Güney Azərbaycan türkünün milli haqqı -Xameneinin oğul Pəhləvidən fərqi
Beynəlxalq tədbirlərə dəvət və orada edilən çıxışlar dövlətlərə, hakimiyyətlərə ismarışdır.
Yenixeber.org: Bu baxımdan Münhen Təhlükəsizlik Konfransına İranın dəvət olunmaması rejimə münasibətin göstəricisi sayıla bilər. Bu, həm də dünyanın təhlükəsizliyini təhdid edən hakimiyyətin belə toplantıda iştirakının məntiqə uyğun gəlmədiyi deməkdir. İran rəsmiləri isə Münhenə dəvət olunmamalarına pişiyin çiy ətə münasibət göstərdiyi kimi yanaşıblar.
Bəs Tehran hakimiyyəti bu konfransa niyə dəvət olunmayıb? İlk növbədə, beynəlxalq ictimaiyyət onu terrorçuluğu himayə və təşkil edən rejim olaraq tanıyır. Bu, özünü sonuncu dəfə Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu zamanı da təsdiqlədi. Hakimiyyətin bu hadisəni ciddi cəhdlə ört-basdır etmək səyləri onda əlinin olması ehtimalını artırır. Ölkə rəsmiləri bu cinayət işi ilə bağlı araşdırmanın davam etdiyini bildirsə də, ilk gündən verilən açıqlamalar başqa niyyətdən xəbər verir. Prezident İlham Əliyev Münhendə məsələyə münasibətində deyib: “Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi”. Dövlət başçısı səfirliyə qarşı terror aktı ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb etdiyini bildirib.
Münhen konfransında həm də Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunur. Ukraynadakı müharibə bu qitənin təhlükəsizliyini təhdid edir. İran isə hərbi texnika, uçan aparatlar tədarük etməklə məlum münaqişədə Rusiyanı dəstəkləyir. Deməli, Tehran rejimi bununla Avropanın təhlükəsizliyinin təhdid olunmasında iştirak edir. Bu hakimiyyət Suriyada, Livanda, Yəməndə, İraqda pozuculuq fəaliyyəti ilə məşğul olur. Ona görə də rejimin belə əməlləri isə qlobal səviyyədə terror və təhlükəsizlik təhdidi sayılır. Nüvə proqramında şəffaflığı təmin etməməsi, bu sahədə şübhəli fəaliyyəti də beynəlxalq ictimaiyyətin İran hakimiyyətinin belə toplantılara dəvət olunmamasına əsas verən amillərdəndir. Bu, rejimin beynəlxalq səviyyəli tədbirlərdən təcrid olunmasına dair ilk hadisələrdəndir.
Fikrimizcə, təşkilatçıların Məhəmməd Rza şahın oğlu Rza Pəhləvini konfransa dəvət etməsi onun rejimlə əvəzlənəcəyi anlamına gəlmir. Bu, beynəlxalq ictimaiyyətin İrandakı hakimiyyətə alternativ axtarışının göstəricisidir. Variantlardan biri də Rza Pəhləvi sayıla bilər. Yəni onun İranda hakimiyyətə gələcək qüvvələrdən biri olması ehtimalı var. Rza Pəhləvinin Güney Azərbaycan türkləri və Azərbaycan səfirliyinə hücumla bağlı verdiyi açıqlamalarda qeyri-adi nəsə yoxdur. Çünki səfirliyə hücumu İranda yaşayan farslar belə pisləyib. Özünü siyasətçi və müxalif sayan istənilən şəxs həmin hadisəyə eyni mövqe sərgiləyərdi. Rza Pəhləvi də bu mövqedə olan çoxsaylı siyasilərdəndir. O, İran hakimiyyəti ilə bağlı məsələlər və Güney Azərbaycan türklərinin milli hüquqlarının təmin olunmasına həssaslığını bildiyindən Azərbaycan Respublikası cəmiyyətinin və rəsmilərinin rəğbətini qazanmağa cəhd göstərib.
Azərbaycanın İranla bağlı irəli sürdüyü başqa vacib bir məsələ isə Güney Azərbaycan türklərinin tapdanan milli haqlarının təmin olunmasıdır. Rza Pəhləvinin isə güney azərbaycanlıların hüquqlarına münasibəti çox bəsit olub:
“İran ərazisində yaşayan hər bir şəxs Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”. Bu onun Azərbaycan türklərinə münasibətinin babası Rza Pəhləvi və atası Məhəmmədrza şahdan artıq olmadığının göstəricisidir. Rza Pəhləvi bir cümləlik açıqlaması ilə Güney Azərbaycan türklərinin milli hüquqlarına laqeydlik nümayiş etdirib. Qeyd edək ki, Azərbaycan türklərinin “farslarla səlcuqların tör-töküntüsü”, “farsların törəməsi olması” haqqında ideologiya Rza Pəhləvinin başçılığı altında formalaşıb və həyata keçirilib. O, türkcəni qadağan edib, bu dildə danışanları isə cərimələyib. Başqa sözlə, panfarsizm, İran mərkəzli fars düşüncə sistemi onun dövründə yaradılıb və həyata keçirilib. Hazırda İrandakı hakimiyyət də din pərdəsi altında bu ideologiyaya xidmət edir. Onun oğlu Məhəmmədrza Pəhləvi isə Azərbaycan Milli Hökumətini qan içində boğaraq 1946-cı il dekabrın 16-da Azərbaycan türkcəsində çap olunan kitabların yandırılmasını əmr etmişdi. Rza Pəhləvi bu siyasi-ideologiyanın daşıyıcısıdır. Onun nənəsi, anası türk, azərbaycanlı olsa da, pəhləvilər Azərbaycan türklərinə qarşı ən amansız davranan hakimiyyət olublar.
Ehtimal etmək olar ki, Münhen konfransının təşkilatçıları onu Tehran rejimini qıcıqlandırmaq üçün dəvət ediblər. Yaxud İran hakimiyyətinə alternativ axtarıldığını göstərmək üçün ondan istifadə olunub. Odur ki, Münhen tədbirinə dəvət olunmayan Tehran rejimi ilə konfransda iştirak etmiş Rza Pəhləvinin Güney Azərbaycan türklərinin milli haqlarının təmininə faydası olacağını düşünmək azından sadəlövhlükdür. Çünki onların hər ikisi panfarsizm və paniranizmə qulluq edir. Azərbaycan türklərinin milli hüquqlarının təmini baxımından türk olaraq ayətullah Seyid Əli Xameneinin hansı xidmətləri varsa, anası və nənəsi türk olan Rza Pəhləvinin də xidməti o qədər olacaq. İranda isə Azərbaycan türklərinin milli haqqı təmin olunmadan, azərbaycanlılar prosesin aparıcısı olmadan bu ölkədə heç bir yenilik baş tutmayıb. Bunu zorla edənlərin isə yeni inqilablar, üsyanlar və ölkələrinin qeyri-sabitliklə üzləşəcəkləri istisna edilmir. Ötən əsrdə bu, dəfələrlə təsdiqlənib... “Report”