Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirdi - FOTOLAR
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Xeberinfo.com: Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü rayonun cəbhə xəttinə bir neçə yüz metr məsafədə yerləşən Şükürbəyli və Qazaxlar kəndlərində keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır, onların qayğı və problemləri həll olunur.
Alı Alıyev bildirmişdir ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Şükürbəyli və Qazaxlar kəndləri fasiləsiz işıq, su, qaz ilə təmin olunub, hər iki yaşayış məntəqəsinə müasir asfalt örtüyü çəkilib, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Şükürbəyli və Qazaxlar kəndlərində məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin gərgin və yorulmaz fəaliyyəti, apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində rayonda məcburi köçkünlərin rifahı gündən-günə yaxşılaşır.
Səyyar qəbul-görüşdə çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova dünyada baş verən ictimai-siyasi proseslərdən danışmış, prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən sosial-iqtisadi inkişafdan, ölkə başçısının məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
Görüşdə kənd sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların ictimai nəzarət qaydasında həll olunmasına çalışılmışdır.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən hər iki kəndin sakinləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər sosial problərinin həll olunduğunu bildirdilər.
Görüşdə çıxış edənlər Prezident cənab İlham Əliyevin əmək haqlarının, pensiyaların, Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin təqaüdlərin, həmçinin məcburi köçkünlərə dövlət tərəfindən verilən yeməkxərci müavinətinin artırılması barədə imzaladığı Fərman və Sərəncamları yüksək qiymətləndirdiriblər, onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və xanımına minnətdarlıqlarını bildirmişlər.