Ağdam səhiyyəsinin "Çovdarovu" haqda tükürpədici faktlar
Ağdam səhiyyəsi can verir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyevin sayəsində şəhər camaatının sağlamlığı təhlükədədir.
Xeberinfo.com: Düşmənlə üzbəüz olan Ağdamın səhiyyəsi ən yüksək səviyyədə olmalıdır. Ancaq baş həkim səhiyyəni bərbad günə qoyub
Demokratiya.İnfo-nun araşdırmalarına görə, B.Haqverdiyev təyinat aldığı ilk gündən ixtisar adı altında narazılıq yaratmağa başlayıb. O, Qəbələ Diaqnostika Mərkəzində həkim işləyərkən vətəndaşları süründürməçiliyə salıb, rüşvət almaqda ittiham olunub.
Sonra rüsvayçı şəkildə həmin işindən uzaqlaşdırılıb. İndi Haqverdiyev dərman çatışmazlığına səbəbkar olub. Bu azmış kimi, səhiyyə şöbəsinin müdiri Bəxtiyar Haqverdiyevlə şöbənin rəhbər şəxslərindən olan Xətai Abdullayev arasında qarşıdurma dərinləşməkdədir. Bunun da cəfasını yerli sakinlər çəkir.
Şöbə müdirinin idarəçiliyinə etiraz edən Xətai Abdullayev baş həkimin qəzəbinə tuş gəlib. Baş həkim Xətai Abdullayevi vəzifəsindən kənarlaşdırmağa cəhd etsə də, buna nail ola bilməyib.
Demokratiya.İnfo-ya daxil olan xəbərə görə, Ağdam rayon Mərkəzi Xəstəxanasının cari təmiri, avadanlıqlar, inventarlar, dəftərxana və təsərrüfat malları, maşın və avadanlıqların satın alınması məqsədilə böyek yeyintilərə yol verilib.
İddialara görə, Niyazi Azay oğlu Kərimova məxsus , Ağdam rayon Quzanlı qəsəbəsində qeydiyyatda olan “Azər-inşaat-2012” MMC-lə apardığı maliyyə əməliyyatları baş həkimin biznesini genişləndirib.
Bəxtiyar Haqverdiyev primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktları Gülnar Abbasovanın ayağına yazıb.
Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar.
Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.
RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bəzi ucqar kəndlərdə guya fəaliyyət göstərən amblatoriyalarda çalışan tibbi personalı heç kim görmür.
Lakin bu ambulatoriyaya və orda guya mövcud olan personala dövlətdən pul ayrılır ki, bunları da baş həkim mənimsəyir. “Ölü can” əməliyyatı Bəxtiyar Haqverdiyevin zamanında artan xətt üzrə gedir.