Ermənistanı 10 noyabrdan da ağlamalı gün gözləyir -Bakının müdhiş kontur-planı
Məğlub ölkədən Azərbaycana yeni həyasız ittihamlar; YUNESKO Minsk Qrupu kimi yox, vicdanlı və obyektiv ola biləcəkmi? Təkcə İrəvan quberniyasında 269 məscidimiz olub; İrəvandakı “Xan sarayı”, İrəvan qalası, türbələr, karvansaraylar haradadır?..
Yenixeber.org: Buna deyərlər, “qara məni basmamış, mən qaranı basım”. Yaxud “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Hərgah, oğru Ermənistanın bağırtısına, “timsah göz yaşları” tökməsinə artıq doğru Azərbaycan da, dünya da öyrəncəlidir. Bağrımız yarılıb-edən də deyil. Ona görə ki, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra ermənilərin köhnə yalan-palanlarına faktiki özlərindən başqa inanan qalmayıb.
Ötən həftə YUNESKO-nun Azərbaycan və Ermənistana araşdırma missiyaları göndərməklə bağlı ən yüksək səviyyədə əldə olunan çoxtərəfli anlaşmanın, habelə Azərbaycan Mədəniyyət Nazirliyinin bir neçə gün öncə Qarabağdakı tarixi alban (udin) abidələri ilə bağlı yaydığı açıqlamanın kapitulyant ölkədə ciddi təlaş yaratması, Ermənistan XİN-in buna qıcıqlı reaksiyası, ölkəmizə qarşı növbəti ittiham-hədyanları və böhtanları tamamilə məntiqlidir. Necə deyərlər, soğan yeməmisinizə, burnunuz niyə göynəyir?
Həyasızlığa bax, öz ərazisində bütün köklü xalqları qovub monoetnik dövlətə çevrilən, Azərbaycan xalqına məxsus maddi-mədəni dəyərləri mənimsəyən, mədəni-tarixi irsimizi yer üzündən silən Ermənistan çoxmillətli, çoxkonfessılyalı Azərbaycanı “erməni mədəni irs”inə qarşı genosid siyasəti yürütməkdə, “erməni kilsələrini albanlaşdırmaqda” ittiham edir. Halbuki tam əksinədir. Azərbaycan Mədəniyyət Nazirliyinin bəyan etdiyi kimi, söhbət məhz tarixi ədalətin bərpasından, o sırada ermənilər tərəfindən özününküləşdirilmiş qədim alban məbədlərinin öz sahibinə və əvvəlki simasına qaytarılmasından gedir. Bundan ötrü beynəlxalq ekspertlərin də cəlb olunacağı xüsusi komissiya yaradılacaq. Hətta oraya erməni tərəfindən də kimsə qatıla bilər.
O zaman Ermənistan nədən narahatdır?
Əlbəttə ki, öz yalanlarının, total saxtakarlıqlarının faş olmasından. Axı on illərdir ermənilər Qarabağın işğalına əsasən elə sözügedən abidələrin, kilsələrin guya onlara məxsus olduğunu iddia edərək haqq qazandırmağa, beynəlxalq birliyi çaşdırmağa çalışırlar. Daha belə məkrli oyunlar, hoqqalar keçməyəcək. Əgər YUNESKO nəinki Qarabağda, eləcə də Ermənistan adlanan qədim Türk yurdunda vicdanlı və detallı şəkildə Azərbaycan mədəni-tarix irsinin hara yoxa çıxması ilə maraqlanarsa, o zaman erməniləri daha bir ağlamalı gün gözləyəcək - hətta 10 noyabrdan da betər gün! Bakı artıq kontur-planı icraya yönəldib...
“Ümid edirik ki, YUNESKO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına məxsus irsin ətraflı öyrənilməsi, monitorinqi və sənədləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”.
Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin dünənki, növbəti bəyanatında deyilir.
Sənəddə habelə hazırkı Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların zəngin tarixi, mədəni və dini irsinə aid nümunələrin mövcudluğu xatırladılır. Məsələn, 1869-cu ildə Qafqaz Rusiyası Qubernatorluğu tərəfindən dərc edilmiş “1870-ci il üçün Qafqaz təqvimi” sənədindəki statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olub. Həmin siyahıya məscidlərlə yanaşı, İrəvandakı “Xan sarayı”, İrəvan qalasının divarları, müasir Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamamlar, karvansaraylar, türbələr, qəbiristanlıqlar və s. daxildir.
Bəs “Xan sarayı”, İrəvan qalası, 269 məscid indi haradadır? Mənbəni, ünvanları ki, biz yox, Rusiya deyir. Burada hansı qərəz ola bilər?
Demək, ümid qalır yenə YUNESKO-nun öz işinə nə dərəcədə səmimi, obyektiv yanaşacağına, məsələni nə dərəcədə siyasiləşdirəcəyinə, “ikili standartlar”a söykənib-söykənməyəcəyinə, nəhayət, erməni timsah göz yaşlarına nə dərəcədə inanıb-inanmayacağına!
Gözləyək görək, əlahəzrət faktlara YUNESKO hansı münasibəti göstərəcək. Əgər o da ATƏT-in üzdəniraq Minsk Qrupu həmsədrləri kimi “balanslı yanaşma”ya üstünlük verəcəksə, yəni təcavüzkarla təcavüzə məruz qalanı, haqsızla haqlını tərəzinin eyni gözünə qoyacaqsa, onda onun da taleyi MQ-dən fərqlənməyəcək. Rəsmi Bakının adekvat və sərt addımları da öz yerində...
“Ermənistan XİN-in yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir”.
Leyla Abdullayeva
Bunu dünən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Sözünə davam edən XİN rəsmisi deyib ki, Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən silib, bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib: “Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Eyni zamanda Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib, son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub. Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Bütün bu qeyd edilənlər fonunda, görünür, Ermənistan XİN Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir. Ermənistan XİN-ə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə, ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın".
Azərbaycan XİN-in bu bəyanatı əslində həm də bölgəyə araşdırma missiyaları göndərəcək YUNESKO-ya çağırışdır. Ermənistanla yanaşı, YUNESKO-nun da yaddaşını təzələmək üçündür...“Müsavat”