ABŞERONDA LƏĞV OLUNMUŞ TORPAQ KOMİTƏSİNİN İŞBAZI QURBANƏLİ HƏLƏ DƏ SÖZ SAHİBİ OLARQ QALIR…
Yenixeber.org: Son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənib. Hal – hazırda qüvvədə olan qanun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün – şəxsiyyət vəsiqəsinin surəti, – torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti), – torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti) tələb olunur.
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.
Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər.Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndaşlardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”.
Torpaq və onunla bağlı münasibətlərin tənzimlənməsi müstəvisində ən çox mübahisələrin, problemlərin müşahidə olunduğu rayonlardan biri də Abşeron rayonudur. Başa düşüləndir ki, belə hallarda həmişə ilk növbədə Rayon İcra Hakimiyətinin başçısınınm adı hallanır. Amma şəxsən bu sətirlərin müəllifinin şahidi olduğu konkret hallar vardır ki, rayon rəhbərinin nəinki məsələyə dəxli yoxdur, hətta işə konstruktiv müdxailəsi də fayda vermir. Neqtiv halların kökündə vəzifəli-vəzifəsiz ayrı-şəxslərin maraqlarını təmin etmək istəyi, özbaşınalıqları durur.
Redaksiyamıza müraciət edən Saray qəsəbə sakini, məcburi köçkün statuslu Əhmədova Şahnaz Cahangir qızı bildirir ki, 2014-cü ildə özü 3, qardaşı Cəfərov Bəxtiyar Cahangir oğlu isə 2 sot, yəni ümumilikdə 5 sot torpaq sahəsini qanuni yolla, Çıxarış sənədi ilə əldə ediblər. ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin təsdiqlədiyi plan və ölçü sənədləri vardır. O vaxt həmin torpaq sahəsinin üstündə daşdan ev tikiblər. Sahənin 3 tərəfini tam, 1 tərəfini isə qismən hazarlayıblar. 4-cü tərəfin tam hasarlanmasını maddi çətinlik səbəbindən təxirə salıblar. İndi, hasarlama işini yekunlaşdırmaq üçün yenidən qol çırmalayanda isə RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri Akif bəy və həmişə “Niva” maşını ilə peyda olan Bariz adlı işçisi mane olurlar. Aranı qarşdıran isə illər öncə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşı olmuş Qurbanəli adlı şəxs olmuşdur. Köhnə peşə vərdişlərini hələ də tərgidə bilməyən həmin Qurbanəlinin adı dəfələrlə saxta torpaq sənədi çıxarmaqda, eyni torpaq sahələrini bir neçə şəxsə satmaqda hallanmış, işi hüquq-mühafizə orqanlarına düşmüş, lakin görünür, yaşına-başına baxıb ağsaqqalığına bağışlanılmışdır. Qurbanəlinin verdiyi saxta sənədlərlə “silahlanan” laçınlı köçkün, özünü şəhid qardaşı kimi təqdim edən İsgəndər Alxasov adlı biri Şahnaz Əhmədovanın torpaq sahəsinə iddiasını ortaya qoyub, özü də məhkəmə qaydasında deyil, qol gücünə. İş o yerə çatıbmış ki, İsgəndərlə Qurbanəli əraziyə vaqon da gətirib yerləşdiriblərmiş. Lakin torpaq sahiblərinin yuxarı instansiyalara müraciətindən sonra polisin müdaxiləsi ilə vaqon oradan götürülüb. İşbaz cütlük əllərində olan, guya İsgəndərin anası Alxasova Xatun Rəsul qızının adına rəsmiləşdirilmiş “sənədi” də yalnız uzaqdan göstərir, heç bir rəsmi instansiyanın masasına yatırmaq istəmirlər. Şahnaz xanım bildirir ki, hətta həmin “sənədin” özündə də İsgəndərin iddia etdiyi sahə onlara aid olan 5 sotdan 70 metr kənara düşür. Bu məsələ 4 saylı Ərazi İdarəsinin Rafiq adlı əməkdaşının iştirakı ilə əraziyə baxış da keçirilməsi ilə dəqiqləşdirilib. RİH başçısı da mübahisənin məhz qanun çərçivəsində həll olunmasının tərəfadarıdır. Qurbanəlinin qaragüruhçuluğu, Akif müəllimin dəstəyi ilə Alxasovlar iddialarından əl çəkmirlər. İş o yerə çatmışdır ki, Qurbanəli Bəxtiyar Cəfərova zəng vuraraq onu söymüş, açıq-aşkar hədələmişdir. Bunu təsdiqləyən səs yazısı da vardır. Həmin telefon danışığının qeydə alındığı səs yazısından məlum olur ki, Qurbanəli hakimiyətin nümayəndəsi olan polis sahə müvəkkilinin də ünvanına təhqiramiz ifadələr işlədir.
Məsələ ilə əlaqədar əməkdaşımız Abşeron raonunun baş memarı Akif Əliyevin qəbulunda olmuşdur. Baş memar əvvəlcə yarımçıq hasarın daşla deyil, metal torla qaldırılmasına icazə verildiyini demiş, sonra elə oradaca Barizə zəng vurub nəsə danışandan sonra fikrindən daşınmış, ümumiyətlə icazə verilmədiyini bildirmiş, işin məhkəmədə olduğunu əsas gətirmişdir. Halbuki, iş məhkəmədə deyildir, məhkəmə Alxasovların əsla istəmədikləri, uduzacaqları qabaqcadan bəlli variantdır.
Beləliklə, rayonun baş memarı Akif Əliyev haqsız tərəfə qahmar çıxmaqla, qanunu tapdalayır, rayon rəhbərinin xidmətlərinə kölgə salır. Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması (O cümlədən, bizim misalda tikintisi yarımçıq qalmış hasarın inşasının davam etdirilməsi) vətəndaş üçün yalnız inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər. Konkret olaraq icra hakimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz. Bu hüquq yalnız Məhkəmə Hakimiyyətinə məxsusdur.
Yazıda adları çəkilən şəxslərin və səlahiyyətli qrumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az