Qərbdən İrəvana şok Zəngəzur dəhlizi tələbi -Ermənistana bəd xəbər
ABŞ-ın “beyin mərkəzi”: “Ermənistan Qərbin dostudursa, dəhlizin açılmasını gecikdirə bilməz, İrəvan üçün qərar vermə anı yetişib...”
Yenixeber.org: Kapitulyant Ermənistanın 10 noyabr sənədi ilə öz üzərinə götürdüyü öhdəliklərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır (bənd 9). Doğrudur, sənəddə “dəhliz” sözü işlədilməyib, lakin Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun məhz dəhliz məntiqi ilə fəaliyyəti əksini tapıb. Çünki orada İrəvanın “maneəsiz hərəkətə zəmanət verməsi” öhdəliyi var. Dəhliz məntiqi də budur.
Di gəl, İrəvan rəsmilərinin mənasız dirənişi davam edir. Zəngəzur dəhlizinin adı gələn kimi isterikaya düşür, “heç bir dəhlizdən söhbət gedə bilməz” deyirlər. Bunu da belə “əsaslandırırlar” ki, kapitulyasiya sənədində yalnız bir dəhlizin adı çəkilib - Laçın dəhlizi. Maraqlıdır, deyilmi: Zəngəzur dəhlizini öz suverenliyi və təhlükəsizliyinə təhdid sayan Ermənistan iqtidarı Qarabağ ermənisi üçün yaradılan Laçın dəhlizini nədənsə Azərbaycanın suverenliyinin pozulması hesab eləmir. Yəni özünə rəva bilmədiyini bizə görür. Tipik erməni qərəzi və hiyləgərliyi. Eyni zamanda ərazi bütövlüyümüzə hörmətsizliyin daha bir nümunəsi.
Ancaq belə hiylələr daha keçməz. Azərbaycan Prezidenti aydın şəkildə bəyan edib ki, Zəngəzur dəhlizində hansı hərəkət rejimi olacaqsa, Laçın dəhlizində də eynisi olacaq.
*****
“Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik”.
Bunu isə İlham Əliyev srağagün Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışarkən bildirib.
“Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxtı uzadırlar”, - Prezident vurğulayıb.
Demək, yenə qarşılığını artıqlaması ilə alacaqlar. Ya Laçın yolunda ilkin mərhələdə Azərbaycan öz nəzarət-yoxlama postlarını qoyacaq, ya da sadəcə, o bağlanacaq...
*****
Bu arada ABŞ-da nəşr olunan nüfuzlu “National İnterest” jurnalı Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Stiven Blankın “Ermənistan "Zəngəzur dəhlizi"ni tikməlidir" (“Armenia Must Build the Zangezur Corridor”) adlı İrəvanı şoka salacaq geniş məqalə dərc edib. “Yeni Müsavat”ın məlumatına görə, məqalədə Ukraynadakı müharibə fonunda Zəngəzur dəhlizinin təcili açılmasında israr edilir.
Maraqlıdır ki, məqalə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfərindən cəmi 2 gün sonraya təsadüf edir və onun ermənilərə elədiyi reveransları, verdiyi vədləri alt-üst edir.
Müəllif - Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Stiven Blank bu xüsusda yazır: “Azərbaycanla Ermənistan arasında baş verən son sərhəd toqquşması Ukraynadakı daha səs-küylü hadisələri az qala kölgədə qoydu. 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra bu ən şiddətli hərbi əməliyyatlar qlobal əhəmiyyət kəsb edir. Çünki iki ölkə arasında davam edən sülh danışıqları ilə yanaşı, indi hər iki ölkənin ərazisindən keçən və dünya bazarının asılı olduğu təhlükəsiz tranzit əlaqələri də təhdid altındadır”.
Sözünə davam edən Blank yazır: “Ukraynadakı müharibə səbəbindən tranzit marşrutları artıq təhlükə altına düşüb. Enerji, ərzaq və ticarət mallarının tədarükündəki ciddi fasilələr bütün dünya iqtisadiyyatında seysmik şoklara səbəb olub. Moskvanın ”Şimal axını 1" qaz kəmərinə çıxışını kəsməsindən və Qərbin sanksiyaları bütün dünyada əsas ərzaq məhsullarının qiymətlərini artırdıqdan sonra Avropa qazının qiymətləri kəskin şəkildə qalxır. Məhz bu fonda Ermənistan artıq Avropa ilə Asiya arasında yeni və mühüm nəqliyyat marşrutunun - Zəngəzur dəhlizinin tikintisini gecikdirə bilməz. Uzun müddət müzakirə olunan, lakin hazırda Ermənistan tərəfindən bloklanan bu dəhliz Azərbaycanın cənub-qərb sərhədindən Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan anklavına, oradan da Türkiyəyə və onun hüdudlarından kənara çıxacaq. Bu, Rusiyadan yan keçə biləcək bir neçə Şərq-Qərb ticarət yollarından birinin çatışmayan həlqəsidir. Əgər Ermənistan həqiqətən də onun diasporunun iddia etdiyi kimi, Qərbin dostudursa, o, danışıqlar masasına qayıtmalı və dərhal dəhlizin açılmasına icazə verməlidir".
Məqalədə bununla bağlı Ermənistanın 10 noyabr sənədi ilə öhdəlik götürdüyü də onun yadına salınır.
“Nəzəri cəhətdən ən rahat nəqliyyat yolu İrandan keçə bilər. Lakin ABŞ-ın sanksiyaları və İran dəmir yollarının xroniki maliyyələşmə problemini nəzərə alsaq, bunu təhlükəsiz və ya etibarlı variant kimi görmək çətindir. Bu da yeganə həll yolu kimi Cənubi Qafqazı göstərir”, - müəllif hesab edir.
Onun sözlərinə görə, son illərdə müxtəlif amillər regionun tranzit statusunu gücləndirib. “Türkiyə, Gürcüstan və Azərbaycan arasında uğurlu əməkdaşlıq Avropanı həyati əhəmiyyətli Xəzər qazı və digər resurslarla təmin edən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu və Cənub Qaz Dəhlizi boru kəmərləri kimi yeni əlaqələrin yaradılmasına səbəb olub. Qazaxıstan və Özbəkistan kimi keçmiş sovet respublikaları Rusiyanın blokadasına cavab olaraq Azərbaycan üzərindən yanacaq və mal göndərməyə başlayanda bu təşəbbüs daha da inkişaf etdirildi”, - təhlilçi vurğulayıb.
Lakin müəllif Cənubi Qafqaz marşrutundan istifadənin bəzi mənfi cəhətlərinə də toxunub: “Məşum əlamətlər Rusiyanın növbəti müdaxiləsi təhlükəsini göstərir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qeyd edib ki, Ukraynadan sonra növbəti hədəf Gürcüstandır... Ona görə də Gürcüstandan keçən dəhliz nə uzunmüddətli investisiyalar üçün etibarlı həll yolu, nə də Rusiyanın mümkün müdaxiləsindən tamamilə kənarda qalan marşrut sayıla bilməz. Ən yaxşı həll yolu Bakıdan Türkiyənin şərq vilayəti olan Qarsa və İranla sərhəd yaxınlığında Ermənistan ərazisindən keçən strateji nəqliyyat marşrutunun bir hissəsi olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutuna çevriləcək”.
Məqalədə həmçinin Ermənistanın Zəngəzur dəhlizindən götürəcəyi faydalar haqda danışılır: “Ermənistan qlobal təchizat zəncirinin çatışmayan halqasını açmaqdan əhəmiyyətli dərəcədə faydalanacaq”.
Müəllif ardınca İrəvanı öz öhdəliklərindən qaçmaqda ittiham edib. “Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən və ondan asılı olan ölkələrdən biri kimi özünü tanıdıb və bu, ölkə rəhbərliyi üçün ciddi siyasi dilemma yaradır. İrəvan Zəngəzur dəhlizinin qarşısını almaqda davam etməklə Moskvanın dünya iqtisadiyyatını boğub ələ keçirmək ssenarisinə oynayır”, - deyə Blank İrəvanın siyasətini faş edib.
Sonda Stiven Blank təəssüflə qeyd edib ki, “anti-Türkiyə və anti-Azərbaycan populist ritorikası qonşularla münasibətləri normallaşdırmaq üçün erməni siyasətçilərinin istifadə etdiyi məkanı daraldıb”. Onun əminliyinə görə, artıq Ermənistan üçün Qərbin dostu olub-olmaması barədə qərar vermə vaxtıdır. “Əgər belədirsə, o zaman İrəvan Bakı ilə sülh danışıqlarını bərpa eləməli və Zəngəzur dəhlizinin açılmasına kömək göstərməlidir”, - deyə o fikrini tamamlayıb.
Gözlənildiyi kimi, ABŞ-ın “beyin mərkəzi” əməkdaşının “Zəngəzur dəhlizi”ni belə bir məqalə ilə gündəmə gətirməsi Ermənistanda çox böyük üzüntü ilə qarşılanıb. Erməni təhlilçilərin fikrincə, sözügedən məqalə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu yaxınlarda İrəvana səfəri və “cəsarətli bəyanatları”na baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı əsl istəklərini müəyyən dərəcədə əks etdirir.
Ermənistanın “news.am” saytı “Qərb qondarma Zəngəzur dəhlizinin açılmasında israr etməyə başlayır?" adlı məqalə dərc etməklə “The National İnterest” jurnalına cavab verməyə çalışıb.
Erməni müəlliflər Nensi Pelosinin İrəvanda Ermənistan hakimiyyəti tərəfindən az qala uşaq həvəsi ilə qarşılanan səfərinin xəyal qrırıqlığı yaratmasını məyusluqla ifadə ediblər.
“News.am”ın cavab məqaləsindən görünür ki, erməni jurnalistlər Qərbin, o cümlədən ABŞ-ın Zəngəzur dəhlizinə maraq göstərməsindən ciddi şəkildə pərişandır.
“Müsavat”