RUSİYA XERSONU BOŞALTMAĞA BAŞLADI... -General vəziyyətin ağır olduğunu açıqladı
Ukraynadakı Rusiya qüvvələrinin komandanı, general Sergey Surovikin d\ Xerson şəhərində vəziyyətin çətin olduğunu açıqlayıb. Komandan əlavə edib ki, sakinlər təxliyə edilməlidir.
"AzPolitika.info" BBC radiosuna istinadla xəbər verir ki, general Rusiya dövlət televiziyasına açıqlamasında Ukrayna ordusunun "HİMARS" raketlərindən istifadə etməklə şəhər infrastrukturunu və yaşayış məntəqələrini vurdğunu deyib.
"Rusiya ordusu hər şeydən əvvəl Xerson əhalisinin təhlükəsiz təxliyəsini təmin edəcək", - deyə o bildirib.
Onun nadir hallarda böyük problemləri etiraf etməsi yüksək səviyyəli yerli məmurların reaksiyası ilə qarşılanıb. Rusiya tərəfindən təyin edilmiş yerli məmur Kirill Stremousov Xerson sakinlərinə xəbərdarlıq edərək çox yaxın gələcəkdə Ukrayna qoşunlarının şəhərə hücuma keçəcəyini açıqlayıb.
"Xahiş edirəm, sözlərimi ciddi qəbul edin - mən mümkün qədər tez evakuasiya etməkdən danışıram" deyə o, "Telegram"da bildirib.
Kirill Stremousov əlavə edib ki, ən çox Dnepr çayının qərb sahilində insanlar risk altındadır.
Bunu regionun Rusiya tərəfindən də təyin olunmuş qubernatoru Vladimir Saldo da videomüraciətində təsdiqləyib.
Ukrayna qüvvələri son bir neçə həftə ərzində davamlı olaraq yaxınlıqdakı əraziləri geri alır. Onlar Rusiya qoşunlarını tələyə salmaqla hədələyərək Dnepr boyunca 30 km cənuba doğru irəliləyiblər.
"Bütövlükdə xüsusi hərbi əməliyyat zonasında vəziyyəti gərgin kimi xarakterizə etmək olar", - general Surovikin bildirib.
Generalın sözlərinə görə, Ukraynanın yaylım atəşi Xersondakı Antonivski körpüsünə və Kaxovka su elektrik stansiyasına ziyan vurub və bu, ana yollar boyunca hərəkəti dayandırıb. Onun sözləinə görə, bu, əsas xidmətlər üçün, məhz ərzaq malları, su və elektrik üçün təchizat problemləri yaradıb.
General Surovikin bildirib ki, ukraynalılar geniş cəbhə boyu - şərqdə Kupyansk və Liman ərazilərində, cənubda isə Nikolayev-Krivyi Roq cəbhəsində davamlı hücumlar təşkil edir.
Xersonda planlaşdırılan "evakuasiya"nın miqyası hələlik bəlli deyil. Əgər Rusiya insanları evlərini tərk etməyə məcbur edərsə, bu, BMT-yə əsasən, müharibə cinayəti sayıla bilər.
Mart ayında Ukrayna bildirib ki, Rusiya minlərlə insanı Rusiyanın hücumu nəticəsində viran qalan Mariupoldan qanunsuz olaraq öz ərazisinə deportasiya edib.
Rusiya Dövlət Duması - parlamentin aşağı palatası çərşənbə axşamı günü Xerson sakinlərinin Rusiyaya köçürülməsi planlarını müzakirə edib. Baş nazirin müavini Marat Xusnullin Rusiyanın istənilən yerində onlara yeni evlər təklif ediləcəyini və hökumətin maliyyə yardımı edəcəyini bildirib. Rusiyanın "Vremya" TV kanalının xəbərinə görə, hər ailə üzvü tərk etmək məcburiyyətində qaldığıı məişət əşyalarını əvəzləmək üçün 100 min rubl (2752 manat ) alacaq.
Müharibədən əvvəl Xersonun əhalisi təxminən 300 min nəfər olub, lakin Ukrayna rəsmilərinin hesablamalarına görə, bu rəqəmin təxminən yarısı şəhəri tərk edib.
Xerson rusların işğalı zamanı ələ keçirilən yeganə Ukrayna regional paytaxtıdır. İndi Kreml Xersonun və Ukraynanın daha üç bölgəsinin Rusiyanın bir hissəsi olduğunu iddia edir - bu iddia beynəlxalq səviyyədə rədd edilir.
"Azpolitika"