Xətai rayon 2935A1 ünvanında yeləşən korporativ evlərin həyəti qeyri-qanuni olaraq zəbt edilib və orada çoxmərtəbəli binanın inşasına başlanılıb.

Yenixeber.org: Qeyd olunan ünvanda yaşayan sakinlərin redaksiyamıza verdiyi məlumata görə, həmin ərazi artıq 2 ilə yaxındır, zəbt olunub. Lakin tikintini həyata keçirmək istəyən şirkət təmsilçilərinin sakinlərə “əsas” kimi göstərdikləri sənəddə inşaat üçün icazənin tamamilə başqa ünvana verildiyi görünür.

Bina sakinləri məsələni məhkəmə vasitəsilə aydınlaşdırmağa çalışarkən məlum olub ki, sözügedən ərazidə bina tikmək istəyən şirkətin əlindəki sənəddə Xətai rayonu 2942Q ünvanı əks olunub. Bu isə fərqli ərazidir.

Sakinlərin iddiasına əsasən, ərazidə inşaat işləri aparmaq istəyən şirkətə Xətai Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanları tərəfindən yardım edilir. O da bildirilir ki, tikintiyə etiraz edən fəal sakinlər tək-tək müxtəlif dövlət qurumlarına çağırılıb və onlara tikinti işləri başlayanda etiraz etməmələri üçün hədə-qorxu gəlinib.

Hələ 2 il əvvəl – binanın həyətində qazıntı işləri aparılarkən sakinləri aksiya keçirərək buna öz etirazlarını bildiriblər. Həmin aksiyadan sonra binanın həyətinə iddia edən şirkət işləri dayandırmalı olub. Bina sakinləri isə əraziyə torpaq tökdürərək yaşılllaşma işləri aparıblar, həyətdə xan çinardan tutmuş həmişəyaşıl bitkilərə qədər xeyli ağac əkiblər.

Bundan əlavə, uşaqların asudə vaxtlarını əyləncəli keçirmələri üçün sakinlərin vəsaitləri hesabına həyətdə yelləncəklər quraşdırılıb, oyun meydançası salınıb, çardaqlar qurulub və işıqlandırma sistemi qurulub.

Bina sakinləri artıq “təhlükə”nin sovuşduğunu düşünsələr də, bir neçə gün öncə gündüz saatlarında, əksəriyyətin işdə olduğu vaxtda həyətdəki ağaclar kəsilib, çardaq və yellənçəklər uçurulub, stadion məhv edilib. Sakinlərin sözlərinə görə, binanın həyətindən əl çəkməyən şirkətə birbaşa rayon icra strukturları tərəfindən dəstək verilir.

Maraqlı məqamlardan biri də budur ki, binanın həyətinin hansı qurum tərəfindən satıldığı məlum deyil və korporativlə haqqında danışılan ərazini aldığını iddia edən şirkət arasında məhkəmə çəkişməsi bitmədən tikintiyə start verilməsidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Binanın həyətindən əvvəlki və sonrakı görüntüləri təqdim edirik:

Video Oynadıcı
00:00
00:15

Səxavət Məmməd, (yenicag.az)