Etibar Toğrul məhkəmədə baş həkimə qalib gəldi
Ağdam rayon Məhkəməsində keçirilən prosesdə Etibar Toğrulun xeyrinə qərar qəbul edilib.
Yenixeber.org: Bu barədə “Vetenperverler.az” xəbər portalı məlumat yayıb.
Xəbər verdiyimiz kimi, Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyevin saytımızın redaktoru Etibar Toğrul barəsində Ağdam rayon Məhkəməsində mülki iddia qaldıraraq, jurnalistdən 15 min manat təzminat tələb etmişdi. Ötən ilin 25 dekabrından başlanan məhkəmə prosesi ərzində beş məhkəmə iclası keçirilib.
Elşad Bayramovun hakimliyi ilə keçirilən proses bu gün yekunlaşib. Etibar Toğrul baş həkimin iddiasının əsassiz olduğunu məhkəmə heyəti qarşısında sübut edib. Hakim Elşad Bayramov ədalətli mövqe nümayiş etdirərək Bəxtiyar Haqverdiyevin iddiasının əsassız olduğunu elan edərək, Etibar Toğrulun xeyrinə qərar qəbul edib.
Məhkəmə barədə jurnalist Etibar Toğrulun mövqeyi belə olub:
“Mən əvvəla iki aydan artiq davam edən proses boyu ədalətli mövqe tutmuş möhtərəm hakim Elşad Bayramova təşəkkür edirəm. O ki, qaldı bu gün ki, son prosesə, mən lap başdan bildirmişdim ki, Bəxtiyar həkimin iddiası əsassizdir və məhkəməyə heç bir sübut təqdim edə bilməyəcək. Yazdığim kimi də oldu... Ötən məhkəmə iclasında hakim iddiaçı tərəfə sübutları məhkəməyə təqdim etmələri üçün sonuncü dəfə vaxt vermişdi. Bəxtiyar həkim və onun vəkili isə heç bir sübut əldə edə bilmədikləri üçün məhkəmə qarşısında aciz vəziyyətə düşdülər.Məhkəmə prosesi getdiyi son iki ay ərzində baş həkim gah, məni Qarabağ əlilləri ilə üz-üzə qoymağa cəhd etdi, gah mənim yazmadığim ifadələri mənim adımdan Ağdam ictimaiyyətinə çatdırdı, gah məni kimlərinsə yanında hədələdi. Bütün bunların üzərindən sükütla keçdim. Çox sözlər eşitdim və özümü eçitməməzliyə vurdum. Məhkəmənin yekun qərarını gözlədim. Ancaq bu son deyil. Mən mülki iddia qaydasında işgüzar nüfuzumun müdafiəsi və dəymiş maddi ziyana görə Bəxtiyar Haqverdiyev barəsində Ağdam rayon Məhkəmisinə müraciət edərək, 20 min manat maddi təzminat tələb edirəm. Onun qaldırdığı iddiada mən qalib gəldiyim kimi, mənim şikayətim əsasında keçiriləcək məhkəmə prosesinin sonunda da qalib gələcəyimə inanıram.Çünki, mən dövlətimin qanunlarına güvənirəm. Necə ki, hələ bu məhkəmə prosesi başlamamış yazmışdim ki, mənim ömrümün çox hissəsi məhkəmə salonlarında keçib. Məhkəmədə mənə qalib gəlmək asan məsələ deyil. Bu balığı suya tullamaqla qorxuzmağa bənzəyir. Ancaq, o vaxtı Bəxtiyar Haqverdiyev mənim bu mesajımı ciddiyə almadı. Olsun, bu dəfə isə mən əks hucuma keçdim. Mən heç zaman, tək müdafiədə oynamağı xoşlamamışam... Allah Bəxtiyar həkimə səbr versin!"