“KREML MÜHARİBƏNİ NECƏ BİTİRƏCƏYİNİ BİLMİR” –“Putinin reytinqinin düşəcəyindən qorxurlar”
“Rəsmi təbliğat Ukraynada nasizm mövzusunu həddindən artıq şişirtməklə Kremli çətin vəziyyətə salıb”.
Yenixeber.org: Bunu Rusiyanın “Meduza” portalı özünün Kremldəki mənbələrinə istinadla yazıb. Portal iddia edir ki, Rusiya Prezident Administrasiyasının daxili siyasətlə məşğul olan mütəxəssislərinin qənaətinə görə, Putinin hazırda Ukraynadakı müharibədən reytinq itirmədən çıxması ehtimalı yoxdur: “İndi müharibədən çıxış üçün elə bir yaxşı piar-ssenari yoxdur ki, hakimiyyətin reytinqinin düşməsinin qarşısını alsın”.
Yazıda deyilir ki, Kreml müharibəni necə bitirəcəyini bilmir və bir neçə həftədir bunu cəmiyyətə reytinq itkisiz təqdim etməyin yollarını axtarır, lakin heç nə alınmır: “Ona görə də ictimai rəyi danışıqlar aparılması və sülh imzalanmasına hazırlamırlar, hər şeyi öz axarına buraxmaq qərara alınıb”.
Mənbə bildirib ki, Kremldə doğrudan da Rusiya əhalisinin böyük hissəsinin Ukraynadakı müharibənin “nasizmə və nasistlərə qarşı” aparıldığını düşündüyünə inanırlar. Bu zaman Kreml əhali arasında keçirilən açıq və gizli rəy sorğularına əsaslanır. Lakin mütəxəssislər total senzuranın və repressiyaların tətbiq olunduğu indiki halda bu cür rəy sorğularına güvənməyin doğru olmadığı qənaətindədirlər.
Bütün bunların fonunda, “Meduza”nın Kremldəki mənbələrinin bildirdiyinə görə, hakimiyyət Ukraynadan çəkilməyin və sülh danışıqlarına getməyin küçə etirazlarına və Putinin reytinqinin kəskin şəkildə düşməsinə səbəb olacağından ehtiyatlanır.
Lakin portalın rəyini öyrəndiyi sosioloqların fikrincə, əhalinin guya müharibənin dayandırılmasına qarşı çıxacağı və kütləvi etirazlar keçirəcəyinə dair təsəvvürlər yanlışdır. Sosioloq Qriqori Yudin bununla bağlı deyib: “Əlbəttə ki, bu, xəstə fantaziyanın məhsuludur. Kremldəki bu adamlar özləri üçün bir auditoriya uydurublar və hamını bu uydurmaya uyğunlaşmağa məcbur edirlər”. Sosioloqun fikrincə, sadəcə, müharibə təbliğatını dayandırmaq kifayətdir və bundan sonra müharibə tərəfdarlarının hər hansı bir küçə etirazı olmayacaq: “Vətəndaşlar nasistlər barədə düşünməyi, danışmağı dayandıracaqlar və tamamilə şəxsi problemlərilə məşğul olmağa başlayacaqlar”.(azpolitika)
C.Məmmədov