Ərdoğanın Azərbaycanla bağlı böyük planları var -AKP-dən açıqlama
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin yeni yol xəritəsini çəkəcək.
Yenixeber.org: Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən Şamil Ayrım bildirib.
Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrindən söz açan AKP deputatı Ərdoğanı ilk təbrik edən liderin məhz Azərbaycan Prezidenti İlham Əliyev olduğunu deyib. O, Türkiyənin Azərbaycanla bağlı müsbət planlarının olduğunu söyləyib:
“Türk xalqının seçimi Rəcəb Tayyib Ərdoğan oldu. Ölkəmizə, Azərbaycana, Türk dünyasına və bütün məzlum coğrafiyaya xeyirli-uğurlu olsun. İki lider arasındakı həmrəylik, dialoq, sevgi iki topluma da təzahür edib. İnşallah, hər iki lider əlaqələrin daha da inkişafı üçün lazımlı yol xəritəsini çəkəcəklər. Burada Azərbaycan və Türkiyə arasındakı əlaqələrdə vaxtında doğru işləri həyata keçirmək vacibdir. 44 günlük Vətən müharibəsindən sonra liderlərimiz söyləmişdilər ki, “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücü olacaq”. Savaşda istifadə olunan PUA-ların fabriki ilk olaraq Azərbaycanda açılacaq. Münasibətlərimiz bundan sonra da yüksək səviyyədə inkişaf edəcək”.
Şamil Ayrımın sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri Türk dünyasının inkişafına təkan verəcək:
“ABŞ, bizə qarşı olan dünya dövlətləri və mətbuat orqanları dünən axşamdan yenidən pozitiv mesaj verməyə çalışdılar. Türkiyə ilə birlikdə olmağın mesajını çatdırdılar. ABŞ prezidenti Co Bayden prezidentimizi qələbəyə görə təbrik etdi. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Türkiyədə yeni dönəm başlayır. Bu dönəmin ulduzu Türkiyə və Azərbaycan olacaq. İki ölkə arasında sağlam təməllər üzərində qurulan qardaşlıq əlaqələrini irəliyə aparacağıq, gənclərimizin, iş adamlarının önünü açacacağıq, rifah səviyyəsini yüksəldəcəyik, universitetlərarası iş birlikləri, beynəlxalq arenada Azərbaycan-Türkiyə həmrəyliyi bu dəfə daha fərqli formada təzahür edəcək. Parlamentlərarası əlaqələrimiz çox daha yüksək səviyyədə olacaq. Prezidentimizin ilk rəsmi səfəri can Azərbaycana olacaq. Ölkəmiz və can Azərbaycan üçün xeyirli olsun”.
Qeyd edək ki, ötən gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib. İki əzəli rəqibin yarışdığı seçkini “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan qazanıb. Onu ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.