı müşahidə etməkdəyik. Erməni istifadəçilər Azərbaycan Prezidentinin bu çıxışını açıq şəkildə Azərbaycanın növbəti addımlarının anonsu kimi qiymətləndirib. Açıq şəkildə bildirirlər ki, həm Ermənistan, həm də Qarabağdakı separatçı qüvvələr İlham Əliyevin bu təklifindən, yaratdığı bu şansdan istifadə etməyəcəksə, Azərbaycanın beynəlxalq hüququn, eyni zamanda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq daha sərt davranışlar həyata keçirməsini görəcəklər. Və ermənilər bəyan edir ki, bundan sonra hər hansı bir danışıqlar aparmaq, xilas yolu mümkün olmayacaq.
Lakin həm Ermənistandakı revanşist qüvvələr, həm Qarabağdakı separatçılar və onların havadarı tərəfindən Azərbaycanla əlaqələrin, ünsiyyətin qurulmasına heç bir halda imkan verilməməsi ilə bağlı sifarişlər gəlib. Məhz onların sifarişləri əsasında Qarabağdakı əlaltıları yenidən aktivləşərək sadə insanların Azərbaycanın müvafiq qurumları ilə əlaqələr qurmaq düşüncələrini dağıtmağa çalışırlar. Son günlər atəşkəs pozma hallarının çoxalması bununla əlaqədardır".
Politoloq qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində Prezident İlham Əliyevin mayın 28-də irəli sürdüyü təklifə adekvat reaksiya görməyəcəksə, beynəlxalq hüquqla Azərbaycana tanınan imkanlardan, hüquqlardan istifadə edib sərhədlərimiz daxilindəki qanunsuz silahlı dəstələrin, qanunsuz silahlı qüvvələrin, terrorçuların zərərsizləşdirilməsi istiqamətində addımlar atacaq: “Azərbaycanın sərhədləri daxilində Azərbaycan dövlətinin yurisdiksiyasına aid olan bütün ərazilərində istənilən addımı atmaq Azərbaycan Respublikasının müvafiq qurumlarının müstəsna hüququdur. Eyni zamanda beynəlxalq hüquq həm də sülhə məcburetmə prosesini dövlətlər üçün tanıyır. Bu hüquq dövlətin təhlükəsizliyinə, suveren hüquqlarına təhdid yaradan hər hansı bir amilin aradan qaldırılması imkanlarını dövlət üçün məqbul hesab edir. İndiki halda Azərbaycanın sərhədləri daxilində, hətta Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Qarabağ bölgəsində Azərbaycan dövlətinə aid olmayan istənilən silahlı birləşmə və silahlı şəxs Azərbaycanın müvafiq güc strukturlarının legitim hədəfi halına gəlib. Beynəlxalq hüquq həmin qanunsuz silahlıları fiziki məhv etməni özündə əks etdirir. Azərbaycan məhz bu hüquqlardan çıxış edərək Qarabağda qısamüddətli antiterror əməliyyatları həyata keçirə bilər”.
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov isə bildirdi ki, mayın 28-dən sonra Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki ermənilərin atəşkəsi intensiv pozması Kişinyov görüşü ərəfəsi keçirilən görüşlərdə əldə edilmiş müəyyən razılaşmaları pozmaq məqsədi daşıyır. Ermənistandakı revanşist qüvvələr, ordu daxilində onlara bağlı olan yüksək vəzifəli hərbçilər, eləcə də Qarabağdakı separatçı ermənilər, onlara dəstək verən kənar qüvvələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin qarşısını almaq, həmçinin separatçıların mövcudluğunu saxlamaq üçün aranı qatmağa, gərginliyi artırmağa cəhdlər edirlər: “Onlar görürlər ki, Azərbaycan Qarabağda suverenliyini bərpa edəcək. İndi onların gərginliyi artırmaq istiqamətində addımları son çırpıntıları kimi də qiymətləndirilə bilər. Separatçıların və onlara dəstək verənlərin əlində artıq başqa rıçaqlar qalmır. Azərbaycan Prezidentinin mayın 28-də Laçında verdiyi amnistiya mesajı və amnistiya üçün irəli sürdüyü şərtlər onu göstərir ki, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla müəyyən danışıqlar da aparıb. Bunun təsdiqi olaraq da bu gün ABŞ Dövlət Departamenti xüsusi bəyanatla çıxış edərək Azərbaycan Prezidentinin amnistiya mesajını alqışlayıb. Yəni artıq separatçı ermənilərin və Ermənistandakı revanşist qüvvələrin bütün cəhdlərinə baxmayaraq Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi qarşısıalınmaz prosesə çevrilib. Sizin sualınızın cavabı əslində Prezident İlham Əliyevin Laçında verdiyi açıqlamalarda yer alır. Yəni artıq elə bir proses gedir ki, bu proses separatçılarla məsələnin həllinə də gətirəcək. Eyni zamanda Prezidentin dediyi kimi, istənilən an Azərbaycanın imkanları var ki, həmin ərazidə əməliyyat həyata keçirib separatçı quldur tör-töküntülərinin varlığına son qoysun. Sadəcə, bu gün Azərbaycan bu yolu deyil, yuxarıda qeyd etdiyimiz yolu-prosesi əsas götürüb, məsələni sülh yolu ilə həll etmək istəyir. Hərbi müstəviyə keçməyə bu gün ehtiyac yoxdur”. Qeyd edək ki, ABŞ Azərbaycan Prezidentinin Laçından verdiyi bəyanatı alqışlayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin mayın 30-da yayımladığı bəyanatda bildirilir: “Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”.
Departamentin rəsmi saytında dərc olunan bəyanatda həmçinin vurğulanır: “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər; konstruktiv dialoq - həm ictimai, həm də özəl - sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
İlk baxışdan rutin bəyanat kimi görünən bu sözlərin altında ciddi məqamlar dayanır. Bəyanatda xüsusilə “Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamaları”nın alqışlanması ABŞ-ın Azərbaycana Qarabağ məsələsində ciddi dəstək verdiyini göstərir. Həmçinin əslində bu bəyanatla ABŞ dolayısı ilə olsa da Ermənistanı aqressivlikdən çəkinməyə çağırır.
Prezident İlham Əliyev mayın 28-də Laçında olarkən Qarabağdakı qondarma erməni “dövlətinin” “rəsmiləri” barədə amnistiya verilə biləcəyini dilə gətirmiş, amma bunun üçün çox mühüm şərtlər də irəli sürmüşdü: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ - red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".
Göründüyü kimi, ABŞ Dövlət Departamenti İlham Əliyevin amnistiya təşəbbüsü ilə bərabər, faktiki olaraq qondarma “DQR”in ləğvi və rəsmilərinin vəzifədən uzaqlaşdırılması fikrini də alqışlayır.(musavat.com)
Etibar SEYİDAĞA