“İRAN UNUTMASIN Kİ, ƏHALİSİNİN YARISI TÜRKDÜR” –“Azərbaycan nə qədər zəif olsa, İrana o qədər xoş olar”
İran Azərbaycan və Türkiyə hərbi təlimləri çərçivəsində Xəzər dənizindəki məşqlərlə bağlı narazılığını bildirib.
Yenixeber.org: Təlimlər bitəndən sonra, sentyabrın 13-də ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirib ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı beş dövlətdən (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır: "Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq".
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində başlayan və ayın 12-nə qədər davam edən təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordusunun qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsi olub. Məşqlərdə həmçinin, sualtı hücum və müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra edilib.
Amma açıqlamaya, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Bununla belə, dünən, sentyabrın 13-də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
H.Hacıyev görüşlə bağlı "Twitter" səhifəsində paylaşım edib. "Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik", - Prezidentin köməkçisi vurğulayıb.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də bu görüş barədə özünün "Twitter" səhifəsində paylaşım edib: "Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik".
Bəs İran Azərbaycan və Türkiyənin təlimlərindən nədən narazıdır?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, İran Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına qısqanclıqla baxır: "Türkiyənin bizim orduya təlim keçməsi, Azərbaycan ordusunun güclənməsi və hətta Ermənistanın Qarabağda məğlub olması İranı son dərəcədə həyəcanlandırır və müxtəlif bəyanatları verməyə sövq edir. Azərbaycan nə qədər zəif olsa, İrana o qədər xoş olar".
Deputatın sözlərinə görə, İran unutmamalıdır ki, Türkiyə və Azərbaycan bir xalqdır: "İran əhalisinin, az qala yarısı da türkdür". O əlavə edib ki, Türkiyə ilə Azərbaycanın birgə təlimləri iki ölkə arasında anlaşmalara uyğundur. Komitə üzvü qeyd edib ki, İran öz hərbi potensialını gücləndirir, nüvə proqramlarını sürətləndirir: "Əslində biz bundan narahat olmalıyıq və buna etiraz etməliyik. İranın regionun bütün islam ölkələrində barmağı var, orada öz gizli təşkilat şəbəkəsini genişləndirir. Onda biz gərək hər belə məsələ ilə bağlı narazılığımızı bildirək. Amma biz İranla dinc qonşuluq münasibətlərini inkişaf etdirmək istəyirik".
S.Rüstəmxanlı vurğulayıb ki, Xəzərdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin İran üçün heç bir təhdidi yoxdur.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, bəzi məqamlarda İranın rəhbərliyində, ictimaiyyətində Azərbaycana qarşı həm dost olan və həm də mənfi münasibət bəsləyən qüvvələr var.
Ekspert qeyd edib ki, Azərbaycan da qeyri-Xəzər dövlətlərinin burada həm gəmiçilik, həm də hansısa şəkildə hərbi fəaliyyətlə məşğul olmasını istəmir: "Sözügedən təlimlər Azərbaycan-Türkiyə tərəfdaşlıq münasibətlərinin bir hissəsidir. Ələlxüsus müdafiə sahəsindəki münasibətlərin. Orada Türkiyə hərbi dəniz qüvvələrinə aid nə gəmi var idi, nə də ayrı bir vasitə. Bu, ümumi mövqeyi olan Xəzəryanı dövlətlərin mövqeyinə heç də zidd deyil".