MTN-nin “toxunulmazları” bir-birinə qarşı:Eldar Mahmudovun yaxınları arasında amansız rəqabət
Yenixeber.org: Azərbaycan hər sahədə olduğu kimi, cinayətkarlara yanaşmada da unikal dövlətdir. Təsəvvür edin ki, bu ölkədə çoxsaylı mütəşəkkil cinayətlərin başında dayananlar azadlıqda əllərini-qollarını sallaya-sallaya gəzdikləri halda, əmrləri icra edənlər ən ağır cəzalara layiq görülürlər. Üstəlik, törədilən cinayətlərin kim tərəfindən planlaşdırılıb həyata keçirilməsi uşaqdan-böyüyə hər kəs tərəfindən bilindiyi halda.
Heç uzağa getməyək, bunun ən bariz nümunələrindən biri MTN işidir. Məlum olduğu kimi, 11 il ən ağır cinayətlər və dövlətə xəyanət mərkəzinə çevrilmiş bu qurum törətdiyi təxribat əməllərinin böyüklüyünə görə ölkə başçısı tərəfindən tamamilə ləğv olundu. Azərbaycanın dövlət təhlükəsizliyi siyasətinə rəhbərlik edən bu orqanın, demək olar ki, bütün kadrları dəyişdirildi, nazirliyin ən yüksək postlarında əyləşənlərin bir çoxu barəsində cinayət işləri açıldı, cinayətkarlar ordusunun komandirinə isə indiyə qədər “gözün üstə qaşın var” deyən yoxdur. Nazir Eldar Mahmudovun arada Respublika Prokurorluğuna söhbətə dəvət olunması belə, ölkə mətbuatında sensasiyalı xəbər kimi yayılır. İctimaiyyət Azərbaycan iqtisadiyyatına onillərlə reabilitasiyası mümkün olmayan zərbə vuran, dövlət orqanlarını sözün əsl mənasında soyan, xeyli günahsız vətəndaşlara şəxsi həbsxanalarında divan tutan Eldar Mahmudovun toxunulmazlığını hardan aldığını anlaya bilmir, nəticədə dövlətə inamı sarsıdan və müsbət perspektiv vəd etməyən müxtəlif şaiyələr yayılır.
Ən dəhşətlisi odur ki, qanundankənar toxunulmazlıq statusu alan təkcə Eldar Mahmudov da deyil. Sabiq nazirlə yanaşı, adı bir çox xoşagəlməz cinayətlərdə hallanan və MTN-lə bağlı aparılan məhkəmə işlərində keçən bəzi yüksək vəzifəli şəxslər də indiyə qədər məsuliyyətə cəlb olunmayıblar. Onlardan biri keçmiş MTN-nə bağlı N saylı hərbi hissənin komandiri general-mayor Vüqar Zülfüqar oğlu Allahquliyev, digəri isə yenə həmin nazirliyin Hərbi Əks Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Talış oğlu Şirinovdur.
Ovqat.com-un etibarlı qaynaqlardan aldığı məlumata görə, hər iki şəxsi Eldar Mahmudovla bağlayan möhkəm tellər mövcuddur. Bildirilir ki, N saylı hərbi hissənin komandiri Vüqar Allahverdiyev sabiq nazirin xanımının qohumu, Nizami Şirinov isə Eldar Mahmudovun sağ əliymiş. Görünür, hər iki general öz toxunulmazlıqlarını da bu simsarlıqlarından alıblar.
MTN nazirinin köməkçisi və ən yaxın qohumu - əmisi oğlu Vüqar Mahmudov özünü məsuliyyətdən sığortalaya bilmədiyi halda, adı çəkilən generalların bunu bacarması həqiqətən də maraq doğurur. Halbuki, onların haqqında irəli sürülən iddialar heç də digərlərindən az deyil.
Məlumata görə, Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi Nizami Şirinov Eldar Mahmudovdan əvvəl xidməti fəaliyyətində yol verdiyi səhvlərə görə iki dəfə işdən qovulub. Onun ikinci dəfə 1998-ci ildə şəxsən Heydər Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Məlumata görə, hətta mərhum prezident Nizami Şirinov kimi rüşvətxor generallara MTN-də yer olmadığını açıq mətnlə yaxınlarına tapşırıb. Bununla belə, mərhum prezidentin qəzəbindən yayına bilməyən generalın ulduzu Heydər Əliyev dünyasını dəyişdikdən sonra ikinci dəfə parıldayıb. O, Eldar Mahmudov tərəfindən milli təhlükəsizliyimizin qarantı olan idarənin ən hərbi-strateji əhəmiyyət daşıyan idarəsinin rəhbəri vəzifəsinə gətirilib.
Bu qədər mühüm posta layiq görülən Nizami Şirinovun Azərbaycan xalqını formalaşdıran əsas milli subyektə münasibəti isə birmənalı şəkildə neqativ olub. Onun xalqımız haqqında dəfələrlə təhqiramiz ifadələr işlətdiyi, görkəmli elm, incəsənət və siyasi xadimlərimizə, ümumiyyətlə, çörəyini yediyi ölkənin insanlarına nifrətini gizlətmədiyi bildirilir.
Bəs, bu insan hansı keyfiyyətinə görə mühüm strateji əhəmiyyət daşıyan posta layiq görülüb?
İnformasiya qaynağımız Nizami Şirinovun yeganə “müsbət” bacarığını getdiyi və ya “tilov” atdığı yerlərdən əliboş qayıtmaması qabiliyyətilə əsaslandırır. MTN işiylə bağlı keçirilən məhkəmə proseslərinin birində Xəzər rayon icra başçısının sabiq müavini Ələkbər Heydərovun şahid qismində verdiyi ifadələr də bu ehtimalı doğrulayır. "Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Ələkbər Heydərov bildirib ki, Eldar Mahmudov Nizami Şirinovu icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına 25 hektar torpaq almaq üçün göndərib: “Nizami Şirinov isə icra başçısını saxta sənədlərlə bağlı təhdid edib: "Gülağa müəllim də Eldar Mahmudova zəng edib ki, "bu səviyyəsizi niyə bura göndərmisən?"”
Hətta icra başçısıyla belə, nəzakətdənkənar üslubla danışmaqdan çəkinməyən Nizami Şirinovun Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi kimi 10 illik fəaliyyəti heç də düşündüyünüz kimi torpaqlarımızın qorunması və düşmənə arxadan zərbə vurmaq deyilmiş. O, bu illər ərzində oliqarx övladlarının əsgəri xidmətlərini başa vurduqları MTN-ə aid hərbi hissədə pul yığmaqla məşğul olub. İddialara əsasən, hər bir imkanlı əsgər Zığdakı hərbi hissədə bir il, ilyarım baş girələmək üçün 10-15 min dollarından keçməliymiş. Əks halda onları cəbhə xəttində təhlükəli əməliyyatlara getmək taleyi gözləyirmiş. Həyat qorxusu istər-istəməz oliqarx balalarını Nizami Şirinovla “dil tapmağa” vadar edirmiş.
General-mayorun yaxşı bacardığı işlərdən biri də müxtəlif hərbi hissələrdə xidmət edən imkanlı əsgərlərə “torba tikmək” imiş. Onun bu istiqamətdə də ciddi pullar qazandığı haqqında məlumatlar var.
Maraqlıdır ki, Azərbaycan xalqına barmaqarası baxan Nizam Şirinov oliqarx balalarından topladığı pulları da əsasən xarici dövlətlərin iqtisadiyyatına yatırırmış. Generalın Rusiya, Almaniyada və Türkiyədə klinikalar, supermarketlər və başqa biznes obyektləri açdığı bildirilir. Baxmayaraq ki, onun paytaxtda və rayonlarda çox sayda obyektləri də var. Bunlardan ən məşhurları Xudatda açdığı klinika, Bakıda və Nabrandakı villalardır. Fəqət informasiya qaynaqları yerli obyektlərə generalın şəxsi cibindən pul xərcləmədiyini, onları bəzi iş adamlarından zorla mənimsədiyini iddia edir.
MTN-nin digər “toxunulmazı” general-mayor Vüqar Allahquliyev də “az aşın duzu” deyilmiş. Eldar Mahmudovun yoldaşı tərəfindən yaxın qohumu olan Vüqar müəllim uzun illər MNT-nin xalq arasında“oliqarx kazarması” kimi tanınan N saylı hərbi hissəsinə rəhbərlik edib. O da oliqarxlar balalarının “yolunmasında” özünəməxsus rol oynayıb. Bununla belə, “qabiliyyət” baxımından Nizami Şirinovdan geri qalan Vüqar Allahquliyev əslində öz haqqı olan “obyektdən” pul qazanmaq şansını Nizami Şirinovun xeyrinə əldən verib. Qaynağımızın bildirdiyinə görə, ikili arasında o zamanlardan yaranan amansız rəqabət bu gün də davam edir: “Vüqar Allahquliyev məlum hərbi hissənin komandiri kimi fəaliyyət göstərdiyindən oliqarx balalarından pul yığmaq səlahiyyətinin özünə aid olduğunu düşünürdü. Halbuki, pulları Nizami Şirinov yığırdı. İkili arasındakı ziddiyyət son zamanlar daha böyüyüb. Onlar bir-birinin əleyhinə mətbu orqanlarda ifşaedici materiallar yaymağa, informasiya müharibəsinə hazırlaşırlar”.
Qeyd edək ki, hər iki “qəhrəman”ın xüsusilə maliyyə maxinasiyaları barədə şok məlumatlar əldə etmişik. Yaxın günlərdə oxucuları həmin məlumatlarla tanış edəcəyik.(ovqat)