Yenixeber.org: Xeyli müddətdir Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən, Babək prospektindəki “Arzu” şadlıq sarayının yanında, Bakı Neft Emalı Zavodunun ərazınə düşən 0,4 ha torpaq sahəsi üstündə mübahisə yaşanır.
NZS qəsəbəsi, İ.Məmmədov küçəsi 26-da yaşayan vətəndaş Şahin Ağəliyev bildirir ki, sözügedən əraziyə 20 il nəzarət edib, ağac əkib, bağ salıb. Amma neft sahəsində işləməsinə baxmayaraq SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab Quliyev ona həmin ərazidə ev tikməyə icazə verməyib.
Qeyd edək ki, Zöhrab Quliyev bir neçə il əvvəl sənaye zonalarında qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra tutduğu vəzifədən azad edilmişdi. Amma tutduğu vəzifədən çıxmasına baxmayaraq Zöhrab Quliyev Şahin Ağəliyevin 20 il nəzarət etdiyi, ağac əkdiyi torpaq sahəsini və ona bitişik torpaq sahəni (ümumilikdə 50 sot ) başqasına sata bilir.
Yeri gəlmişkən xatırladaq ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ərazinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı yerli İcra Hakimiyyəti orqanlarına müraciət edir, SOCAR isə həmin ərazidə hər hansı bir tikilntinin aparılmasına qanunun yol vermədiyini bildirir. Amma ərazidə hazırda tikintiyə hazırlıq işləri aparılıb. Həmin yerdən keçən yüksək gərginlikli elektrik xətləri yığışdırılıb.
Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Elgün Həbibullayev Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Xəta rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyevə ünvanladığı 30 iyul 2019-cu il tarixli məktubda sözügedən ərazidə araşdırma apararaq vətəndaş Şahin Ağəliyevə məlumat verilməsi tələb olunur. Lakin, bu müddət ərzində nə Xətai rayon İcra Hakimiyyəti, nə də Bakı şəhər İcra Hakimiyyəti sözügedən ərazini əvvəlki vəziyyətinə gətirməmişlər. Səbəb nədir? Deyilənlərə görə, həmin torpaq sahəsi üçün SOCAR Neft Kəmərləri İdarəsinin müdiri olmuş Zöhrab Quliyevə bir neçə milyon manat civarında pul verilib. Daha sonra işbazlar ərazidən keçən yüksək gərginliklikli elektrik dirəklərinin götürülməsi üçün “Azərenerji” ASC rəhbərliyinin də maraqlarını təmin ediblər. Bununla yanaşı torpaq sahəsi Xətai rayon ərazisinə düşsə də burada Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da bu prosesdə rolu olduğu bildirilir. Bəzi məlumatlara görə ərazini bir generala məhz Arif Qasımov məsləhət bilib və alqı-satqını keçmiş tanışı, həmyerlisi Zöhrab Quliyevin vasitəsilə reallaşdırıblar Hazırda ərazinin sənədləşdirilməsi üzərində iş gedir. Burada Xətai rayon Əhmədli qəsəbə Bələdiyyəsinin də adı hallanır. Əhmədli qəsəbə bələdiyyəsi Neft Emalı Zavodunun ərazisini hərraca çıxara bilərmi? Təbii ki, yox. İcra Hakimiyyətinə verilən haqqı da buraya əlavə etsək əraziyə külli miqdarda pul tökülmüş olduğunu görərik. Bu qədər xərc çəkılən yeri kim əvvəlki vəziyyətinə qaytarar? Heç kim. Odur ki növbədə Bakı şəhər İcra Hakimiyyəti durur ki, o da öz haqqını alsın və tikintiyə razılıq versin…(aztoday)