Vidadi İsayev Ombudsmanı saymadı… 
Yenixeber.org: Dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi hallarıəsasən həmin qurumların sifarişçi olduğu tender zamanı baş verir.
Azərbaycanda keçirilən tenderlərdə ciddi maxinasiyaların olması barədə zaman-zaman yerli mətbuatda faktlara əsaslanmış xeyli yazılar tirajlanıb. Burada əsasən nazirlik, dövlət komitələri və yerli icra hakimiyyətlərinin adı ilk sırada durur.
Redaksiyamıza daxil olan məlumata görə, tenderlərlə bağlı müəmmada Bərdə rayon İcra Hakimiyyətinin də adı keçir.
Bərdə Rayon İcra Hakimiyyətinin 2018-ci ildə “Şəhərdə abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən küçələrdə yenidənqurma işləri” üzrə sifarişçi olduğu tenderdə şübhəli məqamlar ortaya çıxıb. Belə ki, Bərdə Rayon İcra Hakimiyyətinin sifarişçi olduğu bu tenderin dəyəri 2.999.995 (iki milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan beş) manat təşkil edib.
Sözügedən tenderin qalibi isə “MVVL VP” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?
“MVVL VP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin yanvar ayının 12-də dövlət reyestrində qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Eyvazov Pərviz Qurbanəli oğludur.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
“MVVL VP” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı və təcrübəsi, konkret hansı sahə üzrə ixtisaslaşdığı barədə heç bir məlumat yoxdur. Həmçinin şirkətin əlaqə telefonu, faktiki ünvanı və web ünvanı barədə də heç bir informasiya yoxdur.
Belə olan təqdirdə məntiqi sual yaranır: Maddi-texniki bazası, qanuni işçi sayı, təcrübəsi barədə heç bir bilgi olmayan, eyni zamanda dövlətə külli miqdarda – 1.3 milyon vergi borcu olması barədə məlumatlar yayılan bir şirkət – MVVL VP” Məhdud Məsuliyyətli Cəmiyyəti hansı meyarla əsasən Bərdə Rayon İcra Hakimiyyətinin 2.999.995 manatlıq tenderinin qalibi olub?
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətə 1.3 milyon vergi borcu olan şirkətə tenderin verilməsi doğru deyil: “Qanunla külli-miqdarda vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Çünki onun uzunmüddətli öhdəlikləri var. Digər tərəfdən borcu olan şirkətin bank hesabına inkassasiya (nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması) sistemi tətbiq olunur. Bu da o deməkdir ki, həmin şirkətin bank hesabına pul qoyulan kimi avtomatik vergi borcu çıxılır. Bəzən heç xəbərdarlıq edilmədən bu borcu tuturlar”.
Natiq Cəfərli
“3 milyonluq tender udan şirkətin hesabından 1.3 milyon onun vergi borcuna çıxırsa, həmin şirkət 3 milyonluq işi necə və hansı xərclə görür. Əgər şirkət dövlətin pulunu öz borcunu ödəməyə yönəldirsə, bu da açıq mənimsəmə faktıdır”, – ekspert bildirib.
Rayondan verilən məlumata görə, aparılan işlər də “kosmetik” xarakter daşıyıb.
Bərdə Rayon İcra Hakimiyyəti isə mövzu ilə bağlı noyabrın 1-də göndərdiyimiz rəsmi sorğuya cavab verməyib. Həmin sorğuda 2018-ci ildə “Bərdədə abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən küçələrdə yenidənqurma işləri” üzrə tenderdə daha hansı şirkətlərin iştirak etdiyi, tender üzrə işlərin Bərdənin hansı ərazilərində aparıldığı, eyni zamanda “MVVL VP” Məhdud Məsuliyyətli Cəmiyyəti işlərin neçə faizini yerinə yetirdiyi əksini tapıb.
Bərdə rayon icra hakimiyyətinin başçısının köməkçisi Anar Hətəmov, başçının birinci müavini Vahid Qarayev, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov, başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya şifahi sorğumuzu da cavablandırmaqdan yayınıb.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılov isə sorğunu cavablandırmağa vaxtı olmadığını deyib.
Sorğunun cavablandırılmaması ilə bağlı Ombudsmana göndərilən şikayətin bir nüsxəsi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə göndərilsə də, icra başçısı Ombudsmanın müraciətini nəzərə almayıb.(arqument.az)