“Bay Kamal”ın puç olan xəyalları –Dünya mediası nə yazır…
Ötən gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib. İki əzəli rəqibin yarışdığı seçkinin qalibi “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan olub.
Yenixeber.org: Türkiyə seçkiləri dünyanın gündəm mövzusuna çevrilib, aparıcı media qurumları Ərdoğanın qələbəsinə geniş yer ayırıb, Kılıçdaroğlunun məğlubiyyəti barədə fərqli şərhlər verilib.
Britaniya mətbuatı "Ərdoğan bir daha sübut etdi ki, onunla rəqabət aparmaq asan deyil" və digər başlıqlar altında xəbərlər tirajlayıb.
BBC telekanalı İstanbul və Ankarada vətəndaşların Ərdoğanın qələbəsini Prezident iqamətgahında və küçələrdə qeyd etməsi ilə bağlı süjet yayımlayıb.
Sky News isə dünya liderlərinin Ərdoğana qələbə təbriklərini geniş izləyici auditoriyasına çatdırıb.
"The Guardian" qəzetinin xəbərində Ərdoğanın böyük şəhərlərdə birinci olmamasına baxmayaraq, qələbə qazandığı vurğulanıb.
"Türkiyənin böyük şəhərlərini itirmək Ərdoğan üçün geriləmə yaratmadı",- deyə yazılıb.
Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunu ABŞ mətbuatı da yaxından izləyib. ABŞ-ın aparıcı media qurumlarının manşet xəbərləri Ərdoğanın qələbəsinə həsr olunub.
Türkiyədəki qələbə coşqusunu işıqlandıran CNN prezident Ərdoğanın "balkon çıxışı"na xüsusilə diqqət çəkib.
CNN başda ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak olmaqla dünya liderlərinin təbrik mesajlarına yer ayırıb.
"New York Times" qəzetində "Prezident Ərdoğan ən böyük sınaqdan sonra yenidən seçkiləri qazandı" başlıqlı xəbər dərc olunub.
"Ölkənin seçki orqanının məlumatına görə, Türkiyənin 20 ilinin ən mühüm siyasətçisi olan prezident Rəcəb Tayyib Ərdoğan müxalifət namizədi Kamal Kılıçdaroğlunu məğlub etdi", - xəbərdə deyilir.
Wall Street Journal (WSJ) internet saytında Ərdoğanın qələbəsi "millətin ən uzun müddət hakimiyyətdə olan lideri ikinci turda əsas rəqibini məğlub etdi", - deyə şərh edilib.
“Washington Post” qəzetinin təhlil yazısında qeyd olunub ki, Ərdoğan birləşmiş müxalifətin dəstəklədiyi namizədin sınağından çıxa bilib.
"Politico" nəşri “Türkiyənin Ərdoğanı yenidən qalib gəldi” başlıqlı xəbəri oxucularına təqdim edib.
“Ərdoğan daha beş illik müddətə başlayıb. O, 85 milyonluq güclü ölkədə demokratiyanın gələcək istiqamətini yönləndirməklə yanaşı, dünya siyasətinin formalaşmasında da təsirli mövqedədir” - xəbərdə bildirilir.
Bundan əlavə, Qara Dəniz Taxıl Təşəbbüsündə Ərdoğanın xüsusi rol oynadığı diqqətə çatdırılıb: "Moskvanın Ukraynaya təcavüzündən sonra NATO liderləri arasında Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibəti olan yeganə liderdir".
"Xarici siyasətdə Ərdoğanın daha beş ili Türkiyənin Şərq-Qərb güc mübarizəsində ticarətdən tutmuş Ukraynadakı müharibəyə qədər hər şeydə müstəqilliyini qorumağa davam edəcəyinin şahidi olacaq", - "Bloomberg" seçkilərin nəticələri haqda yazıb.
Almaniyanın ictimai yayımçıları ARD və ZDF-nin əsas xəbərlərində ilkin informasiya kimi Türkiyədəki seçkinin nəticələri verilib. ZDF-nin xəbərində prezident Ərdoğanın seçkidə qalib gəldiyi bəyan edilib.
ARD-nin müxbiri Prezident iqamətgahından canlı əlaqə yaradıb və Ərdoğanın "balkon çıxışı" edəcəyini bildirib.
“Frankfurter Allgemeine Zeitung” qəzetinin “Ərdoğan: məzara qədər birlikdə olacağıq” başlıqlı xəbərində prezident Ərdoğanın ikinci tur seçkilərdə qalib gəldiyi, müxalifətin kritik sınaq qarşısında olduğu bildirilib.
"Frankfurter Rundschau" qəzetində "Türkiyədə seçkilərin ikinci turu. Ərdoğan bayram edir, Kılıçdaroğlu məğlubiyyəti qəbul edir" başlıqlı xəbər yer alıb.
Şpigelin “Əbədi Ərdoğan" başlıqlı xəbərində Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində növbəti dəfə qalib gəldiyi bildirilib və buna necə nail olduğu təhlil edilib.
Fransa mətbuatı da Ərdoğanın prezident seçkilərinin ikinci turunda qazandığı qələbəyə geniş yer ayırıb.
"France 24" telekanalı ötən gün ikinci turla bağlı xüsusi veriliş hazırlayıb.
"Le Monde" qəzeti Ərdoğanın Kamal Kılıçdaroğlu üzərində qələbəsindən sonra yenidən prezident seçildiyini yazıb.
Fransanın BFMTV kanalının xəbərində 20 ildir hakimiyyətdə olan Ərdoğanın seçkilərin ikinci turunda yenidən prezident seçildiyi və daha 5 il Türkiyəni idarə edəcəyi qeyd olunub.
İtaliyanın “Corriere della Sera” qəzeti “Türkiyədə Ərdoğan seçkilərin ikinci turunda 52 faiz səs toplayaraq prezidentliyini təsdiqlədi” başlıqlı xəbər hazırlayıb.
"La Repubblica" qəzeti isə "Türkiyədə seçkilər: Ərdoğan qalib gəldi. Müxalifətin xəyalları puç oldu" başlıqlı xəbərdə seçkinin nəticələrini oxucularına çatdırıb.
“La Stampa” qəzeti Ərdoğanın 2028-ci ilə qədər hakimiyyətdə qalacağını və küçələrdə bayramların keçirildiyini bildirib.
İspaniyanın “La Vanguardia” qəzeti seçki xəbərini “Ərdoğan daha 5 il hakimiyyətdə qalacaq” başlığı ilə oxucularına açıqlayıb.
Avstriyanın nüfuzlu qəzetlərindən biri olan “Die Presse”nin manşet xəbərində deyilir: “Türkiyədə keçirilən prezident seçkilərində Ərdoğan qalib gəldi”.
“Kamal Kılıçdaroğlu Ərdoğanın 20 ildən çox sürən hakimiyyətinə son qoya bilmədi” - yazıda qeyd olunub.
Belçikanın yüksək tirajlı fransız və flaman qəzetləri "Le Soir" və "De Morgen" Türkiyədən gələn xəbərləri “Ərdoğan qələbəsini elan etdi” başlığı ilə dərc edib.
İsveçrədə alman dilində dərc olunan “Tagesanzeiger” qəzeti “Ərdoğan qalib gəldi” başlıqlı xəbərində türk xalqının qarşıdakı 5 il üçün prezidentini seçdiyini, Kılıçdaroğlunun isə məğlubiyyəti qəbul etdiyini bildirib.
Rusiya mətbuatı da Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsinə geniş yer verib.
“İzvestiya” qəzeti “Ərdoğan prezident seçkilərində demokratiyanın qalib gəldiyini söylədi” başlığı ilə verdiyi xəbərdə Türkiyə seçkilərinin nəticələri qeyd olunub.
“Vzqlyad” qəzeti isə yazıb ki, “Ərdoğan Türkiyənin əsrini elan etdi”.
"Ərdoğan seçki kampaniyası zamanı Cümhuriyyətin 100-cü ildönümündə, əsrin şüarı altında başçılıq etdiyi ölkənin nailiyyətlərindən danışdı" - xəbərdə deyilir.
“Kommersant” qəzeti “İkinci turda birinci” başlıqlı xəbərdə Türkiyənin prezidentini seçdiyini, Rəcəb Tayyib Ərdoğanın seçkilərin ikinci turunda müxalifətin yeganə namizədi Kamal Kılıçdaroğlunu məğlub etdiyini diqqətə çatdırıb.
“Ölkədə 20 ildir hakimiyyətdə olan cənab Ərdoğanın əleyhdarlarının hakimiyyəti öz əllərinə almaq üçün tarixi şanslarına baxmayaraq, Türkiyə lideri gərgin mübarizədə qalib gələ bilib”, - xəbərdə deyilir.
Qeyd edək ki, Liviya, İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Fələstin, İsrail və başqa ölkələrin nüfuzlu media orqanları da Türkiyə seçkilərinə geniş yer ayırıb, günün əsas hadisəsi kimi silsilə yazılar dərc edilib.