Rusiya Ermənistanı silahlandırmaqla nə göstərmək istəyir?
Yenixeber.org: Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri Ermənistan-Rusiya hərbi əməkdaşlığının fəallaşması ilə eyni vaxta təsadüf edib. Belə ki, Şoyqu Azərbaycana gəlməzdən bir gün əvvəl Moskvada Ermənistanın müdafiə naziri Tonoyanla görüşüb.
Görüş başa çatdıqdan sonra Tonoyan təntənəli şəkildə bildirib ki, Ermənistandan başqa dünyada heç bir ölkə Rusiya ilə hərbi-texniki əməkdaşlığın belə səviyyəsinə görə qürur duya bilməz.
Həqiqətən də, Bakıya gəlməzdən və nəqliyyat təyyarələri ilə tikinti materialları göndərildiyi haqqında axmaq bəyanatlar verməzdən əvvəl Şoyqu Ermənistana məxsus köhnə SU-25 hücum təyyarələrinin müasirləşdirilməsi haqqında razılıq əldə edib. 14 SU-25 təyyarəsi müasir izləmə və aşkar etmə sistemləri ilə təchiz ediləcək, bu da onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Eyni zamanda Rusiya bildirib ki, Ermənistana 8 müasir ağır SU-30 SM qırıcı təyyarəsi göndərəcək.
KTMT üzvləri üçün bu təyyarələrin bir ədədinin qiyməti 30 mln. dollardır, deməli, sövdələşmə Yerevana 240 mln. dollara başa gələcək.
14 ədəd SU-25-in müasirləşdirilməsi üçün isə Yerevana 84 mln. dollar lazım olacaq. Ümumi məbləğ 324 mln. dollar təşkil edir. Belə bir sual yaranır: Yerevanın bu qədər vəsaiti hardandır?
Əvvəlki təcrübəni yada salsaq, Rusiyanın ən bahalı silahları (S-300 və “İskander” raketləri) Yerevana pulsuz göndərilib.
Bu fonda Azərbaycan Rusiyadan silahları beynəlxalq qiymətlərlə alır, son illər bu məqsədlə təxminən 5 mlrd. dollar xərcləyib.
Rusiyadan silah alan Azərbaycan haqlı olaraq şimal tərəfdaşının vicdanına ümid edə bilərdi, amma Moskva bir daha sübut edib ki, Azərbaycanı sadəcə olaraq “sağmaq” və Ermənistanı dəstəkləmək niyyətindədir. Bu zaman Moskvalı məmurların həyasızlığının həddi-hüdudu yoxdur və keçmiş yanğınsöndürən Şoyqu gözünü qırpmadan bəyan edir ki, Rusiya heç vaxt Azərbaycanın əleyhinə heç nə etməyəcək.
Şoyqunun nə dərəcədə axmaq göründüyü ona səthi nifrətlə baxan İlham Əliyevin üz ifadəsindən yaxşı görünürdü.
Görünür, Moskvanı Cənubi Qafqazda silah bazarından sıxışdırıb çıxarmağın və başqa ölkələrə istiqamətlənməyin vaxtı çatıb. Bu yaxınlarda ABŞ dövlət katibinin müavininin Amerikanın hər yerə silah göndərməyə hazır olması barədə səsləndirdiyi bəyanat təsadüfi deyildi.(turan)