Azərbaycanın “tender kralı” Ramazan Mirzəyev hələ də öz “taxtında” möhkəm oturub... -İLGİNC FAKTLAR
Azərbaycan iqtisadiyyatının korrupsiya üçün çoxsaylı zəif həlqələrindən biri dövlət tenderləridir. Dövlət satınalmalarında korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox deputatlar və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.
Yenixeber.org: Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəkif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda dvam edir. Bir qayda olaraq Ramazan Mirzəyev dövlət satınalmalarında iştirak edib qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir. Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur. Ümumilikdə dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlılıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur və təəccüb doğurur. Araşdırmalar göstərir ki, 2013-cü ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır. Bu şirkətlərin qazandığı tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsədə şübhə doğurmur. Çünki qanuna zidd olaarq heç kimin tanımadığı, əlaqə məlumatları olmayan şirkətlərin tender qazanması qeyri-şəffaflıqdan və korrupsiya əməllərindən xəbər verir ki, burda da tender komissiyalarının qanunazidd fəaliyyətlərini qeyd etməmək mümkün deyil Məlumata görə, Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir. İş adamına “tender kralı” titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləridir. Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, “tender kralı” Bakı Şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil Nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ “qalib” olur. İş adamı böyük tenderləri “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur. Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır. Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub. Qeyd edək ki, bütün bu iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.(poliqon.info) Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
|