Dövlət Reklam Agentliyi sahibkarlara divan tutur -BANKLARA RƏHMƏT OXUTDURUR
Yenixeber.org: 2017-ci ildə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin daşıyıcılar üzərində nəzərdə tutulan reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb. Sahibkar açıq məkanda reklam yerləşdirmək üçün onu qeydiyyatdan keçirməlidir. Bunun üçün Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) müraciət etməlidir. Sənədlər həm birbaşa, həm də online şəkildə təqdim edilə bilər. Bundan sonra Agentlik sahibkara texniki çıxarış və icazə sənədi verməlidir. Yalnız ADRA-dan icazə alındıqdan sonra reklam daşıyıcısı qeydiyyatdan keçirilmiş hesab olunur. Qurum yaradılarkən, əksəriyyət bu sahədəki neqativlərin aradan qaldırılacağına, reklam sahəsinin şəffaflaşacağına, eyni zamanda daha da inkişaf edəcəyinə ümid bəsləsə də, müşahidələr bunun əksinin baş verdiyini göstərir. O dərəcədə ki, 2015-ci il devalvasiyalarından sonra banklar müştərilərlə necə rəftar edirdilərsə, indi həmin funksiyanı ADRA sahibkarlara qarşı fərqli şəkildə yerinə yetirir. Sahibkar qanuni sahib olduğu obyektinə ad verə bilmir. ADRA sahibkarla müqavilə bağlamaq əvəzinə, əvvəlki fəaliyyətini təftiş edir. Bir az da konkretləşdirsək, bu sahə bir bazarlıq aləmi olub. Konkretlik yoxdur, agentlik əməkdaşları istədikləri qiyməti təklif edirlər. Təkliflərlə razılaşmayan sahibkarlar isə məhkəməyə verilir. İndi saysız-hesabsız sahibkar var ki, agentliklə məhkəmə çəkişmələrindən əziyyət çəkir. Hazırda sahibkarlarla ADRA arasında yüzlərlə məhkəmə çəkişməsi var. Ən qəribəsi budur ki, məhkəmə prosesləri sahibkarların iştirakı olmadan keçirilir və çıxarılan qərar onların əleyhinə olur. Nəticədə sahibkar “qanunsuz” fəaliyyətə görə külli miqdarda cərimələnir. Bundan sonra isə ADRA-nın sözün əsl mənasında yeni alveri başlayır. Kimə, necə, hansı məbləğdə gəldi qiymət “oxuyur”. Problemlər həll olunmaq əvəzinə o dərəcədə qabarmağa başlayıb ki, hətta bu ilin fevralında parlamentin plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Reklam Agentliyinin ləğvini təklif edib. Ölkə Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı bütün mümkün şəraitin yaradılması üçün əhəmiyyətli addımlar atır. Əsassız yoxlamalar, lüzumsuz məmur müdaxiləsi kimi sahibkarlığın inkişafına mane olan faktorlar demək olar ki, aradan qaldırılıb. Ancaq müşahidələr onu göstərir ki, Azərbaycan Dövlət Reklam Agentliyi öz fəaliyyəti ilə bu kimi işlərə kölgə salır. Bu kimi neqativlər nə zaman aradan qaldırılacaq? Bütün sahibkarları maraqlandıran bu suala biz də cavab tapmaq istəyirik. Ümid edək ki, Azərbaycan Dövlət Reklam Agentliyi sözdə deyil, əməldə bu kimi halların qarşısının alınması üçün, dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara mane olmamaq naminə əməli fəaliyyətə keçəcək. Ümid edək... \\modern.az\\ |