Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 4-də qeydiyyatda olan Məhərrəmova Sevinc Azay qızı işlədiyi Heydər Əliyev adına liseyin rəhbərliyindən narazıdır.
Yenixeber.org: Bu barədə redaksiyaya məktub ünvanlayan S.Məhərrəmova bildirir ki, müəllim kimi ümumilikdə 14 il təcrübəsi var. Bu 14 ilin 7 ilini H.Əliyev adına liseydə işləyib. Bütün fəaliyyəti dövründə cəmi iki təhsil ocağında çalışdığını bildirən şikayətçinin sözlərinə görə, son aylara kimi nə rəhbərliklə, nə də valideynlərlə hər hansı problem yaşamayıb: “Lakin liseyin tədris işləri üzrə direktor müavini Bədəlova Natəvan və direktor Sevinc Orucova birləşib işlədiyi 1 il ərzində mənə qarşı qərəzli mövqedə olaraq, dəfələrlə məni şantaj ediblər. Mən də öz hüquqlarımı bilərək, məktəbdə heç bir nöqsanım olmadığı halda, hər ikisinə iradımı bildirmişəm. Hər ikisinin fikri budur ki, məni məktəbdən uzaqlaşdırsınlar. Biz üçümüz də ingilis dili müəllimiyik, mənim dərs saatlarımı hər dəfə azaldır öz aralarında bölürlər. Belə ki, məktəbin direktoru Sevinc Orucova 2017-ci il fevral ayının ortasında heç bir nöqsanım olmadığı halda mənim 16 saat dərsimin 6 saatını əlimdən aldı. 2017-ci ilin oktyabr ayında isə məni şantaj edərək valideynləri üstümə qaldırdı, şər-böhtan kampaniyası yaradaraq mənə qarşı qərəzli mövqe tutdu və ikinci dəfə 4 saat dərsimi də əlimdən aldı. Sonuncu 4 saatı özü girir tədris edir. Mən hüquqlarımı müdafiə etmək istəyəndə isə mənə hədə-qorxu gəlir, bildirir ki, sənə şiddətli töhmət vermişəm. Liseydə ümummilli liderin adına yaraşmayan cinayət əməlləri baş alıb gedir. Mən bunların hər birini bilirəm. Məktəbin direktoru Sevinc Orucova fəaliyyətə başladığı gündən etibarən Natəvan Daşdəmirovanı qaraladı, şantaj etdi, ona şər-böhtan ataraq məktəbdən uzaqlaşdırdı. İclas keçirib Natəvan Daşdəmirovanın əleyhinə müəllimlərə məcburi imza atdırdı və onun yazdıqlarının yalan olduğunu dedi. Onun əleyhinə imza atmadığım və əleyhinə çıxış etmədiyim üçün dedi ki, səni də Natəvan Daşdəmirova kimi məktəbdən kənarlaşdıracayıq. Ona görə də mənə qarşı qərəzli mövqedə dayanaraq, şər-böhtan kampaniyası aparırlar. Məktəbdə baş verən cinayətkar ünsürlərin hər birini bilirəm. Bizim məktəbdə korrupsiya və özbaşınalıq baş alıb gedir”.
S.Məhərrəmova xatırladır ki, Təhsil Nazirliyinin qərarına əsasən, məktəb müəllimi 1 bölgüdən aşağı dərs deməməlidir. Eyni zamanda, vəzifəli şəxslər, direktor və müavinlər əlavə dərs aparmamalıdır. Buna baxmayaraq, ixtisas müəllimlərini, gənc kadrları yarım bölgüdən da aşağı dərs saatı ilə təmin edirlər. Direktor və müavin hər ikisi əlavə qeyri-qanuni dərs aparır: “Gənc kadrlar yarım bölgüdən da aşağı, 7 saata işlədiyi halda, Natəvan Bədəlova əlavə olaraq 9 saat, Sevinc Orucova isə mənim 4 saat dərsimi qeyri-qanuni olaraq əlimdən alaraq özü tədris edir.
Bir neçə faktı nəzərinizə çatdırıram. Məktəbdə qeyri-qanuni olaraq 5 yaşlılardan ibarət 2 qrup da fəaliyyət göstərir. Hər bir şagirddən 150 manat pul yığılır. Qrupda dərs deyən müəllimlər isə məktəbin işçisi deyil, kənar yerdən gətirilib və qruplar şəbəkəyə daxil edilməyib. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 5 yaşlılara dərsi ibtidai siniflərə dərs deyən müəllim deməlidir. Bütün siniflər üzrə şagirdlər dərs zamanı dərsdən çıxarılır, ixtisas müəllimlərinə əlavə hazırlıq qrupları
təşkil edib, hazırlıq keçirilir. Hər şagirddən ayda 100 manat məbləğində hazırlıq keçən müəllim pul alır və bu pulları direktor və müavin ilə bölür”.
S.Məhərrəmova üzləşdiyi problemlə bağlı Məktəb Həmkarlar Komitəsinin sədri Şahbaba Rəsulova ərizə ilə müraciət edib. Lakin dediyinə görə, Həmkarlar Komitəsinin sədri ərizəsinə baxıb onun hüquqlarını müdafiə etmək əvəzinə, məktəb direktorunun göstərişi ilə işləyib: “Belə ki, Həmkarlar Komitəsinin 16.11.2017-ci il tarixində keçirdiyi iclasda komitə üzvlərindən başqa, 20 nəfərə qədər müəllimi, direktoru birləşərək məni təklədilər, hədə-qorxu gəldilər və dedilər ki, bu məktəbdən bu qovulmalıdır. Və mənə bildirdilər ki, bu şikayətdən əl çək, bizim çörəyimizə bais olma, məktəbdə baş verən bütün proseslərə gözünü yum”.
Şikayətçi bildirir ki, məktəbdə kompüterlər işləmir: “Müəllimlər otağında 3 kompüter var, heç biri işləmir. Kompüter otağını da ləğv ediblər. Məktəbdə baş verən neqativ hallara etiraz etdiyim üçün məni qaralayan direktor deyir ki, ya ərizəni yaz get, ya da səni bütün məktəb kollektivinin, şagird və valideynlərinin əli ilə məktəbdən qovacam.
2017-2018-ci il təhsildə keyfiyyət ilidir. Sağlam mühit yaratmaq əvəzinə, bütün kollektivi üz-üzə qoyur. Mən dərsimə gəlib görürəm ki, sinfimdə şagird yoxdur. Öyrənirəm ki, direktor onları göndərib başqa otağa, başqa müəllimlər hazırlıq kursu keçir. Mən də tələb edirəm ki, jurnalı verin qayıbı yazım. Ona görə də mənimlə düşmənçilik edir.
Mən ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəbə xələl gəlməsinə yol vermərəm. Bu liseydə korrupsiya halları və cinayətkar əməllər baş alıb gedir. Vəzifəsindən sui-istifadə edərək məktəbdə ağalıq edir. Mən ona görə dil tapa bilmirəm ki, rüşvət almıram, rüşvət vermirəm, sinif rəhbərliyim yox, hazırlıq qrupum yox, cəmi 7 saata işləyirəm, 10 saat dərsim əlimdən alınıb. Mənim yazdığım faktlar yerində yoxlanılsın. Onda aydın olar ki, məndən aşağı dərs saatı olan müəllim yoxdur. Hamıya şərait yaradır, məndən başqa”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün H.Əliyev adına liseyə zəng etdik. Telefona cavab verən xanım direktorun dərs dinləmədə olduğunu bildirərək bizdən əlaqə saxlamaq üçün telefon istədi. Nömrəni təqdim etsək də, təəssüf ki, S.Orucovadan cavab gəlmədi. Hər bir halda yazıda aları keçən şəxslərin mövqeyini verməyə hazırıq.(AFN)
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.