Alı Alıyev növbəti səyyar qəbul-görüş keçirdi - FOTOLAR
Alı Alıyev cəbhə xəttinə yaxın kəndlərin sakinləri ilə görüşüb
Xeberinfo.com: Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” , “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğılarını həll edir.
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü düşmənlə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə keçirilmişdir.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirmişdir.
Alı Alıyev aprelin əvvəlində cəbhədə baş vermiş hadislərdən danışmış, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun qazandığı qələbənin bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurduğunu vurğulamışdır. Qeyd etmişdir ki, cəbhə xətti boyunca yerləşən Mirzənağılı, Qazaxlar, Alıxanlı, Şükürbəyli kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.
Səyyar qəbulda bildirlmişdir ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Mirzənağılı kənd sakini Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Kənd sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığının, acizliyinin nümunəsidir. Bildirilib ki, düşmənin Azərbaycan əsgəri qarşısında tab gətirməyərək darmadağın olması, qaçması füzulililəri bir daha əmin etdi ki, xalqımızı qoruyan güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik Prezidentimiz, Ali Baş Komandanımız var.
Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.