Məhəbbət Vəliyevanın fəaliyyət dairəsi daha da genişlənib
Yenixeber.org: Ceyhun Bayramovun Azərbaycan Respublikasının Təhsil naziri təyin olunması bir daha onun həmin vəzifəni müvəqqəti icra etdiyi zaman üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlməsini təsdiqlədi. Ceyhun müəllim bundan sonrakı fəaliyyəti ilə də prezident İlham Əliyevin, bütövlükdə Azərbaycan xalqının, respublikanın təhsil ictimaiyyətinin etimadını doğruldacağını, təhsilimizdə, nəhayət nəzərə çarpacaq inkişafa nail olmaq üçün bütün gücünü sərf edəcək.
Bunun üçün cənab nazir hər şeydən əvvəl, yəqin ki, kadr islahatını önə çəkəcək, işgüzar çevrəsinə sağlam qüvvələri yığacaq, strateji vəzifələri köhnə, korrupsiyaya bulaşmış, reputasiyası korlanmış şəxslərdən təmizləyəcək.
Çox təəssüflə qeyd edim ki, nazirin yeni komandasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri, adı rüşvət qalmaqalında mütəmadi olaraq hallanan və şəhər təhsilinin böyük probleminə çevrilmiş Məhəbbət Vəliyeva nazirin birinci müavini kimi, yüksək posta təyinat alıb.
Xatırladaq ki, idarə müdirinin paytaxtın orta məktəblərinə direktor seçimində müsabiqələrin tətbiqi ilə ehtikarlıq etməsi, apardığı korrupsiya siyasət üzündən boş qalan direktor yerlərinə BŞTİ-nin inspektorlarını təyin etməsi, habelə nazir müavinin əvvəlki karyerasında Baş Prokurorluq tərəfindən korrupsiya əməlində şübhəli bilinib, məsuliyyətə cəlb olunması və nəticədə qorxusundan ağzının əyilməsinə qədər müdhiş məlumatlar yer alıb. Onun Bakı şəhər məktəblərindən birinin direktorundan dəyəri böyük rəqəmlə ifadə olunan zinət əşyasını rüşvət kimi, almasına dair mətbuatda dolaşan informasiyanı indiyədək rəsmən təkzib etməməsi də heç kəsin diqqətindən qaçmayıb.
Məhəbbət Vəliyevanın rəhbərliyi dövründə BŞTİ-də baş alıb gedən digər neqativ hallar, İdarə əməkdaşlarınım yol verdikləri başqa digər qanunsuzluqlar barədə ilginc məlumatların tərəfimizdən daim işıqlandırılması heç təsadüfi deyil. Məhəbbət Vəliyevanın nazir müavini təyin olunması səbəbilə idarə rəhbərliyini tərk etsə də, onun haqqında əvvəlki qəbildən olan informasiyalar hələ də redaksiyamıza daxil olmaqda davam edir.
Yeni daxil olan informasiyada vurğulanır ki, Məhəbbət Vəliyeva nazirin birinci müavini vəzifəsinə irəli çəkilsə də, Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, birinci siniflərin komplektləşdirilməsi və digər rüşvət almaq imkanı verən işləri hələ də öz nəzarətində saxlayır. Nazirin isə onun öhdəsindən gələ bilmədiyi iddia olunur.
Maraqlı haldır ki, Məhəbbət Vəliyevanın Bakı şəhəri üzrə təhsil idarəsinə yığdığı bütün kadrlar rüşvətxorluqda heç də ondan geri qalmırlar, əksinə bir qədər də irəli gediblər. Çünki idarə müdirinin tutduğu vəzifədən azad olunub, məsuliyyətə cəlb olunmasl əvəzinə, nazirin birinci müavini vəzifəsinə gətirilməsi onun kadrlarının daha da cəsarətlənməsinə və korrupsiya əməllərini bir qədər də genişləndirməyə şərait yaradıb.
Bildirilir ki, Məhəbbət Vəliyeva BŞTİ-ni tərk etsə də, onun rüşvətxor komandası hazırda bütün gücü ilə fəaliyyətdədir. BŞTİ-nin müdir müavini-İnsan resursları şöbəsinin müdiri Rəşad Tağıyev, onun təsiri altında olan Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov da əvvəlki kimi öz ampuluasındadır, halbuki əməllərinə görə, onlardan məsuliyyət sorulmalı, əldə etdikləri böyük kapitalın mənbəyi ciddi şəkildə araşdırılmalıdır.
Dəyərlu oxucular əvvəlki yazılarımızdan bilir ki, BŞTİ müdirinin «qara kassası» kimi tanınan direktor Yaqut Məmmədova əvvəlki kimi öz yerindədir və məktəb direktoru olan qızı Nihal Hacıyeva ilə Məhəbbət Vəliyevanın tapşırıqlarını icra edirlər. Yaqut Məmmədova hələ 20 saylı məktəbdə direktor işləyərkən o vaxt MTN onun əməlində korrupsiya faktları aşkar edərək, materialları tədbir görülməsi üçün Təhsil Nazirliyinə göndərib .Təhsil Nazirliyi isə Yaqut Məmmədovanı işdən uzaqlaşdırdıqdan sonra BŞTİ onun bu «fərasətini» görüb, idarədə məsul vəzifəyə təyin edib, oradan isə 218 saylı məktəbə direktor təyin edib.
Bəzi əlamətlər isə Rəşad Tağıyevin aqibətinin heç də yaxşı olmayacağını proqnozlaşdırmağa əsas verir. Mənbəmiz bildirir ki, onun əmisi OMON-çularla birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq, 7 il həbs olunub. Əmisi oğlu isə tələbəni zorladığına görə, məsuliyyətə cəlb olunub. Mənbənin dediyinə görə, Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsindəki evi o, 480 min manata alıb. Bu, Rəşadın 3-cü villasıdır, deyirlər. Dübəndidəki 3 milyonluq malikanəsi də öz yerində.
Qeydlərdən belə yəqinlik hasil olur ki, əgər şöbə müdirləri bunca çox böyük varidata yiyələniblərsə, deməli, xanım Məhəbbət Vəliyevanın özü daha artığına malikdir. Bu nəhayətsiz gəlirlərin mənbəyini isə, tək əmək haqqı ilə yox, yalnız böyük korrupsiya əməlinin məhsulu kimi dəyərləndirilə bilər.(demokrtaikmusavat)
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.