Türkmənbaşı niyə hakimiyyətdən gedir? -Berdiməhəmmədovu kim əvəzləyəcək?
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ötən ildən Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin növbədənkənar iclasında təqaüdə getmək istədiyini və hakimiyyəti gənc liderlərə ötürmək fikirində olduğunu deyib.
Yenixeber.org: Bu gün isə mart ayının 12-də Türkmənistanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi elan olunub.
64 yaşlı dövlət başçısının bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir. Fevralın 11-də Türkmənistan lideri kimi 15 illik yubileyini qeyd edərkən Xalq Məsləhətinin iclasında Berdiməhəmmədov düz 15 il əvvəl prezident seçildiyini qeyd edərək, yorulduğuna eyham vurub.
“Düz 15 ildir ki, mən çox yüksək və çox məsuliyyətli -Türkmənistan prezidenti vəzifəsində çalışıram. Eyni zamanda, mən Türkmənistan Nazirlər Kabinetinin sədri, Dövlət Təhlükəsizlik Şurasının sədri, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Türkmənistanın Xalq Məsləhəti Milli Şurasının sədri kimi fəaliyyət göstərirəm”, - deyə Berdiməhəmmədov bildirib.
O, iki il əvvəl peyğəmbərlik yaşına çatdığını və bu gün özü haqqında gəldiyi çətin bir qərarı müzakirə etmək istədiyini vurğulayıb: “Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyə almış gənc liderlərə verilməsi fikrini dəstəkləyirəm. Mən Xalq Məsləhətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundan sonra da bu sahəyə yönəltmək niyyətindəyəm”.
Bir müddətdir ki, Berdiməhəmmədovun hakimiyyəti sentyabrda 40 yaşı tamam olan və prezident olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatan oğlu Serdar Berdiməhəmmədova ötürməyə cəhd edəcəyi ilə bağlı şayiələr dolaşır.
Serdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçilib və hazırda bu, onun tutduğu bir neçə rəsmi vəzifədən biridir. Xalq Şurasının iclasında iştirak edən Serdar Berdiməhəmmədov həm də ölkənin 2052-ci ilə qədər iqtisadi inkişaf planını təqdim edib.
Berdiməhəmmədovun istefasını və növbədənkənar prezident seçkilərini Mərkəzi Asiya uğrunda başlayan savaşın daha bir göstəricisi kimi qiymətləndirmək mümkündür.
Bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Türkmənistanın da iqtisadi zərurətlərdən dolayı Kremlin yaratmaq istədiyi ittifaqa qoşulacağını bəyan etdi.
Berdiməhəmmədovun verdiyi qərarı Lukaşenkonun hədə qarışıq proqnozu kontekstində qiymətləndirsək ortaya aşağıdakı versiya çıxır:
- Berdiməhəmmədov siyasi sistemdə Rusiyaya bağlı adamların zərərsizləşdirilməsinə nail olub, yenidən prezident seçiləcək (Bu təlimatı Qərb verə bilər).
Bu versiya inandırıcı görünür. Çünki Berdiməhəmmədov istefa qərarını verərkən belə ifadə işlədib: “Ölkədə siyasi sistem formalaşır və müxtəlif düşüncəli partiyalar yaranır. Hər kəs və istənilən partiya üçün bərabər fəaliyyət şəraitinin yaradılması üçün mən Türkmənistan Prezidenti olduğum müddətdə partiyaya olan üzvlüyümü dondurmaq haqqında qərar qəbul etdim”.
Çoxpartiyalı sistem Qərbin dəyərləri çərçivəsindədir. Türkmənistan qazı Avropa bazarlarında Rusiya qazının sıxışdırılmasında həlledici rol oynaya bilər. Bu iki amil belə proqnoz səsləndirməyə əsas verir ki, Berdiməhəmmədov Qərbin əlinə oynayır və Rusiyadan gələ biləcək təhdidləri önləyir.