Ermənistan özünəqəsd ssenarisinə doğru -Bakı və Kreml xəbərdarlıq etmişdi
Paşinyanı devirmək planının arxasındakı 3 məkrli hədəf; tarixdən dərs götürməyənlər onu təkrar və daha ağır formada yaşayırlar; erməni politoloq: “Müharibəni uduzan tək Paşinyan yox, hamımızıq...”
Yenixeber.org: Ermənistan baş naziri Nikol Paşinyana əsas müxalifət qüvvələrinin verdiyi ultimatumun vaxtı dünən günorta bitdi. Gözlənildiyi kimi, Paşinyan nə istefa tələbini yerinə yetirdi, nə də ona qarşı fiziki terror hədəsini ciddiyə aldı. Proseslərin sonrakı inkişaf ssenarisini dəqiq söyləmək mümkün olmasa da (yazı hazırlanarkən qonşu ölkədə hökumətə qarşı kütləvi etirazlar, vətəndaş itaətsizliyi başlamışdı), bir şeyi əminliklə vurğulamaq olar ki, siyasi opponentlərin hakimiyyətə qarşı istefa oyunları ən əvvəl Ermənistanın özünə yaxşı heç nə vəd eləmir.
Birinci ona görə ki, istefa tələblərində əsas hədəf 44 günlük müharibənin məntiqi nəticəsi kimi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı şübhə altına almaq, onu təftiş eləmək və sənədin maddələrini kapitulyasiya etmiş Ermənistanın xeyrinə dəyişdirməyə nail olmaqdır.
İkinci hədəf - artıq tarixə gömülən Dağlıq Qarabağ konfliktini reanimasiya eləmək, Fransanın da olduğu ermənipərəst, bədnam Minsk Qrupu “üçlüyünü”nə təzə “nəfəs vermək” və münaqişənin guya bitmədiyi rəyini yaratmaqla status məsələsini təzədən gündəmə qaytarmaqdır.
Üçüncü heç də az önəm kəsb etməyən məkrli hədəf müharibə nəticəsində fiasko ilı üzləşən və ordusu faktiki, darmadağın olan Ermənistanın məğlubiyyət sindromu yaşayan toplumuna hansısa psixoloji stimul vermək, müharibənin hələ başa çatmadığı fikrini ona aşılamaq, qısası, yeni müharibə və hərbi revanş ideyasını təbliğ eləməkdir. Bu xüsusda ən çox işlədilən tezislərdən biri budur ki, “sülh müqaviləsi imzalanmadığından müharibə də bitməyib”, demək, Ermənistanın xeyrinə guya nələrisə dəyişmək mümkündür.
*****
Bu qəbildən avantürist cəhdlərlə bağlı Rusiya prezidenti Vladimir Putin az öncə erməni müxalifətini, ümumən erməniləri xəbərdar edib: üçtərəfli sənəddən imtina yeni müharibə və Ermənistan üçün özünə-qəsd olardı. Analoji məzmunda açıqlamalar rəsmi Bakı tərəfindən də verilib.
Görək, ilk növbədə V.Putinin - Ermənistanın yeganə mövcudluq qarantı olan Rusiya liderinin xəbərdarlığı nə dərəcədə ciddiyə alınacaq. Özü də Kreml başçısı heç də xoşlanmadığı Paşinyanla işləmək tövrü ortaya qoyub ki, bu da Moskvanın hazırkı mərhələdə onun istefasında maraqlı olmadığı anlamına gəlməklə yanaşı, Ermənistandakı Rusiyayönümlü qüvvələrə də mesaj sayılmalıdır.
Dəmir məntiq isə deyir ki, müharibəni təkcə N.Paşinyan iqtidarı deyil, bütövlükdə Ermənistan, onun indiki, keçmiş rəhbərləri və iqtidarları, ümumən erməni xalqı, erməni lobbisi uduzub, çünki onların hamısı sentyabrın 27-dək sərsəm “miatsum” ideyasına sidq ürəkdən inanıblar. Məgər Cıdır düzündə yallı gedən Nikolun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”, “Azərbaycana bir qarış da torpaq qaytarılmayacaq!”, onun müdafiə naziri David Tonoyanın isə “Yeni ərazilər uğrunda yeni qalibiyyətli müharibə” tipli sərsəm bəyanatlarından riqqətə gələnlər, onlara çəpik çalanlar təkcə Paşinyan tərəfdarları idimi? Əsla. Xırda istisnalarla, alqış edən, əl çalan iqtidarlı-müxalifətli erməni xalqının özü idi.
“Müharibəni uduzan tək Paşinyan yox, hamımızıq. Bütün günahı bir nəfərin üzərinə atmaq cəhdləri təhlükəlidir”.
Bunu erməni politoloq Armen Qasparyan deyib. Onun sözlərinə görə, bu gün müxalifət cəbhəsini dolduran bir çox qüvvə vaxtilə mövcud vəziyyətə gətirib çıxaran qərarları alqışlayanlardı. “İnsanların yaddaşının qısa olduğunu düşünürlərsə, çox səhv edirlər. Ümumiyyətlə, məncə, Ermənistanda tam olaraq nə baş verdiyini anlamırlar. Bu heç də hərbi məğlubiyyət deyil, bu - çoxlarının günahkar olduğu milli aşağılanmadır”, - deyə o qeyd edib.
Armen Qasparyan
*****
Erməni toplumunun anlamalı olduğu daha bir sərt gerçək Azərbaycan ərazisində “ermənilərin nəzarətində qalan ərazi” anlayışının daha mövcud olmamasıdır. O sırada hiss olunur ki, Xankəndidə rus sülhməramlılarının arxasında gizlənən quldurbaşı Araik Aryutunyan yenə “dövlətcik” oyunu oynamağa, keçmiş oyuncaq rejimin “bayraq” adlandırdıqları əski parçası qarşısında poza verib şəkil çəkdirməyə həvəslidir. Yenə də bu uydurma “prezident” heç nə olmayıbmış kimi özündən hansısa “sərəncamlar” verir, “nazir” təyin edir. Haqqında cinayət işi qaldırdığımız bu kriminal ünsürün daha xəbəri yoxdur ki, oyun bitib və onu və əlaltılarını Rusiya hərbçiləri xilas edə bilməyəcək. Sadəcə, bir azca zamana ehtiyac var.
“Qarabağda ermənilərin nəzarətində qalan ərazi yoxdur. Bunu Ermənistan ictimaiyyətinə izah etmək, keçmişə dönüşün olmayacağını anlatmaq lazımdır. Lakin bu, o demək deyil ki, bu ərazidə yaşamaq istəyən ermənilər geri qayıda bilməz”.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın əməkdar elm xadimi, professor Kamran Rüstəmov bildirib.
Professorun fikrincə, erməni ictimaiyyətinə həqiqətləri başa salmaq, şüurlarını yenidən qurmağa kömək etmək və 30 il boyunca düşmən hesab etdiyi qonşusu ilə yeni şəraitdə yaşamağa uyğunlaşdırmaq üçün böyük əmək sərf etmək lazımdır. “Doğru gələcəyi qurmaq üçün bu günlə yaşamaq lazımdır!”, - deyə o, hələ də siyasi avantüristlərin ardınca getməyə meyilli olan erməni toplumuna səslənib.
“İndi Ermənistanda elə bir vəziyyət var ki, bunu heç düşmənə belə, arzu etməzsən”.
Bu sözləri isə rusiyalı politoloq Vitali Arkov deyib.
“Aydındır ki, Ermənistan cəmiyyəti məlum bəyanatdan narazıdır. Məsələ ondadır ki, uzunmüddətli təbliğat Ermənistandakı insanların şüuruna təsir etdi. Buna görə də indi siyasətçilər on illərdir bu təbliğatla bəslənən seçicilərin eşitmək istədiklərini söyləyirlər. Bəli, bunu qəbul edən, ölkənin həyatına sıfırdan başlamağı söyləyən ağıllı insanlar da var. Onlar deyirlər ki, sülh içində, Azərbaycan, Türkiyə ilə harmoniya içində yaşamağı öyrənməliyik, ölkənin iqtisadiyyatını bərpa etmək lazımdır. Ermənistanın edəcəyi çox şey var. Oradakı ağıllı insanlar başa düşür ki, hərbi revanş cəhdi ölkədəki fəlakətin şiddətlənməsinə səbəb olacaq. Ermənistandakı revanşizm yeni qurbanlardan başqa bir şey gətirməyəcək”, - Arkov bildirib.
*****
Ancaq bu kimi çağırışlar ciddiyə alınacaqmı, yoxsa Ermənistan özünəqəsd ssenarisinə doğru yolunu davam etdirəcək? İrəvandan gələn son xəbərlər erməni xalqı üçün daha çox neqativlər vəd edir, nəinki pozitiv aqibət...
“Müsavat”