Ağdam səhiyyəsində kadr və maliyyə əməliyyatları: MÜƏMMA
Baş həkim Bəxtiyar Haqverdiyevlə iş adamı Niyazi Kərimovu nə birləşdirir?
Xeberinfo.com: Redaksiyamıza Ağdam rayon Səhiyyə Şöbəsi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumata görə səhiyyə şöbəsinin müdiri Bəxtiyar Haqverdiyevlə şöbənin rəhbər şəxslərindən olan Xətai Abdullayev arasında qarşıdurma yaranıb. Səbəb kimi isə baş həkimin qanunazidd əməlləri göstərilir. Şöbə müdirinin heç bir normaya sığmayan idarəçiliyinə etiraz edən Xətai Abdullayev baş həkimin qəzəbinə tuş gəlib...
Baş həkim Xətai Abdullayevi vəzifəsindən kənarlaşdırmağa cəhd etsə də, buna nail ola bilməyib. Məlumatlı şəxsin bildirdiyinə görə, Xətai Abdullayev savadlı və sözünü deməyi bacaran şəxslərdəndir. Onun mərhum atası Fahin Abdullayev uzun müddət Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsinin müdiri olub. Ağdamda hər kəs mərhum Fahin Abdullayevi haqqı-nahaqqa verməyən şəxs kimi xatırlayır. Elə Xətai Abdullayev də mərhum atası əqidəli kimi tanınır.
Məhz bu səbəbdən də səhiyyə şöbəsinin müdiri Bəxtiyyar Haqverdiyevlə aralarında narazılıq yaranıb. Rayondan xeberinfo.com-a daxil olan məlumata görə, Xətai Abdullayev baş həkimin şöbədə apardığı haqsız kadr ixtisarlarına etiraz edib. Baş həkim Bəxtiyar Haqverdiyevin səhiyyə şöbəsinin bəzi əməkdaşlarını haqsız yerə işdən kənarlaşdırmasının isə özəl səbəbləri varmış. Bununla bağlı xeberinfo.com-a bəzi məlumatlar daxil olsa da, hələlik onları dərc etməyi etik normalara uyğun bilmirik...
Bu və digər məlumatlarla bağlı Ağdam rayon səhiyyə şöbəsinin müdiri Bəxtiyar Haqverdiyevin də münasibətini öyrənməyə cəhd etdik. Telefon danışığı zamanı Bəxtiyar Haqverdiyev məlumatlara aydınlıq gətirmək əvəzinə, bizi məhkəmə ilə hədələməyə cəhd etdi. Maraqlıdır ki, baş həkim məlumatlara aydınlıq gətirmək əvəzinə hədə-qorxu gəlməklə məlumatın dərc olunmasının qarşısını almaq istədi(?) Təəssüf.
Biz isə Ağdam kimi böyük bir rayonun səhiyyə şöbəsinin müdirinin bəzi “incə” məlumatlarla birlikdə, maliyyə əməliyyatlarına da aydınlıq gətirməsini istərdik. Məsələn, Bəxtiyar Haqverdiyevin Qəbələ rayonundakı işindən hansı səbəbdən uzaqlaşdırılmasına, Ağdam rayon Mərkəzi Xəstəxanasının cari təmiri, avadanlıqlar, inventarlar, dəftərxana və təsərrüfat malları, maşın və avadanlıqların satın alınması məqsədilə Niyazi Azay oğlu Kərimova məxsus , Ağdam rayon Quzanlı qəsəbəsində qeydiyyatda olan “Azər-inşaat-2012” MMC-lə apardığı maliyyə əməliyyatlarına aydınlıq gətirməsi vacibdir. Ən azı yazılmış qanunlara görə.
Biz isə Ağdam rayon səhiyyə şöbəsinin baş həkiminin cavablandırmaqdan yayındığı detalları araşdırmağa qərarlıyıq. Həm də Maliyyə Nazirliyinin bu yaxınlarda Ağdam rayon Səhiyyə Şöbəsində hansı maliyyə çatışmamazlıqlarını üzə çıxarması ilə bağlı məqama da aydınlıq gətirməyə çalışacağıq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Adil