Ziya Məmmədovun yaxın qohumu 23 nəfəri qapısında işlədərək zəhmət haqlarını verməyib?!-ŞİKAYƏT
Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın qohumu, "dələduz" kimi tanınan Zamin Məmmədov 23 nəfəri 8 ay qapısında işlədərək zəhmət haqlarını verməyib.
Yenixeber.org: Zərərçəkmişlərdən Ramil Ataşov və Eldəniz Abbasov Zamin Məmmədovla bağlı həm ölkə başçısına, həm də Daxili İşlər naziri Vilayət Eyvazova şikayət məzmunlu müraciət ünvanlayıblar.
Zərərçəkmişlər tərəfindən göndərilən müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq. Müraciətdə deyilir:
"-Hörmətli cənab Prezident,
Hörmətli Vilayət müəllim!
Hüquqlarımızın, təhlükəsizliyimizin, ictimai-siyasi sabitliyimizin və əmin-arxayın yaşayışımızın qarantı olaraq, Sizə zəhmət verməyimizə zərurət yaradan tanınmış "dələduz" Məmmədov Zamin Fərhad oğlu tərəfindən aldadılaraq, onun hiyləsinə, zorakılığına lazım da gələndə həbs, ölüm hədələrinə məruz qalmağımızdır. Bütün Azərbaycanın peşəkar dələduz kimi tanıdığı Zamin Məmmədov Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 saylı ünvanda yaşayır.
Ötən ilin may ayından dekabr ayının sonuna qədər onun adıçəkilən ünvandakı 4 mərtəbəli evini, həyətini Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik eləmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37, 716 manat yığılıb qalmış pulumuzu istədikdə onun təhqirlərinə məruz qalmışıq. O, Daxili İşlər naziri Vilayət Eyvazovla quda olduğunu dilə gətirərək bizi həbslə, ölümlə hədələyərək qapıdan qovmuşdur.
Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir ya onu evdə tapa bilmir, ya da tapanda təhqir edib gedirdilər.
Biz artıq hiss edirik ki, haqqımızı ala bilməyəcəyik, bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız araşdırmalar göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir.
O, Nəqliyyat Departamentinin rəisi işləyərkən “Şərq Bazarı”nın keçmiş icarədarı olmuş Bala Heydər adı ilə tanınan Əliyev Heydər Həsən oğlundan 40.000 manat almış, ona söz vermişimiş ki, bazarda müştəri bolluğu yaratmaq üçün bazarın önündən keçən avtobusların sayını 2 dəfə artıracaqdır. Əsl həqiqətdə isə verdiyi vədə naxələf çıxmış və Əliyev Heydərin pulunu bu günlərimizə qədər qaytarmamışdır. Bu qəbildən olan faktların sayı, siyahısı ölçüyə sığmazdır. Əgər Zamin Məmmədovun dələduzluq əməlləri ilə əlaqədar efir vasitəsilə xalqa müraciət olunarsa yüzlərlə zərərçəkmiş insanlar hesabına böyük izdaham yarana bilər.
Hörmətli cənab Prezident,
Hörmətli Vilayət müəllim!
Bizim müraciətimizi xüsusi nəzarətə götürməyinizi, bizlərə dəymiş ziyanın ödənilməsində bizə köməklik etməyinizi və Zamin Məmmədovun çirkin əməllərini bir daha araşdırıb ona cinayət işi açılmasına göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.
Zati-aliləri!
Qoy Ulu yaradanımız xalqımızın xoşbəxt gələcəyi və Respublikamızın daha da tərəqqisi naminə Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin, öz mübarək əlləri ilə həyat yollarınıza çıraq tutsun – Amin!
Əlaqə telefonları:
Zamin Məmmədov (cavabdeh)
Zamin Məmmədovun villasının təmirində və abadlaşdırılmasında zəhməti olan və haqlarını ala bilməyən digər 21 nəfərin şəxsiyyət vəsiqələrinin surətləri müraciətə əlavə olunur.
İstər iştirakçı, istərsə də şahid qismində onlardan hər hansı biri orqanlara çağırılarsa qeyd edilənləri və Zamin Məmmədovun dələduzluğunu təsdiq edə bilərlər."
Məsələ ilə bağlı saytımızın baş redaktoru Zamin Məmmədovla telefon əlaqəsi yaradıb. Baş redaktor özünü təqdim edərək, onu nə ilə bağlı narahat etdiyini bildirib. Zamin Məmmədov isə telefonda saymasızlıq formasında "gedin işinizlə məşgul olun" deyərək telefonu söndürüb.
Zamin Məmmədova onu xatırlatmaq istərdik ki, mətbuat işçisi ilə bu cür danışmaq qanuna ziddir və hər kim olmasından aslı olmayaraq bu cur danışıq qabiliyyəti olmayan biri ilk əvvəl danışıq və davranış qaydalarını öyrənsə daha yaxşı olar. Yəqin, Ziya Məmmədovla qohumluq əlaqələri onu nəyəsə arxayın salıb.
Sonda Zamin Məmmədova onu xatırlatmaq istərdim ki, Azərbaycanda Şah qanun deyil, Qanun şahdır və tezliklə bu cür ədalətsizliyə son qoyularaq, dələduzluqla məşğul olanlar öz əməllərinə görə cəzalarını alacaqlar!
MillətinSəsi.info