Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İspan qripi”:50 milyon insanı öldürən pandemiyadan sonra dünya nə haldaydı?

 

 "İspan qripi" haqqında heç nə eşitməmisinizsə, 20-ci əsrin əvvəllərində baş vermiş bu dəhşətli pandemiyaya aid məlumatlarla tanış olmağın əsl zamanıdır.

Yenixeber.org: 1918-20-ci illər aralığında baş vermiş pandemiya o dövrdə 2 milyarddan az olan dünya əhalisinin üçdə birinə yoluxmuş və təxminən 20-50 milyon arası adamın ölümünə səbəb olmuşdu.

Ölənlərin sayıyla bağlı təxminlərin ən kiçiyi doğru olmuş olsa belə, "ispan qripi" həmin illərdə davam edən Birinci dünya müharibəsindən daha çox insan təlafatına gətirib çıxarmışdı.

Dünya Covid-19 böhranıyla mübarizənin yollarını axtarmaqdaykən "ispan qripi" pandemiyasından sonra dünyada nələr olduğunu yada salaq.

                                            1921-ci ildə dünya tamam başqaydı

O illərə nəzər salanda, dünyanın 100 il ərzində xeyli dəyişdiyini görmək çətin deyil.

Tibb elminin, o cümlədən, dəqiq elmlərin o dövrdəki imkanları indikindən xeyli azıydı.

Həkimlər "ispan qripi"nin bəzi mikroorqanizmlərdən qaynaqlandığını və xəstəliyin insandan insana keçdiyini bilirdilər, amma əsas səbəbin virus yox, bakteriya olduğunu düşünürdülər.

 

Müalicə imkanları da çox məhduduydu. Təkcə bunu xatırlamanız yetər ki, ilk antibiotik pandemiyadan 8 il sonra kəşf edilmiş, ilk qrip peyvəndi 1940-cı illərdə icad olunmuşdu.

Ən başlıcası isə xalqa pulsuz səhiyyə xidmətləri təklif edən qurumlar hələ mövcud deyildi.

"Pale Rider: The Spanish Flu of 1918 and How it Changed the World" ("Solğun atlı: 1918-ci ildəki "ispan qripi" və o, dünyanı necə dəyişdi") kitabında "ispan qripi"nin dünyanı necə dəyişdirməsindən bəhs edən Laura Spinney yazır ki, "Sənayeləşmiş ölkələrdə həkimlərin çoxu özəl müayinəxanalarda və ya yardım quruluşlarıyla dini qurumların açdığı xəstəxanalrda çalışırdılar. Xəstəxanalar insanların böyük əksəriyyəti üçün əlçatmazıydı".

                                               Gənclər və yoxsullar

Vəziyyəti daha da pisləşdirən məqamlardan biri "ispan qripi"nin əvvəlki pandemiyalardan - məsələn, 1889-90-cı illərdə dünya üzrə 1 milyon insanın həyatına son qoymuş infeksiyadan xeyli fərqli xüsusiyyətlərə malik olmasıydı.

Virus daha çox 20-40 yaş arası kişiləri öldürürdü. Bunun əsas səbəblərindən biri xəstəliyin, böyük ehtimal, Birinci dünya müharibəsinin qələbəlik hərbi düşərgələrində başlaması və evlərinə dönən əsgərlər vasitəsilə dünyaya yayılmasıydı. O vaxt pandemiya əsasən kasıb ölkələrə zərər vurmuşdu.

Harvard Universitetinin əməkdaşı Frank Barro 2020-ci ildə dərc edilən araşdırmasında yazır ki, ABŞ-da hər min nəfərdən beşi (550 min nəfər), Hindistanda isə 17 milyon insan (5,2%) "ispan qripi"ndən ölmüşdü.

"Birinci dünya müharibəsinin və "ispan qripi"nin səbəb olduğu ölümlərdən sonra arxada böyük bir iqtisadi xarabalıq qaldı"- bunu isə "1918-ci il pandemiyası" kitabının müəllifi Catharine Arnold yazıb.

Yazıçının İngiltərədə yaşayan nənə-babası da bu xəstəliyin qurbanı olub.

"Bir çox ölkədə pandemiyadan sonra ailənin mağazasını işlədəcək, tarlasını şumlayacaq, heyvanlarına baxacaq, ticarətini idarə edəcək, evlənib nəslini davam etdirəcəkgənc kişilərin çoxu ölmüşdü" - bunlar da Arnoldun yazdıqlarındandır.

O qədər çox kişi ölmüşdü ki, milyonlarla qadın ailə qura bilməmişdi.

 

                                               Yeni işçi qüvvəsi - qadınlar

Doğrudur, "ispan qripi" 14-cü əsrdə feodalizmin sonunu gətirmiş "Qara vəba" pandemiyası kimi ictimai dəyişikliyə səbəb olmamışdı, ancaq bir çox ölkədə cinslərin ictimai həyatdakı rolunu kökündən dəyişdirməsi birmənalıdır.

Texas A&M Universitetinin araşdırmaçısı Christine Blackburn deyir ki, ABŞ-da çoxsaylı ölümlərdən sonra yaranmış işçi qüvvəsi qıtlığı qadınlara işləmək fürsəti yaradıb: "1920-ci ildə ölkə miqyasında işçi qüvvəsinin 21%-ini qadınlar təşkil edirdi".

Amerikalı qadınlara səsvermə haqqı tanıyan konstitusiya dəyişikliyi də (19-cu maddə) Konqresdə elə həmin il qəbul edilmişdi.

"1918-ci ildəki "ispan qripi"nin bir çox ölkədə qadın haqlarına təsir etdiyini sübut edən dəlillər var" - Blackburn belə deyir.

Qripin iş həyatına başqa bir təsiri işçi qüvvəsi qıtlığı yaşayan bəzi ölkələrdə həmkarlar ittifaqlarının güclənməsi, bəzilərində isə maaşların artırılması olmuşdu.

ABŞ-ın rəsmi statistikasına görə, emal sənayesində çalışanların əməkhaqqısı 1915-ci ilədki 21 sentdən 1920-ci ildəki 56 sentə qədər artmışdı.

 

                                       Yeni nəsillər çiyinlərində yüklə doğuldular

Mütəxəssislər "ispan qripi" illərində doğulan uşaqların da həyatını araşdırıb. Məlum olub ki, bu pandemiyadan əvvəl və sonra dünyaya gələn uşaqlarla müqayisədə onlar ürək problemlərindən və digər xəstəliklərdən daha çox əziyyət çəkiblər.

Britaniya və Braziliyada aparılmış araşdırmalar 1918-19-cu illərdə anadan olan uşaqların digərlərinə nisbətən daha az təhsilli olduğunu və daha çox işsiz qaldığını üzə çıxarıb.

Bəzi mütəxəssislər hesab edirlər ki, pandemiya dövründə hamilə qalan qadınların çətin həyatı uşaqların ana bətnindəki inkişafına mənfi təsir edib.

ABŞ-da hərbi xidmətə çağırılanlara bağlı statistikanın analizi də maraqlı bir fakt aşkar edib - 1915-22-ci illər aralığında doğulanlara aid orduya çağırış məlumatlarından görünüb ki, 1919-cu ildə dünyaya gələnlərin orta boy göstəricisi digər illərdə anadan olanların boyundan təxminən 1 mm az olub.

                                    Müstəmləkəçilik və beynəlxalq əməkdaşlıq

O dövrdə Hindistan artıq 100 ildən çoxuydu ki, Britaniyanın müstəmləkəsiydi.

Bu ölkədə 1918-ci ilin may ayında peyda olan "ispan qripi" ingilislərə yerli xalqlardan daha az yoluxmuşdu. Həmin dövrə aid statistikaya görə, virus aşağı kastalardan hesab olunan hinduların hər min nəfərindən təxminən 62-sini, Hindistanda yaşayan avropalılarınsa hər min nəfərindən təxminən 9-nu öldürmüşdü.

Pandemiya dövründə Hindistanın milli suverenliyi tərəfdarları ingilis müstəmləkəçilərin böhranı yaxşı idarə etmədikləri barədə ictimai rəyi uca səslə dilə gətirməyə başlayıblar. Mahatma Ghandi-nin 1919-cu ildə dərc etdiyi "Young İndia" ("Gənc Hindistan") jurnalı Britaniyanın müstəmləkəçi idaəetmə sistemini çox sərt tənqid edib.

 

"Belə qorxunc və dağıdıcı bir epidemiyanın yayıldığı dövrdə heç bir mədəni ölkənin hökuməti Hindistandakı hökumət qədər bacarıqsızlıq nümayiş etdirməyib" - jurnalın baş məqaləsində belə yazılmışdı.

Birinci dünya müharibəsindən sonra ortaya çıxan böyük geosiyasi problemlərə baxmayaraq "ispan qripi" pandemiyası millətlərarası iş birliyinin vacibliyini üzə çıxardı.

BMT-nin sələfi sayılan Millətlər Liqası 1923-cü ildə Sağlamlıq Təşkilatını yaratdı - bu, diplomatların yox, səhiyyə mütəxəssislərinin idarə etdiyi və epidemiyalara millətlərarası nəzarət sistemlərini formalaşdıran texniki təşkilatlanmaydı. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi tanıdığımız qurum xeyli sonra - 1948-ci ildə yaradılacaqdı.

İctimai səhiyyənin inkişafı

Pandemiyanın fəlakətli nəticələri ictimai sağlamlıq məsələsində - tibbi xidmətlərin kütlələrə əlçatan edilməsi sahəsində böyük addımlar atılmasına da səbəb oldu.

Sosialit inqilabından sonrakı dövrdə (1920) Rusiya pulsuz tibb xidmət təşkil edən ilk ölkə oldu. Digər ölkələr də təcili sürətdə bu addımı atdılar.

Laura Spinney yazır ki, "1920-ci illərdə bir çox ölkədə səhiyyə nazirlikləri yaradıldı, mövcud olanlar gücləndirildi. Bu, birbaşa pandemiyanın nəticəsiydi, çünki həmin dövrdə tibbi məsələlərlə məşğul olan məmurlar hökumətin iclaslarına buraxılmamışdılar, onlar ehtiyac duyduqları vəsaitləri və səlahiyyətləri əldə etmək üçün digər məmurlara yalvarmalı olmuşdular".

Londondakı Royal Halloway Universitetinin antropoloqu Jennifer Cole hesab edir ki, pandemiya-müharibə kombinasiyası dünyanın bir çox yerində sosial dövlət toxumlarının cücərməsinə gətirib çıxarıb:

"Dövlətin sosial yardım funksiyası bu kontekstdə üzə çıxdı. Pandemiyadan sonra milyonlarla insan dul, yetim və ya əlil qalmışdı. Bu mənada sanki pandemiyalar cəmiyyətlərin analiz edilməsinə yol açır. onlardan sonra toplumlar daha çox bərabərlik tərəfdarı olurlar".

                           Küçəyə çıxma qadağasının və sosial məsafənin faydaları

"İki şəhərin hekayəsi" adlı məşhur bir nümunə var.

Müharibəni maliyyələşdirmək məqsədilə çap edilmiş dövlət istiqrazlarının təşviqi üçün 1918-ci ilin sentyabrında Amerika şəhərlərində paradlar keçirilirdi.

"ispan qripi" yayılmağa başlayanda ABŞ-ın Filadelfiya və Sent-Luis şəhərləri bununla bağlı bir-birindən fərqli iki üsul seçildi. Filadelfiyada tədbir planlaşdırıldığı qaydada keçirildi, Sent-Luisdə təxirə salındı.

 1920-ci illərdə bir çox ölkədə səhiyyə nazirlikləri yaradıldı, səhiyyə sistemləri təkmilləşdirildi

Bir ay sonra Filadelfiyada "ispan qripi"ndən ölənlərin sayı 10 mindən çox, Sent-Luisdə isə 700 nəfər olmuşdu.

Bu, epidemiyalarda sosial məsafənin faydalı strategiya olması fikrini gücləndirən faktdır.

Araşdırmaçılar 1918-ci ildə ABŞ şəhərlərində tətbiq olunmuş bəzi məhdudlaşdırma tədbirlərini müqayisə ediblər. Məlum olub ki, ictimai yığıncaqları ləğv edən, teatrları, məktəbləri və kilsələri daha tez bağlayan şəhərlərdə ölüm faizi daha aşağı səviyyədə qalıb.

Küçəyə çıxma qadağasının nəticələrini analiz edən bir qrup amerikalı iqtisadçının gəldiyi nəticə isə bu olub ki, daha ciddi qadağalar tətbiq edən şəhərlərin iqtisadiyyatı epidemiyadan sonra daha tez canlanmağa başlayıb.

                                      Unudulmuş pandemiya

Bütün bu dərslərinə rəğmən "ispan qripi"ni unudulmuş pandemiya hesab etmək olar.

Bəlkə də Birinci dünya müharibəsinin kölgəsində qaldığı üçün və müharibə dövründə hökumətlərin pandemiya xəbərlərinə senzura tətbiq etməsi nəticəsində belə olub.

Öz zamanında öz miqyasına adekvat səviyyədə eşidilməməsinin və haqqında çox danışılmamasının nəticəsidir ki, tarix kitablarında və toplumun yaddaşında bu pandemiyanın izi elə də dərin deyil.

Tibb tarixçisi Mark Honigsbaum deyir ki, "100-cü ildönümündə belə "ispan qripi" pandemiyası yetərincə xatırlanmadı. Haqqında nə kitablar yazıldı, nə mahnılar bəstələndi, nə də şəkillər çəkildi".

             

                     Munch-un avtoportreti "ispan qripi" illərinə həsr olunmuşdu

Bir neçə istisnadan biri məşhur Norveç rəssamı Edvard Munch-un virusa yoluxduğu dönəmdə çəkdiyi "İspan qripiylə avtoportret" əsəridir.

Honigsbaum bir məsələyə də diqqət çəkir - "Britannica" ensiklopediyası 20-ci əsrin hadisələrlə zəngin illəri siyahısına "ispan qripi"ni daxil etməyib, bu pandemiya haqqında məlumat tarix kitablarına ilk dəfə 1968-ci ildə salınıb.

Bütün bunlara nəzərən deyə bilərik ki, Covid-19 100 il əvvəlki "ispan qripi"nin tarixdəki önəmini bizə yenidən xatırlatdı.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam