MAKRON VƏ ŞOLTSUN XƏYANƏTKAR PLANI AÇIQLANDI... -“Fransa həmişəki kimi Rusiyanı saxlamaq, qorumaq istəyir...”
“Qərb hər şeyi iyulda keçirilməsi gözlənilən NATO sammitinə qədər bitirmək fikrindədir...”
Yenixeber.org: Məlum olduğu kimi, yaz aylarında Ukrayna Ordusunun cəbhənin cənub-şərq istiqamətində hücumu gözlənilir. Məqsəd Krıma gedən quru yolunu kəsmək, Azov dənizi sahillərinə çıxmaq, Rusiya qoşunlarını iki hissəyə bölmək və Krım yarımadası da daxil olmaqla, rus ordusunun cənub qruplaşmasını faktiki mühasirəyə almaqdır.
Hələlik isə Ukrayna hərbi-siyasi rəhbərliyinin bunun üçün hərbi texnika və canlı qüvvə topladığı məlumdur və buna paralel olaraq da Rusiya qoşunlarının ən döyüş qabiliyyətli hissələrinin Baxmut istiqamətində əzilməsi, taqətdən salınması prosesi davam edir. Lakin Ukraynanın hazırlaşdığı hücumun hara qədər davam edəcəyi, nə zaman və nə ilə sonuclanacağı, ümumilikdə Qərb liderlərinin, xüsusilə də Emmanuel Makron kimilərin Ukraynadakı müharibənin perspektivlərilə bağlı mövqeyi və digər cavabı açıq qalan suallar mövcuddur.
Tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov yerli internet kanallarından birinə açıqlamasında Ukraynanın hücum əməliyyatının gedişi, perspektivi, hərbi və siyasi nəticələri barədə maraqlı fikirlər səsləndirib: “Mariupoldan Berdyanska qədər ərazidə hansısa nöqtədə Azov dənizinə çıxmağımız lazımdır. Əlbəttə ki, ideal variant Mariupolu azad etmək olardı. Lakin Baş Qərargahın hansı qərar verəcəyini söyləmək çox çətindir. Orada düzənlik ərazidir, yaşayış məntəqələri azdır, hər şey açıq görünür və həmin ərazidə hücum etmək, elə həmçinin də müdafiə olunmaq asan deyil. Odur ki, variantlar çoxdur, lakin başlıca hədəf Azov dənizidir. Biz azı 5 güclü, ağır texnikaya malik briqada yarada bilərik. Əgər belə güclü yumruq düzəldə biliriksə, nədən də Mariupolu azad etməyək?”
Hücumun başlanma tarixi və gedişi barədə danışan Jdanov deyib ki, Ukrayna Ordusu yazın sonlarında – aprel-may aylarında effektli hücum keçirmək üçün hazır vəziyyətdə olacaq. Onun fikrincə, yenə də hər şey Qərbin Ukraynaya hərbi texnika tədarükünün sürətindən və həcmindən asılıdır.
Jdanov Ukrayna Prezidenti Volodimir Zelenskinin son mətbuat konfransında söylədiyi bəzi fikirlərlə bir çox mətləblərə üstörtülü şəkildə aydınlıq gətirdiyini deyib: “İndi söhbətlər gəzir ki, bizə tank verilməsini bir ilə qədər uzada bilərlər. Ancaq Prezident Zelenski haqlı olaraq dedi ki, avqust ayında artıq tanklar bizə o qədər də lazım olmayacaq. Çünki müdafiə əməliyyatlarını biz indi malik olduğumuz qüvvələrlə yerinə yetirə bilərik. Əks-hücum əməliyatları üçünsə yeni texnika və qüvvə lazımdır. Biz faktiki olaraq, ehtiyat ordu yaradırıq. Bu, onun üçündür ki, əks-hücumun bütün ağırlığı hazırda cəbhədə döyüşən yorulmuş qüvvələrimizin çiyninə düşməsin”.
Qeyd edək ki, bundan az öncə Ukrayna hərbi kəşfiyyatının başçısı general Kirill Budanov Ukraynadakı müharibə ilə futbol matçı arasında analogiya apararaq deyib ki, hazırda 70-ci dəqiqə gedir və hesab 1:1-dir.
Budanovun bu qənaəti ilə razılaşan Jdanov hesab edir ki, “matçın bitməsinə qalan son 20 dəqiqə” bu ilin iyul ayına qədər olan müddətdir. Onun fikrincə, Qərb hər şeyi iyulda keçirilməsi gözlənilən NATO sammitinə qədər bitirmək fikrindədir: “Bizim hər şeyi “əsas vaxtda” bitirmək üçün bütün şanslarımız var. Hazırda Rusiya ordusunun ciddi problemləri mövcuddur. O cümlədən də motivasiya, mənəvi-psixoloji problemləri. Qərbdəki hərəkətlilik isə belə qənaət yaradır ki, hər şey NATO-nun 5-7 iyul sammitinə doğru gedir. Həmin vaxta qədər qalan zaman kəsiyi də bizim kəşfiyyatın dediyi “20 dəqiqə”dir. Məhz bu dövrdə biz işi bitirməliyik.
Yeri gəlmişkən, kim Zelenskinin son mətbuat konfransını diqqətlə izləyibsə, yəqin ki, onun çox maraqlı bir fikrini nəzərdən qaçırmayıb. O, dedi ki, bizim bu əks-hücum zamanı mümkün qədər çox ərazilərimizi azad etməyimiz lazımdır.
Makron əlində həmin bu paktla aprel ayında Pekinə səfərə hazırlaşır. Bu pakt bir daha düşünməyə əsas verir ki, onlar Ukraynanı NATO-ya götürməyəcəklər. Çünki Rusiya ilə kimsə savaşmalıdır. Blok kimi NATO yox, ayrılıqda kimsə savaşmalıdır və həmin bu “kimsə” bizik – Ukraynadır. Ona görə də onlar bizi silahlandırmağa, hərtərəfli təmin etməyə, dəstəkləməyə hazırdırlar. Lakin NATO-ya çağırmaqda elə də maraqlı deyillər”.
Jdanovun barəsində danışdığı pakta gəlincə, “The Wall Street Journal” bu günlərdə dərc edilən məqaləsində yazıb ki, Fransa, Böyük Britaniya və Almaniya NATO ilə Ukraynanın yaxınlaşmasına dair sənəd imzalanmasını təklif edib. Hansı ki, bu pakt Ukraynanın Qərbin daha böyük miqdarda hərbi texnikasına çıxışına və bu silahlarla təminatına imkan verəcək.
Lakin eyni zamanda, Parisdə hazırlanan həmin sənəd Ukraynanın Rusiya ilə danışıqları bərpa etməsini nəzərdə tutur.
O.Jdanov deyib ki, bu təklifin müəllifi həmişəki kimi xəyanətkar siyasət aparan Fransadır: “Fransa həmişəki kimi Rusiyanı saxlamaq, qorumaq istəyir. Təklif olunan bu pakt təxirə salınan müharibə - “Minsk-3” müqaviləsi deməkdir. Bu, ərazi qarşılığında sülh deməkdir. İndi baxın, onlar bu paktla öz əllərilə “saatlı bomba” quraşdırırlar. Onlar bu paktla NATO-nun Ukrayna Ordusunun yenidən qurulması, silahlandırılması proqramını birləşdirmək istəyirlər.
Yens Stoltenberq son sammitdə NATO-nun öz standartlarına uyğun şəkildə Ukrayna Ordusunu 100 faiz yenidən qurmağa və silahlandırmağa hazır olduğunu bəyan etmişdi. İndi bunu sözügedən pakta əlavə etmək, calamaq istəyirlər. Beləliklə, bu paktla hansısa ərazilərimizi Rusiyaya güzəştə gedib, müharibəni dayandırmaq, sonra Ukrayna Ordusunu yenidən qurmaq, təlimləndirmək və silahlandırmaq planlaşdırılır. Belədə biz bir müddət sonra yenidən bütün beynəlxalq sənədlərdə yer almış suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası dilemması qarşısında qalacağıq. Rusiyaya gəlincə, oradakı siyasi sistem qorunacaqsa və Putin özü elan etdiyi kimi, gələn il seçki keçirib, yenə də hakimiyyətdə qalacaqsa, öz ideologiyasını da saxlayacaq. Bu ideologiya isə 8 ildir dəyişmir – “Ukrayna dövləti yaşamalı deyil”. Beləliklə, biz NATO-ya qəbul olunmuruq, deməli, yenə tək - özümüz döyüşəcəyik. Belədə nədən Putin ikinci dəfə (Ukraynaya qarşı müharibəyə) cəhd etməsin?”
Göründüyü kimi, Ukrayna cəmiyyətinin narahatlıq üçün ciddi əsasları var. Çünki yenə Makron kimi Avropa liderləri Putinin “sifətini saxlamaq” və Putin Rusiyasından istifadə etmək xatirinə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini qurban vermək fikrindən vaz keçmirlər.
Əslində, Fransa işğalçılara olan münasibətini hələ İkinci Dünya Müharibəsi zamanı ortaya qoymuşdu. Həmin vaxt yalnız Fransada alman əsgərlərinə rəsmən xidmət edən bordellər fəaliyyət göstərirdi. Fransanın xarici siyasəti eyni çirkin mahiyyətini Qarabağ məsələsində açıq şəkildə işğalçı Ermənistanın tərəfini tutmaqla da dəfələrlə sübuta yetirib... “Azpolitika”