"Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır -ŞİKAYƏT
Yenixeber.org: Artıq uzun illərdir ki, sabiq deputat Mahir Aslanovun biznes fəaliyyəti hər kəsə məlumdur. Əsas biznes fəaliyyəti olaraq Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən “Happy inn” oteli, “Kəpəz Hospital” və “Kəpəz Group” sabiq deputat Mahir Aslanova məxsusdur. Hotelin adından görünən odur ki, sabiq deputat xalqın əvəzinə çox xoşbəxtdir. Mandat, hotellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət…
Mahir Abbasov “Happy İnn” hoteli vasitəsilə il ərzində külli miqdarda gəlir götürür. Xüsusən ölkəmizə gələn idmançılar, futbol klubları məhz bu oteldə yerləşdirilir.
“Kəpəz Group” vasitəsilə isə millət vəkili tikintidən tutmuş mebel sahəsinə qədər bir çox sahələr üzrə biznes fəaliyyəti göstərir. Bu şirkət tikinti, mebel, restoran, mehmanxana biznesi, həmçinin təmir-dizayn sahələri üzrə ixtisaslaşıb. Şirkət Almaniya, Türkiyə, BƏƏ, Rusiya, Rumıniya ilə güclü əlaqələr qurub.Bundan başqa, sabiq deputatın səsi Avropadan, daha dəqiq desək, Rumıniyadan gəlir. Buxarestdə 17 ildən çoxdur fəaliyyət göstərən “NİCO KAPAZ SRL” şirkətinin sahibidir.
Hə, birdə Mahir Aslanovun camaatın başına oyun açan “Kəpəz” MTK-sı var.
“Kəpəz” MTK-nın vətəndaşların başına açdığı oyunla bağlı vətəndaş Heydərov Hüseynağa Vəliağa oğlu videomüraciət ünvanlayıb.
O, bildirib ki, sabiq deputata məxsus binadan aldığı mənzillərə görə maddi zərərlə üzləşib. Belə ki, vətəndaşın aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:
“Xırdalan şəhəri, Heydər Əliyev prospekti 596-cı binadan 3 mənzil almışam. Hətta mənzillərdən birinə çıxarış da almışam. Daha sonra məlum oldu ki, mənzillər başqa şəxslərə də satılıb. Binanı tikən “Kəpəz” MTK şirkətidir. Sahibi isə sabiq millət vəkili Mahir Aslanovdur. Artıq 4 ildir ki, məhkəmələrdə qalmışıq. Həmçinin hüquq-mühafizə orqanlarına müraciətimiz də nəticəsiz qalıb. Bizə dəyən ziyan geri qaytarılmır. Əksinə “Kəpəz” MTK Abşeron rayon məhkəməsində iddia qaldıraraq mənzillərin çıxarışlarının ləğv olunması haqqında qərar çıxarıb. Bundan sonra Sumqayıt şəhəri Appelyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin qərarı qüvvədə saxladı. Belə çıxır ki, mənzillər əlimizdən alınıb”.
Şikayətçinin sözlərinə görə, bu problemlə üzləşən yalnız onun ailəsi deyil. Ümumilikdə 8 mənzilin müqavilələri ləğv olunub:
“Maraqlıdır ki, Abşeron rayonu Məhkəməsinin qərarına görə, 8 mənzildən yalnız 2-si qanuni satılıb. Digər 6 mənzilin satışı isə qanunsuzdur. Baxmayaraq ki, mənzillərin hamısını eyni şəxs tərəfindən eyni qaydada və tarixdə satılıb. Necə ola bilər ki, məhz iki mənzilin satışı qanuni sayılır?! Yəni Mahir Aslanovun dediyi kimi, ona heç kimin gücü çatmır. Hüquq-mühafizə orqanları qanun çərçivəsində hər hansısa qərar çıxarmır. Çıxarılan qərarlar isə Mahir Aslanovun xeyrinə olur. Azərbaycanda müraciət etmədiyimiz qurum qalmayıb, amma problemimiz həll olunmur. Xahiş edirəm ki, müvafiq qurumlar bizə kömək etsinlər”.
Vətəndaş iddia edir ki, “Kəpəz Group” adına olan hər şey sabiq deputata məxsusdur. Bura İnqilab küçəsində yerləşən “Kəpəz Mebel Evi”,”Kəpəz Hospital”, “Kəpəz” otel və Naftalan şəhərindəki “Kəpəz” sanatoriyaları daxildir. Bundan başqa, Mahir Aslanovun dünyanın 5 ölkəsində biznesi var. Məlumata görə, sabiq millət vəkili Mahir Aslanov Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla şərikdir.(Yenigundem.az)
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.