Bakıda tikinti böhranını kim yaradıb-baş nazirdən ilginc qərar
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı tənqidlərin artdığı bir vaxtda Novruz Məmmədov Bakıda tikintiyə nəzarət edəcək yeni qurumun yaradılmasına qərar verdi; bir neçə ay əvvəl Bakı meriyasından alınan idarənin əvəzində niyə yeni MMC yaradıldı?
Yenixeber.org: Son aylar paytaxt Bakının tikinti sektorunda ciddi böhran yarandığı barədə xəbərlər intensivləşib. İddia olunur ki, böhranın əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləməməsi və ya hansısa səbəbdən geri qaytarmasıdır.
Parlamentin son iclasında isə deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədri Samir Nuriyevin fəaliyyətini sərt tənqid edib. “Biz onu alqışladıq ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində xeyli tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?” deyə, deputat bildirib.
Deputat deyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır: “Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırıb. Bu gün insanlar arasında ciddi narazılıqlar var”.
Samir Nuriyev
Komitə isə ötən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddianı təkzib edib.
“Sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır” deyə, komitədən bakupost.az-a bildirilib. Dövlət Komitəsi onu də bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək.
Fevralın 5-də isə Bakıdakı tikinti məsələsi ilə bağlı çox diqqətçəkən bir sərəncam verilib. “Trend”in məlumatına görə, baş nazir Novruz Məmmədovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılması barədə qərar imzalayıb.
Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bakıdakı tikintində yaranmış böhranla bağlı iddialar fonunda bu qərarın verilməsi əlbəttə ki, diqqətə layiqdir. Çünki ötən ilin avqustunda dövlət başçısının fərmanı ilə Bakıda tikinti sahəsinin vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi komitəyə həvalə olunub.
Yada salaq ki, prezident ötən ilin dekabr ayının 28-də də “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalamışdı. Bildirilirdi ki, bu fərman məhz iş adamlarının narazılıqlarını aradan qaldırmaq, komitənin fəaliyyətini çərçivəyə salmaq məqsədi daşıyır. Çünki yeni qaydalar tikintiyə icazə ilə bağlı daha çevik mexanizmi nəzərdə tutur. Belə ki, tikintiyə icazə verən orqan 2 iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir.
Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.
Yəni icazə verən orqan sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verməli və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir.
“Ancaq iş adamlarından daxil olan məlumatlar göstərir ki, yeni qaydalar təsdiq olunduqdan sonra da bu sahədə hər hansı dəyişiklik olmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə icazə və ya rəy almaq üçün göndərilən layihələrə hər hansı cavab verilmir. Bu da tikinti şirkətlərinin sektordakı fəaliyyətini dondurmasına , hökumətin bu sahəni canlandırmaqla bağlı planlarının reallaşmamasına səbəb olur” deyə, azpolitika.az saytında bu günlərdə dərc olunan məqalədə deyilir. Sayt iddia edir ki, narazılıqlar ölkə başçısına da çatdırılıb və komitə sədrinə xəbərdarlıq edilib.
Deputat da daxil komitəyə ünvanlanmış bu tənqidlərdən sonra baş nazirin Bakı Şəhər İcra Hakimiyyətində yenidən tikintiyə məsul olan yeni qurum yaratması bu sahədə problemlərin olması barədə iddiaları təsdiqləyir. Belə görünür ki, hökumət Bakı kimi iri şəhərdə tikintiylə bağlı komitənin üzərinə qoyulan iş yükünü azaltmaq istəyir.(müsavat)
ORXAN