“ABŞ RUSİYA İLƏ BAĞLI 18 SSENARİ HAZIRLAYIB” -“Qəbuledilməz şərtlər müharibəni qaçılmaz edir”
"ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı 18 ssenari hazırlayıb. Onların içərisində Rusiyanın Cenevrədəki danışıqlarda təqdim etdiyi təhlükəsizlik zəmanətlərinin heç biri yoxdur. Rusiya Xarici İşlər Nazirliyi cavab üçün ayrılmış həftəni geri sayır, paralel olaraq Ukrayna ilə sərhədə qoşun toplayır".
Yenixeber.org: Bu sözləri politoloq Fərhad Məmmədov Ukrayna uğrunda Rusiya-Qərb qarşıdurmasının mümkün perspektivlərini şərh edərkən bildirib.
"Onlar İsveç və Finlandiyanın təhlükəsizliyini kollektiv qüvvələr vasitəsilə təmin etmək üçün təcili şəkildə NATO-ya qəbul etmək istəyirlər. Bu zaman Qərb Rusiyanın Orta Asiyadakı taktikasından istifadə edir. Belə ki, Rusiya Özbəkistanı və Türkmənistanı KTMT-yə gətirmək üçün onları Əfqanıstandakı "Talibanl"a qorxudur. Eyni qayda ilə NATO da skandinaviyalıları Rusiya ilə təhdid edir", - ekspert vurğulayıb.
Toqquşma harada olacaq və nə qədər davam edəcək? Donbassda lokal müharibə olacaq, yoxsa müharibə sərhədin bütün perimetri boyu yayılacaq? Hansı silahlardan istifadə olunacaq və NATO ölkələri Rusiya ilə açıq qarşıdurmaya qoşulacaqlarmı?! Ümumiyyətlə, bu müharibə dünyanın sonu olacaqmı?
F.Məmmədov qeyd edir ki, bütün bu sualların cavabı Amerikanın hazırladığı 18 ssenarinin içərisindədir: "Bir sualın cavabı isə daha çox maraqlandırır: Qərb Rusiya ilə toqquşmadan imtina edərsə, Rusiya bu şəraitdə öz təhlükəsizliyinə necə təminat verəcək? Yəni tutaq ki, Rusiya Xarkov-Odessa qövsünü tutdu, Ukraynanı Qara dənizdən məhrum etdi. Rusiya bundan sonra Ukraynanın qalan hissəsində NATO raketlərinin yerləşdirilməyəcəyinə zəmanət verirmi?! Yoxsa, məqsədi on milyonlarla insanın olduğu bütün Ukrayna ərazisini ələ keçirməkdir?! Bundan başqa Rusiyanın bütün rəhbərliyinə qarşı sanksiya kampaniyasının başlanması, bank sisteminin SWIFT-dən ayrılması, Rusiya ilə pis münasibətdə olan digər ölkələrdə raketlərin yerləşdirilməsi baş verəcək. O zaman ritorik sual yaranır: Bəs, Rusiya niyə Avropaya yeni qaz xətti çəkirdi?"
Politoloq əlavə edir ki, Ukrayna artıq 2014-cü ildəki ölkə deyil: "Bu illər ərzində yüksək döyüş hazırlığı olan hərbi birliklər formalaşdı, müasir silahlar alındı. Yəni təcavüzə cavab vermək üçün hər şey var və Rusiyanın hamar və ildırım sürətli irəliləməsi mümkün olmayacaq. Tutaq ki, müharibə başlayıb, ruslar hansı istiqamətdəsə irəliləyiblər, paralel olaraq Qərblə yeni şərtlərlə bazarlıq aparmaq istəyirlər. Bəs, Qərb müharibə başlayandan sonra Rusiya ilə sövdələşməyə gedəcəkmi? Mən bunu düşünmürəm. O zaman vəziyyəti ağırlaşdırmağın nə mənası vardı? Rusiya ümid edə bilər ki, Qərb sərt mövqeyindən geri çəkiləcək və Moskvanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini imzalayacaq. Amma Qərb partnyorlarının qarşısında alçalacağı üçün belə qərarlar verə bilməz. Qərb Rusiyadan Şərqi Avropa ölkələri üçün necə analoji təhlükəsizlik təminatı tələb edə bilər? Bu ölkələrin özləri şübhəsiz ki, zəmanət istəyəcəklər. Bəs, region ölkələri Rusiyanın təminatlarına inanacaqmı?! Axı Ukrayna Krımın itirilməsi ilə barışmayacaq, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyadan imtina etməyəcək".
F.Məmmədov vurğulayır ki, hər iki tərəfdən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürülür və bu da müharibəni qaçılmaz edir: "Tərəflər bütün ssenariləri hesablayıblar, amma müharibənin gözlənilməz nəticəsi amili var. Rusiyanın ildırım sürətli qələbə ilə Ukraynanı ələ keçirəcəyi gözləntisinə əks olaraq Qərbin hesablamaları belədir: Rusiya müharibə zamanı minlərlə qurban verəcək, ağır sanksiyaların ilk təsirləri nəticəsində ölkədə narazılıq artacaq, bu da nəticə etibarilə elitadaxili çevrilişə və çöküşə gətirib çıxaracaq. Ümumiyyətlə, müharibə bir günə hesablanmır və gedişatda münaqişə edən tərəflər planlarına düzəlişlər edə bilər. Vəziyyət kifayət qədər mürəkkəbdir və bizim coğrafiyada geosiyasi reallıqların dəyişməsinə gətirib çıxara bilər".
Politoloq hesab edir ki, bu şəraitdə kiçik dövlətlər geosiyasi güc mərkəzləri ilə əlaqələri məhdudlaşdırmalı, qarşıdurma məkanına çevrilməmək üçün təşəbbüslər göstərməli, resurslarını birləşdirməlidirlər.
"Müstəqilliyin və ərazi bütövlüyünün yeganə təminatının təkcə nüvə silahı olmadığını nümayiş etdirmək lazımdır", - F.Məmmədov vurğulayıb.
"Azpolitika"