“Gömrükdə aparılan islahatların nəticəsi budurmu?” –“Maliyyə intizamsızlığının şahidi oluruq...”
“Hökumətin hesabatı kifayət qədər geniş və əhatəlidir. Demək olar ki, hökumətin fəaliyyətinin bütün sahələrini əhatə edir. Hesabatda bütün sahələrdə il ərzində hökumət qurumlarının həyata keçirdikləri fəaliyyətlər yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, dövlət qurumlarının fəaliyyəti nəticəyə yönəlik olmalı, qarşıya qoyulan məqsəd və hədəflər dəqiq olmalı və bütün fəaliyyətlər də həmin məqsədlərə istiqamətləndirilməlidir. Məhz nəticəyə yönəlik fəaliyyət sisteminin qurulması, xüsusilə nəticəyə yönəlik büdcə sisteminin qurulması həm dövlət vəsaitlərinindən istifadənin səmərəliliyini, həm də hökumət qurumlarının daha səmərəli və hesabatlı işləməsini təmin edə bilər”.
Yenixeber.org: Bunları deputat Etibar Əliyev Milli Məclisin bugünkü iclasında Hökumətin hesabatının müzakirəsi zamanı çıxışında deyib.
Deputat çıxışında daha sonra bildirib:
“Böyük qayıdışı hamımız alqışlayırıq. Böyük qayıdışla məktəblərimiz, bağçalarımız, səhiyyə müəssisələrimiz, mədəniyyət mərkəzlərimiz də doğma torpaqlarımıza qayıdır. Əlbəttə ki, bu işlər böyük maliyyə vəsaitləri tələb edir. Artıq 4 ilə yaxındır ki, ictimai maliyyə hesabatları çərçivəsində 3 pilot sektorda - təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorlarında büdcə xərclərinin səmərəliliyinin artırılması üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb. Hesabatda bu prosesdəki vəziyyət barədə məlumat və təhlillərə rast gəlmədim. Burada zaman azlığını önə çəkənlər yanılırlar. Dünya Bankı nəticəəsaslı büdcə tərtibi prosesində 5 il müddəti uzun müddət hesab edir. Və Xorvatiya nümunəsi buna misal ola bilər. Ətraf mühitin mühafizəsinin pilot sektor kimi seçilməsi faktı sübut edir ki, hələ COP29-la bağlı qərarın verilməsindən xeyli əvvəl Azərbaycan yaşıl keçidlə bağlı səylərini dünyaya nümayiş etdirib.
Ölkədə ən ciddi problemlərdən biri maliyyə intizamsızlığına son qoyulması istiqamətində səylərin artırılmasıdır. 2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib. 90 təşkilatda yoxlamalarda 586,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 milyon manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Gömrükdə aparılan islahatların nəticəsi budurmu? Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib. İndiki vəziyyətimizdə maliyyə intizamının güclənməli olduğu bir vaxtda, əksinə, maliyyə pozuntularının, daha doğrusu, intizamsızlığının şahidi oluruq. Bunun səbəbinin izah edilməsini xahiş edirəm. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan 2030: Sosial İqtisadi İnkişafa dair Milli prioritetlər” qəbul olunub. Məsələn, yaxşı olardı ki, hesabatda aydınlıq gətirilərdi ki, konkret olaraq dayanıqlı inkişaf sahəsində 2030-cu ilədək qarşıya qoyulmuş hədəflərə 2023-cü ildə nə qədər yaxınlaşmışıq? Hansı irəliləyişlər və nailiyyətlər olub? Suallar çoxdur… Məsələn, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi, həmçinin onların sertifikasiyalaşmadan keçmələrindən sonra əməkhaqqındakı əsaslı dəyişiklik kölgə təhsilini - repetitor xidmətini azaldacaqmı? Yaxud belə əmək haqları nə dərəcədə müəllimlərin tamamilə öz işlərinə konsentrasiya olunmasına imkan verir?
Elm və Təhsil Nazirliyi yaradılanda AMEA-nın institutları da bu quruma verildi. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacağı nəzərdə tutulub. Lakin bu təşəbbüsün reallaşması prosesi çox ləng gedir. Bu sahədə real potensialın, mümkün maneələrin qiymətləndirilməsinə ehtiyac var. Qərb ölkələrində elmin maliyyələşməsində özəl sektorun töhfəsi 30-70% təşkil edir. Azərbaycanda biznesin elmə investisiya qoyması üçün təşviq mexanizmləri barədə fikirləşmək, biznes assosiasiyaları ilə bu istiqamətdə müzakirələr aparmaq lazımdır. Hərmətli Əli müəllim təhsil islahatlarından danışdı. Ölkəmizdə yaradılan Qarabağ Universiteti və Türkiyə - Azərbaycan Universitetinin yaradılması böyük tarixi hadisədir. Bu universitetlərin qısa zaman kəsiyində tanınmış reytinqlərdə yer almaları üçün filantroplar və xeyriyyəçilərin dəstəyinə böyük ehtiyac vardır. Bu işlərdə bütün yükü dövlətin üzərinə qoymaq olmaz, dünya təcrübəsi də mövcuddur və çağırışları vacib hesab edirəm.
Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2023-2026-cı illər üçün Sektor Strateji planında güclü və zəif tərəflərdən iki göstəricinin adını çəkəcəm. Güclü tərəf “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın olması; Strategiyanın əsas müddəalarını yerinə yetirilməməsi də xüsusi narahatçılıq yaradır. Bunun izahına ehtiyac vardır.
Zəif tərəflər sırasında isə təhsil müəssisələrinin muxtariyyətinin az olmasınının göstərilməsini misal çəkirəm.
Sualım belədir? Nazirlər Kabinetinin təhsil müəssisələrinin muxtariyyətinin artırılmasında gələcək planları varmı?”(Azpolitika)