“QİYAMA TÜRKİYƏ SƏFİRLİYİ RƏHBƏRLİK EDİRDİ”
“Hökumətin atdığı bu addım yeganə düzgün addım idi”
"Xeberinfo.com": Bu gün Rövşən Cavadovun rəhbərlik etdiyi qiyamçı Xüsusi Təyinatlı Polis Dəstəsinə (“OMON”) qarşı həyata keçirilən əməliyyatın 20-ci ildönümü tamam oldu. 1995-ci il martın 13-dən OMON-la Daxili Qoşunlar arasında gedən silahlı münaqişə Rövşən Cavadovun öldürülməsi, “OMON”çuların təslim olması ilə nəticələndi.
Üzərindən 20 il keçməsinə baxmayaraq, həmin hadisələrlə bağlı bütün gizlinlərə aydınlıq gətirilməyib və çox ziddiyyətli fikirlər, mövqelər var.
“OMON” qiyamının yatırılmasında fəal iştirak etmiş Azərbaycan parlamentinin o zamankı sədri Rəsul Quliyev, həmin hadisələrlə bağlı AzPolitika.info-ya qısa açıqlama verib.
Eks-spiker deyib ki, “OMON” dövlət çevrilişinə cəhd edirdi və bunun qarşısı qətiyyətlə alınıb: “20 il bundan öncə “OMON” adlı silahlı qüvvənin dövlət çevrilişinə cəhdlərinin qarşısı əsgərlərin qanı bahasına alınmışdı. Bu cinayətin barəsində müxtəlif əfsanələr uydurmaq , təşkilatçılardan qəhrəman obrazları yaratmaq cəhdləri indi də davam edir. Əslində bu hadisə 1992-ci ilin martında 5000 mitinqçinin zorla Mütəllibovu istefaya göndərməsi, həmin ilin mayında təqribən 1500 adamın onu ikinci dəfə ölkədən qovması və 1993-cü ildə Sürət Hüseynovun 4 tank və 70 nəfərinin AXC hakimiyyətini devirməsi hadisələrinin davam edən rezonansı idi. “OMON” indiyə qədər baş vermişləri daha böyük qüvvə ilə təkrar etmək istəyirdi.”
R.Quliyev deyir ki, kimlərinsə istefasını tələb etmək normal haldır. Ancaq silahla kimlərisə zorla istefaya göndərmək cəhdi cinayətdir. “Şəxsən mən 10 dəfələrlə onları tərksilah olmağa və bu yoldan çəkinməyə çağırdım. Təəssüf ki, iki məsələ – birincisi indiyə qədər baş vermiş hadisələrin rezonansının hələ də davam etməsi, ikincisi Azərbaycanı idarə etmək funksiyasını ələ keçirmək istəyində olan Tansu Çillər hökumətinin “OMON”u dəstəkləməsi – onsuz da intellektli az olan “OMON” liderlərini çaşdırmışdı. Onlar qələbə çalacaqlarına inanırdılar. Ağ bayrağı çox gec, artıq 10-larla insanların qanı töküləndən sonra qaldırdılar.”
Eks-spiker deyir ki, “OMON”-çulara birbaşa Türkiyə səfirliyi rəhbərlik edirdi.“Onların vasitəsilə bizə ağ bayraq qaldırdıqlarını çatdırmışdılar. Sözsüz ki, həmişə – bu gün də, o vaxt da cavan insanların qanlarının tökülməsinə dərin təəssüf hissi keçirirəm. Ancaq hökumətin atdığı bu addım yeganə düzgün addım idi. Gərək birdəfəlik kimlərinsə əlinə silah alıb hökuməti zorla şantaj etməsinə son qoyulardı və bu iş görüldü”.
AzPolitika.info