44 günük müharibə bitsə də, daha təhlükəli, daha ölümcül bir müharibə astanasındayıq. Söhbət narkomüharibədən gedir. Biz bunu son günlər dövlət sərhədini keçməyə cəhd edən narkotacirlərin, eyni zamanda ölkə daxilində narkotikin aktiv satışı ilə məşğul olan şəxslərin timsalında görə bilərik.
Yenixeber.org: Bu sözləri politoloq Qabil Hüseynli deyib.
Q.Hüseynli qeyd edib ki, 44 günlük müharibə ilə Azərbaycan həm də dünya narkotik ticarətinə ciddi ziyan vurmuş oldu:
“27 illik işğal dövründə Qarabağ ərazisi separatçıların başlıca gəlir mənbəyi olan narkotik plantasiyaları ilə zəngin idi. Ermənilər torpaqlarımızın təbii sərvətlərini qanunsuz talamaqla yanaşı, həm də ərazimizi işğal dövründə sözün əsl mənasında dünya narkotik ticarətinin mərkəzlərindən biri halına gətirmişdi. Təbii ki, Azərbaycan işğal faktoru ilə barışmadığı kimi, bu halla da barışa bilməzdi və müharibə sonrası həmin narkotik plantasiyaları məhv edildi, eyni zamanda işğaldakı torpaqlar narkotranzit rolu oynamaqdan çıxdı. Bu isə dünya narkotik ticarəti üçün ciddi zərbə demək idi. Məhz buna görə bu gün ölkəmizə qarşı sanki “narkomüharibə” elan edilib. Son bir ay ərzində yayılan xəbərlərə də baxdıqda görə bilərik ki, ölkədə ard-arda müxtəlif narkotik maddə satıcıları ya ələ keçirilir, ya da narkotacirlər dövlət sərhədini, xüsusilə də İran istiqamətindən pozmağa cəhd edirlər. Düzdür, əvvələr də bu kimi hallar baş verirdi, lakin heç bir zaman narkotacirlər əllərinə avtomat silahlar alıb, sərhədçilərimiz ilə atışmaya girmirdi. Bütün bunlar ondan xəbər verir ki, vəziyyət biz düşündüyümüzdən daha pisdir”.
Q.Hüseynlinin sözlərinə görə, cənub qonşumuz İran öz ərazisindən ərazimizə daxil olan narkotacirlərə qarşı ciddi mübarizə aparmalıdır:
“Təəssüf ki, İran bu və bu kimi halların qarşısını lazımınca almır. Ölkəmizə daxil olan narkotikin əsas mənbəyi məhz İran ərazisidir. Bu isə təkcə Azərbaycan üçün deyil, elə bütün Cənubi Qafqaz, hətta Avropa üçün də təhlükəli br prosesdir. Bunun qarşısı ən qısa zamada alınmalıdır”.