“Nənəmin əsərlərinin saxta nüsxələrini satmaq istəyənlər var…”-Görkəmli rəssam Vəcihə Səmədovanın nəvəsinin müraciəti
Bəzi dələduzlar Azərbaycanın görkəmli qadın rəssamı Vəcihə Səmədovanın əsərlərinin saxta nüsxələrini kolleksiya həvəskarlarına satmağa çalışır. Bunu saytımıza müraciətində Azərbaycanın iki görkəmli incəsənət xadimlərinin - xalq rəssamı Vəcihə Səmədovanın və Lətif Feyzullayevin nəvəsi Aqşin Mirfeyzullazadə deyib.
Yenixeber.org: Aqşin Mirfeyzullazadə bildirir ki, kimlərsə nənəsinə məxsus əsərlərin saxta variantlarını hazırlayıb satmaqla məşğuldur. Onun sözlərinə görə, bu yaxınlarda nənəsinin 3 məşhur əsərinin satışa çıxarıldığı ilə bağlı məlumat alıb, hansı ki, araşdıranda həmin əsərlərin əslində saxta olduğu məlum olub. Çünki rəssamın həmin əsərlərinin orijinalı hazırda nəvəsinin evində saxlanılır.
“Təsadüfən bu yaxınlarda mənim bir dostum eşidib ki, Vəcihə Səmədovanın əsəri satılır. Həmin əsəri haradan əldə etdiklərini soruşub, deyiblər nəvəsindən almışıq. Dərhal mənə zəng vurdu, dedim nəvəsi mənəmsə həmin əsəri heç kimə satmamışam və hazırda evdədir…”-A.Mirfeyzullayev bildirir.
1924-cü ildə anadan olmuş Vəcihə Səmədova sovet dövründə Azərbaycanın görkəmli rəssamlarından biri olub, müsəlman dünyasının ilk peşəkar qadın rəngkarı kimi tarixə düşüb. Onun “Kür qırağında”, “Mahnı”, “İntizarda”, “Toya hazırlıq” kimi tematik tabloları, “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində” silsilə mənzərələri, “Pambıqçı”, aktrisa Leyla Bədirbəylinin portreti, yaxud dahi bəstəkar Üzeyir Hacıbəyova həsr etdiyi əsəri dəfələrlə dünya muzeylərində nümayiş olunub. Rəssamlar İttifaqının sərgi salonu 41 yaşında dünyasını dəyişən Səmədovanın adını daşıyır. Vəcihə Səmədovanın həyat yoldaşı Lətif Feyzullayev də tanınmış rəssam olub.
Vəcihə Səmədova və Lətif Feyzullayevin iki övladı olub, Aqşin onların yeganə nəvəsidir. Mirfeyzullazadə deyir ki, nənəsinin imzası dünyada məşhurdur, onu “Azərbaycanın rəngkar kraliçası” kimi tanıyırlar. Buna görə də Vəcihə Səmədovanın əsərinin satıldığını eşidəndə heç kim onun saxta olub-olmadığını araşdırmır, bir saxta sertifikat, üstəlik Vəcihə Səmədovanın adı alıcını aldatmağa kifayət edir. Halbuki nənəsi dünyasını dəyişdiyi 1965-ci ildən bəri onun heç bir əsəri satılmayıb, yaxud kiməsə bağışlanmayıb.
Nəvəsi deyir ki, nənəsi heç sağlığında da əsərlərini sağa-sola paylamayıb, nadir hallarda yaxın dostlarına bağışlayıb. Və sağlığında rəssamın bağışladığı əsərlər tək-tükdür.
“Əgər sağlığında əsərlərini satsaydı və ya çox adama bağışlasaydı ehtimal etmək olardı ki, bəli, yəqin həmin əsərləri indi kimlərsə əldə edib və satır. Vəcihə Səmədovanın əsərləri dövlət tərəfindən alınıb, muzeylərə qoyulub. Muzeylərin də onları satması istisnadır. Deməli kim eşitsə Vəcihə Səmədovanın əsəri satılır, nəzərə almalıdır ki, bu əsər orijinal ola bilməz”-rəssamın nəvəsi bildirir.
Müsahibimiz mərhum atasından eşitdiklərini xatırlayır, söyləyir ki, həmin dövrdə rəsm qalereyaları olmayıb, rəssamlar əsərlərini şəxsi adamlara satmayıblar. Nənəsinin bir əsərinə dövlət az qala bir kisə pul ödəyib. İndi onun saxta əsərlərini orjinal adı ilə 150 manatdan 2 min manat arası satırlar.
“Mədəniyyət Nazirliyinin tabeliyindəki Dövlət Komissiyasından zəng vurub bildirdilər ki, onlara Vəcihə Səmədovaya məxsus 3 əsər təqdim edilib, əsərlərin sertifikatlaşdırılmasını istəyirlər. Dərhal əsərlərin orjinalının şəkillərini göndərdim, məsələ bitdi”, - Mirfeyzullazadə deyir.
Müsahibimiz deyir ki, Azərbaycanın digər görkəmli rəssamlarının, o cümlədən Səttar Bəhlulzadənin də əsərlərinin saxta nüsxələrinin satıldığını bilir. Belə nüsxələri 150 manatdan 3 min manata qədər müxtəlif qiymətlərə satırlar. Hansı ki, heç bir tanınmış rəssamın əsəri bu cür ucuz ola bilməz və deməli qiymət özü rəsmin saxta olduğuna dəlalət etməlidir. Lakin rəssamın nəvəsi eşidib ki, bəzi hallarda saxta əsərləri kifayət qədər yüksək qiymətə satanlar da olub.
Səmədovanın 200-dən çox əsəri yeganə nəvəsi kimi Aqşin Mirfeyzullayev tərəfindən qorunub saxlanılır. O deyir ki, bu əsərlərdən bir neçəsini ola bilsin satacaq və əldə etdiyi vəsaitə rəssamın ev muzeyini yaradacaq. Çünki Vəcihə Səmədovanın ev muzeyi yoxdur. Ötən əsrin 90-cı illərində muzeyin yaradılması haqda qərar verilib, amma o dövrlər maddi imkan olmadığından bunu etmək mümkün olmayıb.
“Əgər muzey yarada bilsəm nənəmin əsərlərini, o cümlədən başqa xatirə əşyalarını, rəsm əsərlərini yaratmaq üçün o dövrdə nadir tapılan, Fransanın, başqa qərb ölkələrinin istehsalı olan rəngləri eksponat kimi ora yerləşdirəcəm”-A.Mirfeyzullayev bildirir.
Görkəmli rəssamın nəvəsi də ixtisasca rəssamdır, Rəssamlıq Akademiyasını bitirib, aspiranturada oxuyub. Amma sənətin dalınca getməyib, hazırda başqa işlə məşğuldur. Deyir ki, nənəsinin saxta əsərlərinin satılması onu daha çox bu məqama görə narahat edir: gələcəkdə incəsənətdən anlayan kiminsə əlinə həmin saxta sənəd keçsə Vəcihə Səmədovanın istedadı, qabiliyyəti barədə nə düşünəcək?
“Deməzlər ki, Azərbaycanın adlı-sanlı qadın rəssamı deyilən bu imiş? Mən daha çox bundan narahatam. Saytınız vasitəsilə kolleksiya həvəskarlarına müraciət edirəm ki, Vəcihə Səmədovanın əsərlərinin satıldığını eşidəndə mənimlə əlaqə saxlasınlar, həmin əsərin orijinal olub-olmadığını dərhal onlara deyim”-A.Mirfeyzullazadə deyir.
Amma həmsöhbətimiz nənəsinin saxta əsərlərinin kimlər tərəfindən satıldığına dair konkret fakt deməkdə çətinlik çəkir, bildirir ki, həmin işlə kimlərin məşğul olduğu dəqiq bilinsə yəqin onlarla hüquq-mühafizə orqanları məşğul olardı...(virtualaz.org)
F.Məmmədov
Ü.Xudiyeva