Professor Saleh Məmmədov: “Təcili hökumət və parlamentin birgə müzakirələri təşkil olunmalıdır”
Yenixeber.org: Neft hasilatını azaltmaq barədə qərara gələ bilməyən Səudiyyə Ərəbistanı və Rusiya arasında qalmaqal dünya neft bazarında ciddi təlatümə səbəb oldu. Səudiyyənin Rusiyanı OPEK+ formatına qaytarmaq üçün bazarda qiymətləri öldürmək yolu tutduğu martın 7-dən məlum idi. Ər-Riyad hasilatın azaldılmasına dair razılaşmanın müddəti bitən kimi – aprelin əvvəlindən hasilatı kəskin artırmaq qərarına gəlib. Bundan əlavə, ərəblər Avropanın neft emalı zavodlarına nefti 8 dollar aşağıya təklif etməyə başlayıblar. Bu isə həmin zavodların Rusiya neftindən imtina etməsinə hesablanmış addım kimi qiymətləndirilir.
Baş verənlər isə öz əksini neft bazarınd dərhal büruzə verdi. Bu gün səhər birjalar açılan kimi Brent markalı neft 31 dollara qədər ucuzlaşdı. Daha sonra bir qədər dəyər alan neft hazırda 34,35 dollara satılır. Lakin nüfuzlu Goldman Sachs bankının yaydığı açıqlamada neft qiymətlərinin 20 dollaradək düşməsi ehtimalının böyük olduğu bildirilir.
Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədovun dediyinə görə, neft bazarında baş verənlər səhm bazarlarına da təsir etməkdədir: “Kronovirus maliyyə və əmtəə bazarlarına da güclü həmlə etdi. 9 mart 2020-ci il, deyəsən, növbəti dünya maliyyə böhranının başlanığıcını qoymaq üzrədir. Dünya bazarlarının açılışı (Şərq ölkələrində artıq günortadı) bütün maliyyə və əmtəə indekslərinin sürətlə düşməsi ilə başladı. S&P 500 fyüçer indeksi 5 faiz, NASDAQ 4,8 faiz, DOW 30 -1 faiz düşmüş və proses davam edir. Azərbaycanın yeganə yaşam mənbəyi olan yanacaq məhsullarının qiymətləri (neft və qaz) kəskin surətdə düşdü. Digər əmtəələrin qiymətlərində də düşmə az da olsa hiss olunur. Şimali Amerika və Avropa bazarlarının açılışından elə ciddi meyl dəyişilikliyi gözlənilmir”.
Professorun fikrincə, iqtisadiyyatı qara narkotikdən tam asılı olan çox kövrək Azərbaycan iqtisadiyyatı üçün ümumdünya böhranı artıq başlamış hesab olunur: “Ona görə 2008 və 2014-cü il böhranlarının nəticələrini nəzərə alaraq və bu təcrübədən yararlanaraq hökümətin təcili tədbirlər görməsi məqsədəuyğundur. Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyatları vardır. Gələcək təlatümlərin qarşısının alınması üçün artıq bu gündən ciddi fəaliyyətə başlamaq zəruridir. Mənim fikirimcə, hökumətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını qara narkotikdən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır”.
S.Məmmədov bildirir ki, manata qətiyyən toxunmaq olmaz: “Manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə heç bir şərait və ehtiyac yoxdur. Əksinə, psixoloji panik təlatümləri aradan qaldırmaq üçün manatın dəyərinin qorunması üçün ayrıca qanun qəbul olunmalı və manat daha da gücləndirilməlidi”.(musavat)
Dünya