Bərdəni kimlər və neçəyə “tikib” çevirib?! -III yazı
Yenixeber.org: Ötən yazılarımızdan birində bildirdik ki, ölkə mətbuatında bir neçə müddətdir ki, Bərdə rayon icra hakimiyyəti başçısının qanunsuz əməlləri barədə silsilə yazılar dərc olunur. Qarşı tərəfin heç vaxt təkzib etmədiyi, dolayısı ilə demək olar ki, etiraf etdiyi bu yazılardan sonra, Vidadi İsayevin fəaliyyəti barədə jurnalist araşdırılması aparmağa qərar verdik.
Apardığımız araşdırmalar zamanı onun rəhbərliyi və diqtəsi sayəsində həyata keçirilən tender və kotirovkalarda xeyli sayda şübhəli məqamları aşkar etmişik. Hara və necə xərcləndiyi hiss olunmayan məbləğlərin təyinatları, elan olunan işlərlə real vəziyyət nəinki bir-birinə uyğun gəlmir, hətta tərs mütənasibdir demək olar. Buna görə də, uzun müddətdir apardığımız araşdırmaların nəticələrini izləyicilərimizin diqqətinə çatdırmaq istədik.
Bu dəfə isə Bərdə rayon icra hakimiyyəti başçısının Vidadi İsayevin diqtəsi və rəhbərliyi ilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən həyata keçirilmiş dövlət satınalmaları müsabiqələrini araşdırmağa cəhd göstərmişik. Araşdırmamızın nəticələrini sizin nəzərinizə çatdırmadan öncə onu bildirək ki, müxtəlif abadlıq, tikinti-təmir işlərinin satın alınması ilə bağlı keçirilən müsabiqələrdə eyni insanlar, eyni şirkətlərin qalib gəlməsi, həmçinin görülmüş işlərin “nəticəsinə” diqqət yetirəndə, əslində reallığın başqa cür olduğu hər kəsə gün kimi aydın olur.
Məlumat üçün qeyd edək ki, əlimizdə olan rəsmi məlumatlara görə, Vidadi İsayevin rayona rəhbər təyin olduğu gündən,yəni Azərbaycan Respublikası prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamından sonra 2016-cı ilə qədər olan müddətdə Bərdə rayonun icra hakimiyyəti və Bərdə şəhər icra nümayəndəliyi tərəfindən rayonun və şəhərin abadlaşdırılmasına bu iki idarə tərəfindən 15 853 574, 28 manat (on beş milyon səkkiz yüz əlli üç min beş yüz yetmiş dörd manat, iyirmi səkkiz qəpik) dəyərində dövlət satınalmaları həyata keçirilib.
Belə ki, Bərdə rayon icra hakimiyyətinin sifarişi ilə:
2011-ci ildə:
- Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı kənd avtomobil yollarının təmiri üçün 3 996 500 (üç milyon doqquz yüz doxsan altı min beş yüz manat);
2012-ci ildə:
- Bərdə şəhərinin “Qəhrəmanlıq Parkı”-da abadlıq işlərinin satın alınması üçün 149 930, 80 manat (yüz qırx doqquz min doqquz yüz otuz manat, səksən qəpik);
- Bərdə şəhərinin küçələrində yolların təmiri üçün – 119 944,22 ( yüz on doqquz min doqquz yüz qırx dörd manat, iyirmi iki qəpik);
- Cari təmir işlərinin satın alınması üçün – 14 915 (on dörd min doqquz yüz on beş manat);
2015-ci ildə:
- Yeni Daşkənd-Umudalılar kəndlər arası avtomobil yolunun tikinti işləri üçün – 1 999 999, 76 (bir milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat,yetmiş altı qəpik)
- Bərdə Rayon icra hakimiyyətində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün - 2 999 863, 26 (iki milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz altmış üç manat, iyirmi altı qəpik);
- Cari təmir işlərinin satın alınması üçün 10 400 (on min dörd yüz manat) dəyərində olan dövlət satınalmaları həyata keçirib.
Bu müsabiqələrin qalibləri isə:
Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı yollarının təmiri üçün - 28 saylı Yol İstismar İdarəsi,
Qəhrəmanlıq parkında abadlıq işlərini görmək üçün – “Elegant - CO” MMC,
Bərdə şəhər küçələrində yolların təmiri üçün – “Elegant-CO” MMC,
Cari təmir işlərini görmək üçün – “Ağdam 5 saylı RTQQ tresti”
Yeni Daşkənd- Umudalılar, kəndlər arası avtomobil yolunun təmiri üçün - “Tac- 2014” MMC,
Bərdə rayonunun mənzil fondunda əsaslı təmir işlərinin satın alınması üçün – “Tac- 2014”,
Cari təmir işləri üçün – “Şahbulaq LTD” MMC qalib elan olunub.
Rəsmi sənədlərə istinad edərək, qeyd olunan məbləğlərin müqabilində görülən işlərin nəticəsinə baxanda, böyük ziddiyyətlər aşkar etdiyimiz üçün, bu satınalmaları bir qədər dərindən araşdırdıq.
Məlum oldu ki, “Qəhrəmanlıq Parkı” da abadlıq işləri və Bərdə şəhərinin küçələrində yolların təmir edilməsi bağlı müsabiqənin qalibi olan “Elegant CO” MMC (VÖEN 3300293521) 2011-ci ilin, yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə, qurumun hüquqi ünvanı, Ağdaş rayonu, Pirəzə kəndi göstərilib və şirkətin qanuni nümayəndəsi isə, Rüstəmov Anar Səməd oğludur.
Apardığımız araşdırmalar zamanı isə məlum olub ki, Ağdaşın Pirəzə kəndində, heç bir bu adda şirkət və ya firma fəaliyyət göstərmir. Həmçinin araşdırmalarımız zamanı bu da məlum olub ki, bir neçə müxtəlif şirkət və firmaların təmsilçisi olan Rüstəmov Anar Səməd oğlu həm də “Exiles-STS” (VÖEN 1100473261) şirkətinin də rəhbəridir və 10.08.2016-cı il tarixə qədər adı “Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri” siyahısındadır. (mənbə: http://fins.az/store/airHuquqi%20(3).pdf)
Bərdə rayonunda cari təmir işlərinin satınalınması ilə bağlı müsabiqənin qalibi isə “5 saylı Rayonlararası Təmir Tikinti Quraşdırma Tresti” (VÖEN 3200028021) 1995-ci ilin iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə, qurumun hüquqi ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Nizami küçəsi ev 70 göstərilib və şirkətin qanuni nümayəndəsi isə Hacıyev Xanlar Salman oğludur. Maraqlıdır ki, Nizami küçəsinin sakinləri də, bu ərazidə hansısa şirkətin fəaliyyətini xatırlamırlar.
Bərdə rayonu, Yeni Daşkənd – Umudalılar kəndlərarası avtomobil yolunun tikilməsi və Bərdə rayonunun mənzil fondunda əsaslı təmir işlərinin satın alınması üçün elan olunan müsabiqənin qalibi olan “ Tac-2014” MMC (VÖEN 1402904161) 2014-cü ilin, sentyabr ayının 25-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində göstərilən hüquqi ünvana görə, şirkət Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 2a, mənzil 95 ünvanında yerləşir və qurumun qanuni təmsilçisi Əsgərov Qamət Sadıq oğludur.
Aradığımız araşdırmalar zamanı isə məlum olub ki, adıçəkilən ünvanda heç bir şirkət fəaliyyət göstərmir, yaxınlıqda yaşayan sakinlər də belə bir şirkəti xatırlamırlar. Qurumun qanuni təmsilçisi Əsgərov Qamət Sadıq oğlu isə, Bakı şəhəri, Nizami rayonu, Kürəçaylı küçəsi, bina 7, 23 saylı mənzildə qeydiyyatdadır.
Bu ünvanda da yaşayan sakinlər hansısa firma və ya şirkətin olduğunu, qurumun hər hansı bir fəaliyyətini xatırlamırlar.
Bərdə rayonunun icra hakimiyyəti tərəfindən “Cari təmir işlərinin satın alınması” üçün elan olunan müsabiqənin qalibi “Şahbulaq LTD” MMC (VÖEN 3200110271) 2007-ci ilin mart ayının 9-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində şirkət Tərtər rayonu, Tərtər şəhəri, M.Hüseynov küçəsi ev 3 ünvanında yerləşir və qurumun rəhbəri Şərifov Anar Elsevər oğludur. Digər şirkərlərdə olduğu kimi, bu qurumu da göstərilən ünvanda yaşayanlar tanımır.
Bərdə şəhər icra nümayəndəliyində də vəziyyət eynidir.
Beləki, Vidadi İsayevin diqtəsi və rəhbərliyi ilə Bərdə şəhər icra nümayəndəliyi 2011- ci ildə - 1 370 263, 95 (bir milyon üç yüz yetmiş min iki yüz altmış üç manat, doxsan beş qəpik)
2012-ci ildə - 1 346 222, 01 (bir milyon üç yüz qırx altı min iki yüz iyirmi iki manat, 1 qəpik)
2013-cü ildə - 1 699 710, 42 (bir milyon altı yüz min doxsan doqquz min yeddi yüz on manat, qırx iki qəpik)
2014-cü ildə - 1 860 151, 84 (bir milyon səkkiz yüz altmış min yüz əlli bir manat, səksən bir qəpik)
2015-ci ildə - 1 423 862,02 (bir milyon dörd yüz iyirmi üç min səkkiz altmış iki manat, iki qəpik) dəyərində dövlət satınalmaları müsabiqələri elan edib ki, bundan da:
2011-ci ildə - 1 127 487, 95 (bir milyon yüz iyirmi yeddi min dörd yüz səksən yeddi manat, doxsan beş qəpik)
2012-ci ildə - 1 302 077, 01 (bir milyon üç yüz iki min yetmiş yeddi manat,1 qəpik)
2013-cü ildə - 1 429 715, 42 (bir milyon dörd yüz iyirmi doqquz min yeddi yüz on beş manat, qırx iki qəpik)
2014-cü ildə - 1 575 006, 84 (bir milyon beş yüz yetmiş beş min altı manat, səksən dörd qəpik)
2015-ci ildə - 1 127 734, 02 (bir milyon yüz iyirmi yeddi min yeddi yüz otuz dörd manat, iki qəpik) dəyərində abadlaşdırma, yolların təmiri və asvalt çəkilişləri işləri, küçələrin işıqlandırılması üçün müsabiqələr keçirib.
Bu müsabiqələrdə 2011-ci ildə yolların əsaslı təmir işlərinin satın alınması və 2011-2012-ci illərdə Bərdə şəhər küçələrinin asfalt çəkilməsi işlərinin satınalınması müsabiqəsinin qalibi – “Yol-Abadlıq” MMC-dir. Ümumi məbləği 1 006 713 (bir milyon altı min yeddi yüz on üç) manatlıq elanın qalibi olan bu şirkət (VÖEN 4000003241) 2004-cü ilin aprel ayının 29-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə şirkətin hüquqi ünvanı Bərdə rayonu, Mirzalıbəyli kəndi, qurumun rəhbəri isə Əliyev Gəncəli Cəfər oğludur.
2011-ci ildə rayon abadlıq işlərinin satın alınması müsabiqəsində qalib gələn daha bir şirkət də “Vulkan-R” MMC-dir. Bərdə rayon icra hakimiyyəti və Bərdə şəhər icra nümayəndəliyinin bir çox müsabiqələrinin qalibi olan “Vulkan-R” MMC (VÖEN 4000569441) abadlıq işlərinin satın alınmasında da 15 040 (on beş min qırx) manat dəyərində müsabiqədə də iştirak edib. Qeydiyyat sənədlərinə görə şirkət 2011-ci ilin yanvar ayının 19-da dövlət qeydiyyatına alınıb. Qurumun hüquqi ünvanı Bərdə şəhəri, Həzi Aslanov küçəsi ev 8, qanuni təmsilçisi isə Rəhimova Vəsliə Barat qızıdır.
2011-ci ildə abadlıq işləri, mənzil fondunda və digər ünvanlarda əsaslı təmir işlərinin satınalması müsabiqələrinin qalibi olan “Təmir Tikinti-R2” MMC (VÖEN 4000622641) ümumilikdə 73 947,95 (yetmiş üç min doqquz yüz qırx yeddi manat, doxsan beş qəpik) olan işlərə sahiblənib. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ildə, iyun ayının 6-da dövlət qeydiyyatına alınıb. Bu qurumun da hüquqi ünvanı Bərdə şəhəri, Həzi Aslanov küçəsi ev 8, qanuni təmsilçisi isə Kərimov Rüfət Qabil oğludur.
2011-2012-ci illərdə abadlıq işləri və mənzil fondunun əsaslı təmiri işlərinin satın alınmasında 49 500 (qırx doqquz min beş yüz manat) dəyərində satınalmaların qalibi olan “Təmir Tikinti-R1” MMC (VÖEN 4000622231) 2011-ci ilin iyun ayının 6-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində bu şirkətin də ünvanı Bərdə şəhəri, Həzi Aslanov küçəsi ev 8, qanuni təmsilçisi isə Rəhimov Rəhman Sabir oğlu göstərilib.
2011-2012-ci illərdə şəhər küçələrinin abadlaşdırılması və ümumi abadlıq işlərinin satın alınması üçün elan olunmuş satınalmalarda qalib olan hüquqi şəxslərdən biri də “Bərpa-11” MMC-dir. Ümumi dəyəri 1 032 372, 37 (bir milyon otuz iki min üç yüz yetmiş iki manat, otuz yeddi qəpik) olan bu işləri həyata keçirmiş “Bərpa-11” MMC (VÖEN 4000573431) 2011-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində şirkətin ünvanı Bərdə rayonu, Otuzikilər kəndi, rəhbəri isə İsmayılov Habil Fərman oğlu göstərilib.(cahan.info)
(Ardı var...)
Xəyyam SALMANZADƏ