Vaşinqton hər iki lideri silahlı qüvvələrini şərti sərhəddən “simmetrik qaydada” çıxarmağa çağırır, amma Qarabağdakı erməni silahlı dəstələrini görməzdən gəlir
Yenixeber.org: Azərbaycan və Ermənistan arasında sülh anlaşmasına ən böyük maneə sözsüz ki, rəsmi İrəvanın maksimalist istəkləri, Azərbaycanın ərazi bütövlüyünü yazılı şəkildə tanımaqdan israrla imtina eləməsi və əlbəttə ki, öz üzərinə vasitəçi missiyasını götürən xarici oyunçuların kapitulyant ölkəyə təzyiq etməkdən yayınmasıdır.
Bu arada ABŞ Dövlət Departamenti (DD) Azərbaycan və Ermənistan liderlərini öz silahlı qüvvələrini şərti sərhəddən “simmetrik qaydada” çıxarmağa çağırıb. Bunu departamentin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Ermənistan-Azərbaycan sərhədində son eskalasiyanı şərh edərkən deyib. “Ermənistan-Azərbaycan sərhədində zorakılıq Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi irəliləyişə xələl gətirir. Biz hər iki ölkənin liderlərini öz silahlı qüvvələrini sərhəddən "simmetrik qaydada" çıxarılmasına razılıq verməyə çağırırıq", - Patel bildirib.
Onun sözlərinə görə, bu məsələ mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda danışıqlar zamanı müzakirə olunub. Hansı danışıqları ki, DD sözçüsü “vacib, müsbət addım” adlandırıb. “Biz inanırıq ki, hələ irəliyə doğru bir yol var, problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq bu məsələ ilə dərindən məşğul olmaqda davam edirik. Amma mən prosesləri qabaqlamaq da istəmirəm”, - deyə o əlavə edib. Bəs ABŞ Dövlət Departamentinin bu qəribə çağırışına Bakının cavabı nə olacaq? Yada salaq ki, bu, Nikol Paşinyanın da çoxdankı arzusu, daha dəqiqi, Bakı ilə hansısa sənəd imzalamaq üçün irəli sürdüyü 3 şərtdən biridir (digər 2 şərt - Qarabağla və “erməni əsirlərlə” bağlıdır). Maraqlıdır, ABŞ hərbi toqquşma ehtimalından, ümumən silahlı qüvvələrin sülhə əngəl yaratmasından səmimi şəkildə narahatdırsa, nədən həmin sülhə üç ildir ciddi maneə yaradan Qarabağdakı 10 minlik erməni silahlısının Azərbaycandan çıxarmağa indiyədək bir dəfə də olsun çağırış etməyib?
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qeyd etdi ki, ABŞ-ın bölgəyə münasibətinə obyektiv qiymət verməyə çalışırıq: “Amerikanın problemi vasitəçilərsiz həll etmək kimi bir yanaşması varı idi. İndiki halda isə qoşunları sərhəddə geri çəkmək çağırışını qəbul etmək olmaz. Xankəndi və ətraf bölgədə olan erməni silahlı qüvvələri mövcuddur. Görünür ki, ABŞ-da gələn il keçiriləcək seçkilərə görə indidən erməni səsini qazanmaq üçün bu çağırışlar səslənir. Onların bəyanatı ilə qoşunlar geri çəkilmir, yəni Vaşinqton bu çağırışı ilə Azərbaycanın addımlarını müəyyənləşdirmir. Eyni zamanda sərhəd dəqiqləşməyib. Azərbaycan delimitasiya tələblərini irəli sürür. Ermənistan 10 noyabr sənədinə riayət etmir, əvəzində sərhəddə atəşkəsi pozur, toqquşmalara səbəb olan təxribatlara yol verir. ABŞ rəsmiləri İrəvana bu əməllərinə görə etiraz bildirmir”.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin bildirdiyinə görə, keçmiş Minsk Qrupu çərçivəsində ABŞ həmsədr ölkə olaraq 30 ildə bir dəfə belə erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxmasına çağırış etməmişdi. Analitik hesab edir ki, Azərbaycan öz sərhədlərini qorumaq üçün silahlı qüvvələri mövqe tutub. “Niyə geri çəkilməlidir ki? Üstəlik, sərhəd dəqiqləşməyib. Qarabağda olan erməni silahlı dəstələri isə çıxmalıdır. Bu çağırış onlara aid olmalıdır. Amma Vaşinqton onların çıxarılması tələbini indiyə kimi dilə gətirməyib. Deməli, ABŞ qərəzlidir”, - deyə A.Məsiyev şərh etdi. Təhlilçinin sözlərinə görə, üçtərəfli sənədin 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri sülhməramlı kontingent bölgəyə daxil olanda oranı tərk etməli idi: “Bununla yanaşı, Amerika guya hər iki tərəfə, əslində Azərbaycana çağırış edir. Halbuki sərhəddə atəşkəsi pozan və münaqişə yaradan Ermənistandır, biz niyə silahlı qüvvələrimiz geri çəkməliyik? Ona görə də Amerikanın bu yanaşması sülh prosesinə ciddi kölgə salacaq”.(musavat.com)
Emil SALAMOĞLU