"Qapımı açan yoxdu" - Qəhrəman qazimiz çarəsiz durumda - VİDEO
Ağsu rayonunun Bico kəndindən olan qazi Vurğun Sayılov rayon rəhbərliyindən narazıdır.
Yenixeber.org: O, bu barədə redaksiyamıza müraciətində bildirib.
Vurğun Sayılov deyir ki, 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə isə müddətdən artıq xidmət hərbi xidmətçisi (MAXHX) kimi yenidən ordu sıralarına qoşulub. 2020-cı ilin iyulunda Tovuz döyüşlərində fəal iştirak edən qazimiz 44 günlük Vətən müharibəsinə də qatılaraq, ön cəbhədə xüsusi fədakarlıqlar göstərib. Belə ki, Vurğun Hadrut və Şuşanın azad edilməsində birincilər sırasında olub. Hətta Şuşa uğrunda gedən qanlı döyüşlərdə sağ ayağından ağır yaralanıb:
"Müalicə olunandan sonra yenidən xidmətimə davam etdim. 2023-cü ilin 19 sentyabrında başlayan lokal antiterror tədbirləri zamanı da ön sıralarda döyüşdüm. Xankəndi yaxınlığında düşmən ağ bayraq qaldırdıqdan bir müddət sonra pilotsuz uçuş aparatından atılan bombanın partlaması nəticəsində bu dəfə sol ayağımdan ağır yaralandım".
Qazimiz deyir ki, yaralanandan sonra bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alıb. Daha sonra isə həkimlər ona bir ay müddətində ev şəraitində müalicə olunmağı məsələhət biliblər. Qazimiz hazırda yeriyə bilmir. Belə ki, ayağı İlizarov aparatına qoşulub. Hazırda yataq şəraitində müalicəsini davam etdirən Vurğun bir aydan sonra hospitala, tam sağalandan sonra isə yenidən Ermənistan sərhədinə yaxın ərazidə yerləşən xidmət etdiyi hərbi hissəyə dönəcəyini bildirir.
Onun sözlərinə görə, Qarabağ uğrunda döyüşlərdə iki dəfə ağır yaralansa da, nə ərazi icra nümayəndəliyi, nə Ağsu Rayon İcra Hakimiyyəti, nə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən indiyədək bir dəfə də olsun, onunla maraqlanmaybılar. İndiyədək kənd camaatı və qohumlarından başqa yerli məmurlardan heç kim onu yoxlamayıb. Məmur biganəliyindən gileylənən Vurğun Sayılov kənddə yaşadığı evin həyətində şəraitsizlikdən iki dəfə yıxılıb və millərlə bağlanmış ayağının üzərinə düşüb.
Qazimiz dolanışığının çətin olduğunu, maddi problemlərinin yarandığını da bildirib.
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizi İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirsələr də cavab verən olmadı.
Ümid edirik ki, bu yazıdan sonra Ağsu Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların rəhbərləri Vurğun Sayılovla maraqlanacaq, onun məişət problemlərinin həllinə yardım edəcəklər.
Zaur, BakuPost