Azərbaycanda ən çox korrupsiya və mənimsəmə hallarının iddia olunduğu sahələrdən biri də dövlət qurumlarının keçirdiyi tenderlərlə bağlıdır.

Yenixeber.org: Belə ki, tenderləri udan şirkətlərin rəhbərləri əksər hallarda ya eyni şəxslər olur və ya hansısa vəzifəli şəxslərin qohumları çıxır.

“Tender haqqında” Qanunda isə göstərilir ki, “tender” — hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasında keçirilən müsabiqədir.

Qanunda qeyd olunur ki, (tender keçirmək hüququ) müvafiq icra hakimiyyəti orqanları, habelə icra hakimiyyəti orqanının tapşırığı ilə digər dövlət orqan və təşkilatları tender keçirə bilər.

Digər ciddi problemlərdən biri isə tenderlərin keçirilməsi zamanı şəffaflığın olmaması ilə bağlıdır ki, bu da qanunvericiliyə zidd olaraq, müsabiqə şərtlərini pozur.

Qanuna görə tender yalnız bu hallarda qapalı keçirilə bilər: tender predmeti üzrə potensial iddiaçıların siyahısı məhdud və məlum olduqda; tender predmeti ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olduqda; tenderin keçirilməsi üçün ayrılan vəsait məqsədli olduqda…

Azərbaycanda tenderlərlə bağlı məlumatlar əksər hallarda yalnız statistik xarakter daşıyır və formal açıqlamalar tenderlərin şəffaf keçirilmədiyi barədə şübhələr yaradır…

İnfrastruktur layihələrinin büdcəsinin sonradan artırılması ilə bağlı əsas problemlər isə əsasən satınalmalardan başlanır.

“Dövlət satınalmaları haqqında” Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin/malların/xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir.

2016-cı ildən bu prosesə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (əvvəl Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi) nəzarət edib, lakin şəffaflıqla bağlı problemlər hələ də qalır. Hətta Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin kollegial qərarları da prosesin şəffalığını təmin edə bilmir.

Araşdırmamıza görə, Salyan rayonunda son iki ildə keçirilən tenderlərdə də şübhəli məqamlar var.

Buraya Salyan Rayon İcra Hakimiyyəti və rayondakı aidiyyəti qurumların elan etdiyi tender və kotirovkalar daxildir. Elə Salyan sakinlərinin şikayətləri də bununla bağlıdır.

Təkcə 2017-2018-ci illərdə Salyanda 70-dən çox “tender “müsabiqəsi” keçirilib ki, həmin tenderlərin 68-i barədə məlumat əldə edə bildik.

                                                 2017-ci ildə keçirilən tenderlər…

1. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – “İlkin-N” MMC – (“Mexaniki və nasos avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması” – 115425 AZN 2017);
2. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi – “İlkin-N” MMC – (“Mexanizmlərin ehtiyat hissələrinin satın alınması” – 100753.34 AZN, 2017);

3. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – “Muğan Təmir Tikinti Müəssisəsi” MMC, (“Təmir işləri üçün tikinti materiallarının satın alınması” – 68722 AZN, 2017);

4. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – “Təmir Tikinti Təchizat AFM” MMC – “Kommunikasiya işlərinin satın alınması” – 9917.52 AZN – 2017);
5. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC “Elektrik avadanlıqları üçün ehtiyat hissələrinin alınması” – 40980 AZN – 2017);
6. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC “Elektrik mühərriklərin əsaslı təmiri işlərinin satın alınması” – 23980 AZN – 2017);
7. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – “Təmir Tikinti Təchizat AFM” MMC – “Avtomobillərə ehtiyat hissələrinin satın alınması” – 18134 AZN, 2017);
8. Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi – “Nat Corp” MMC – “İdarənin inzibati binasında yanğın xəbəredici sisteminin quraşdırılması zamanı tələb olunan materialların və işlərin satın alınması” – 7998.04 AZN – 2017);
9. Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi – “Yunisli LTD” MMC- (“Bərk inventarların satın alınması” – 6800 AZN – 2017);
10. Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi – “Yunisli LTD” MMC, (“Elektrik xətlərinin yenidən qurulması, tələb olunan materiallar və montaj işlərinin satın alınması” – 6000 AZN – 2017);
11. Salyan Rayon İcra Hakimiyyəti – “Sabirabad İnşaat” MMC – (“31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il tədbirlərinin təşkili, keçirilməsi və aztəminatlı ailələrə bayram hədiyyələrinin verilməsi işləri” – 36000 AZN, 22.12.2017);

12. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər İƏD üzrə İcra Nümayəndəliyi – “Modern N” MMC – (“Cari təmir işləri” – 5503.83 AZN, 22.12.2017);
13. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər İƏD üzrə İcra Nümayəndəliyi – (“Modern N” MMC – Məktəbəqədər uşaq müəssisəsinin əsaslı təmiri işləri – 35197.26 AZN, 22.12.2017);
14. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər İƏD üzrə İcra Nümayəndəliyi – “Sabirabad İnşaat” MMC – Bərk inventarlar15384 AZN07.12.2017);
15. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər İƏD üzrə İcra Nümayəndəliyi – (“Sabirabad İnşaat” MMC – “Digər maşın və avadanlıqlar” – 14973 AZN, 07.12.2017);
16. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər İƏD üzrə İcra Nümayəndəliyi – (“Sabirabad İnşaat” MMC – “Yumuşaq inventarlar” – 7956 AZN, 07.12.2017);
17. Dövlət Sosial Müdafiə Fondu Salyan Rayon Şöbəsi – “Apex-MRS” MMC – “Kompüter və printer avadanlıqları” – 5866 AZN, 13.11.2017);
18. Salyan Regional Aqrokimya Laboratoriyası – “Laboratoriya Təchizatı Şirkəti-LTS” MMC, – “Dərman və sarğı ləvazimatları” – 8936.12 AZN, 10.11.2017);
19. Salyan Rayon İcra Hakimiyyəti “İlkin-N” MMC – (“Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissələrinin və zirzəmilərindəki kommunikasiya xəttlərinin əsaslı təmiri işləri” – 2974610.87 AZN, 07.11.2017);
20. Salyan Rayon İcra Hakimiyyəti – (“RH Group MMC” – İnzibati binanın cari təmiri işləri” – 6999.94 AZN, 26.09.2017) ;
21. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC – (“Bərk inventarlar” – 10000 AZN, 26.09.2017);
22. Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi – (“Sabirabad İnşaat” MMC- “Geyim ləvazimatları və inventarlar” – 49400 AZN, 15.09.2017);
23. Salyan Rayon İcra Hakimiyyəti – (“Araz İnşaat” MMC – “Yerli xərclərində nəzərdə tutulmayan zəruri sosial-iqtisadi və digər təyinatlı xərclər üzrə rayonda keçirilməsi nəzərdə tutulan kütləvi bayram tədbirlər üçün müxtəlif mal-materialların satınalınması” – 50000 AZN, 07.08.2017);
24. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin N” MMC- (“Salyan rayonunun 2017-ci il yerli xərclərində nəzərdə tutulmayan aztəminatlı ailələrə verilən tikinti materiallarının satın alınması” – 275973.59 AZN, 07.08.2017);
25. Maliyyə Nazirliyinin Salyan Rayon Maliyyə İdarəsi- “NAT CORP” MMC – “İnzibati binada yanğın xəbəredici sistemin qurulması” – 7998.04 AZN, 11.07.2017);
26. Maliyyə Nazirliyi Salyan Rayon Maliyyə İdarəsi – (“Nat Corp” MMC, – “İdarənin inzibati binasında yanğın xəbəredici sisteminin quraşdırılması zamanı tələb olunan materialların və işlərin satın alınması” – 7998.04 AZN, 2017);
27. Maliyyə Nazirliyi Salyan Maliyyə İdarəsi – “Yunisli LTD” MMC, – “Bərk inventarların satın alınması” – 6800 AZN, 2017).

                                           2018-ci ildəki tenderlər…

1. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan Rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi – İlkin-N MMC – (“Təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması” – 271817.42 AZN, 2018);
2. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan Rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC – “Nasos və elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması” – 199684 AZN, 2018);
3. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan Rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC, “Elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınması” – 40369 AZN, 2018);

4. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC, “Kommunikasiya işlərinin satın alınması” – 10057.28 AZN, 2018);
5. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“İlkin-N” MMC, “Avtomaşınların ehtiyat hissələrinin satın alınması” – 19663 AZN, 2018);
6. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – “İlkin-N” MMC, (“Mexanizmlərin ehtiyat hissələrinin satın alınması” – 130089.4 AZN, 2018);
7. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi – (“Təmir Quraşdırma Təchizat” MMC – “Təmir işləri üçün tikinti materiallarının satın alınması” – 120315 AZN, 2018);
8. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi – “İlkin-N” MMC – (“Mexanizmlərin ehtiyat hissələrinin satın alınması” – 85484.6 AZN, 2018);
9. Salyan Rayon Mərkəzi Xəstəxanası – “SİZ HFM” MMC, – (“Tibbi avadanlıqlar tibbi avadanlıqlar – 30 338 AZN, 14.12.2018);
10. Salyan Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya – (“Alov Mühafizə” MMC Yasamal filialı – “Mühafizə xidməti – 29040 AZN, 13.12.2018);
11. Salyan Rayon Mərkəzi Xəstəxanası – “SİZ HFM” MMC (“Avtomobillərə ehtiyat hissələri” – 9885 AZN, 05.12.2018);
12. Salyan Rayon Mərkəzi Xəstəxanası – “SİZ HFM” MMC, “Atilla Dizayn” MMC, (“Mətbəə xərcləri üzrə” – 18000 AZN, 05.12.2018);

13. Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi – “Calibre 16” MMC – “Bərk inventarlar” – 9999 AZN, 03.12.2018);
14. Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi – “İlkin-N” MMC, (“Mövsümü işçilərin geyim ləvazimatları və inventarlar” – 47684.25 AZN, 03.12.2018);
15.Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC – “Küçə işıqlandırma avadanlıqları” – 48000 AZN, 29.11.2018);
16. Salyan Rayon İcra Hakimiyyəti – “H-Aral” MMC, (“Bərk inventarlar” – 10000 AZN, 29.11.2018);
17. Salyan Rayon İcra Hakimiyyəti – “H-Aral” MMC – “İnzibati binanın cari təmiri işləri” – 5986.22 AZN, 29.11.2018);
18. Salyan Rayon İcra Hakimiyyəti – (“Azərmaş” MMC, “Khazar LD” markalı minik avtomobili” – 18000 AZN, 14.11.2018);
19. Salyan Rayon İcra Hakimiyyəti – “Sabirabad İnşaat” MMC, “2018-ci ildə kütləvi bayram tədbirlərinin keçirilməsi işləri” – 46000 AZN, 14.03.2018);
20. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC, (“Salyan şəhərində aparılan abadlaşdırma işləri” -739565 AZN, 14.03.2018);
21. Salyan Rayon İcra Hakimiyyəti – “A VVM” MMC, “Mənzil fondundakı kommunal binaların əsaslı təmiri işləri” – 159048.04 AZN, 14.03.2018);
22. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin- N” MMC, “Salyan şəhərinin yollarının əsaslı təmiri işləri” – 495558 AZN, 14.03.2018);
23. Salyan Suvarma Sistemləri İdarəsi – “İlkin-N” MMC, “Avtomobil ehtiyat hissələri” – 27319 AZN, 23.01.2018);

24. Salyan Suvarma Sistemləri İdarəsi – “İlkin-N” MMC, “Təmir tikinti işləri üçün tikinti materialları” – 116270 AZN, 23.01.2018);
25. Salyan Suvarma Sistemləri İdarəsi – “İlkin N” MMC, (“Mexanizmlərin ehtiyat hissələri” – 80365 AZN,23.01.2018);
26. Salyan Suvarma Sistemləri İdarəsi – “İlkin-N” MMC, (“Nasos və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri”, – 202172 AZN, 23.01.2018);
27. Salyan Suvarma Sistemləri İdarəsi – “İlkin-N” MMC, “Elektrik mühərriklərinin əsaslı təmiri işləri” – 36120 AZN, 23.01.2018);
28. Salyan Suvarma Sistemləri İdarəsi – F/Ş: Baxışov Zahir Zabit oğlu – “Dəftərxana ləvazimatları”, – 6825 AZN, 23.01.2018);
29. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC, (“Salyan şəhərində 2 çoxmərtəbəli yaşayış binasının dam örtüklərinin dəyişdirilməsi işləri” – 78201.33 AZN, 13.11.2018);
30. Salyan Regional Aqrokimya Laboratoriyası Az. Stan. “Group” MMC, “Avadanlıq” – 1500 AZN, 26.10.2018);
31.Salyan Rayon Mərkəzi Xəstəxanası – “SİZ HFM” MMC, “Dəftərxana ləvazimatları” – 45000 AZN, 02.10.2018);
32. Salyan Rayon Mərkəzi Xəstəxanası – “Avropa Lift Sistemləri” MMC, “Lift təmiri işləri” – 741.04 AZN, 02.10.2018);
33. Salyan Rayon Mərkəzi Xəstəxanası – “Şamxal” MMC, (“Transformatorların torpaqlama konturlarının və kabellərin izolyasiyasının yoxlanılması xidməti” – 3000 AZN, 02.10.2018);
34. Salyan Rayon Mərkəzi Xəstəxanası – F/Ş: Məmmədova Raisa Müseyib qızı, “Camaşırların (çirkli paltarların) yuyulması və ütülənməsi işləri” – 9900 AZN, 06.08.2018);
35. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası – “Askon Təmir Tikinti” MMC, (“Yumşaq inventar,yatacaq ləvazımatları və xüsusi geyimlərin alınması” – 11639.5 AZN26.07.2018);
36. Salyan Regional Aqrokimya Laboratoriyası – “Ahu-Tar” MMC, (“Dərman ləvazimatları” – 15616 AZN, 20.07.2018);
37. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC, (“Salyan şəhərində kommunal binaların həyətlərinə asfalt örtüyünün vurulması işləri” – 54697.99 AZN, 04.06.2018);
37. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC, (“Kənddaxili avtomobil yollarına çınqıl örtüyünün sərilməsi işləri” – 273227.37 AZN, 04.06.2018);
39. Salyan Suvarma Sistemləri İdarəsi – “Təmir Quraşdırma Təchizat” MMC, (“Suvarma klanallarının lildən təmizlənməsi işləri – 52930 AZN, 23.01.2018);
40. Salyan Rayon İcra Hakimiyyəti – “İlkin-N” MMC, (“Salyan şəhərində yerləşən çoxmənzilli binaların dam örtüklərinin, fasad hissələrinin və zirzəmilərindəki kommunikasiya xəttlərinin əsaslı təmiri işləri” – 491500 AZN, 19.01.2018);
41. Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya –”Alov Mühafizə” MMC Yasamal filialı – “Mühafizə xidməti” – 26400 AZN, 08.01.2018).

                              Salyan sakinləri: “Sevindik ki, Sevinik gəlir…”

Sakinlərin şikayəti əsasında internet üzərində apardığımız araşdırmalar zamanı məlum oldu ki, təkcə “İlkin-N” MMC şirkəti siyahı üzrə 26 tenderin qalibi olub. Qanuni təmsilçisi Abbasov Qurban İsmayıl oğludur. Şirkətin hüquqi ünvanı isə Salyanın Qarabağlı kəndidir.

Şirkətin rəsmi saytında qeyd olunur ki, əsas partnyorları “Salyan OİL”, “Shirvan Oil” Operating Company, “SOCAR”, “Gulf Drilling”, Binagadi OİL”, “Caspian Pipe” Gdating, “AOC”, “Bahae Enerji Əməliyyat Şirkəti”, “Azpetrol” və şirkətlərdir.

Digər bir şikayət isə “Sabirbad İnşaat” MMC ilə bağlıdır ki, bu şirkət də 18.04.2017-ci ildə qeydiyyata alınıb və həmin il 6 tenderdə iştirak edib. Salyanda əsas işləri görən bu MMC-nin hüquqi ünvanı Sabirabadın Şıxsalahlı kəndidir. Qanuni təmsilçisi isə Mirzəyev Mehman İlham oğludur.

Salyan sakinləri Arqument.Az-a deyiblər ki, rayonda “Hacı Qurban” kimi tanınan “İlkin-N” MMC-nin rəhbərinin icra başçısı Sevindik Hətəmovla yaxın əlaqələri var.

“Bu, o qədər universal şirkətdir ki, ətraf rayonların bütün idarə və müəssisələrin işlərini görür. Bakıda övladına “Galenvagen”lə təmtarağlı toy edən Hacı Qurban, sadəcə, sənədləşmə işlərini görüb pulu nağdlaşdırmaqla məşğuldur. Öz dili ilə desək, başqa işlər onluq deyil. Sevindik müəllim rayonda çəkilmiş asfalt örtüyünü təkrar yamamaqdan yorulmur ki, yorulmur…”, – onların müraciətində bildirilir.

Sakinlər deyilər ki, rayonda görülən işlər formal xarakter daşıyır: “Diqqət edin, ən gülünc hal isə “Sabirabad İnşaat” MMC-nin Salyan rayonunda bayram tədbirlərinin keçirilməsinə 46 000 manat vəsait silməsidir. Salyanda tədbir keçirən İcra hakimiyyəti rayonda şirkət tapmır, Sabirabaddan gətirir. Ən gülməlisi də odur ki, inşaat şirkəti bayram tədbirləri təşkil edir. Deyirlər ki, aztəminatlı ailələrə verilən tikinti materiallarının satın alınması üçün 275.973.59 AZN pul xərclənib? Hanı, kimə xərclənib, kim ala bilib bu pulu?”.

“Sevindik Hətəmovun Yardımlıda bəzi uğurlu işlər gördüyü deyilirdi. Salyana gələndə sevindik ki, Sevindik gəlir, amma gələndən sonra sevinmədik. Çünki gördüyü işlər və nəticə ortadadır. Amma bu işlər təkcə onların nəzarətində deyil, özləri də deyirlər ki, yüksək rütbəli məmurlar da bu milyonlara ortaqdır”, – şikayətdə vurğulanır.

İqtisadçı ekspert Natiq Cəfərli də saytımıza açıqlamasında tender və kotirovkaların şəffaf həyata keçirilmədiyini deyir.

“Azərbaycanda dövlət qurumlarının sifarişçisi olduğu tender və kotirovkalarla bağlı uzun müddətdir ki, araşdırmalar gedir. Bu sahədə şəffaflığın olmadığını deyirik. Qanunvericilikdə də bu məsələ tam təsbit olunmayıb. Boşluqlar var. Çünki çox vaxt maraqlar konlikti nəzərə alınmır, amma heç qanunvericilikdə təsbiq olunan qadağalara da əhəmiyyət verilmir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu”da satınalmaların həyata keçirilməsi zamanı maraqların ziddiyətini ayırd edən xüsusi maddə var. Qanunun 13.1-ci maddəsində Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmədiyi qeyd olunur. Qanunun 13.3-cü maddəsində isə podratçının onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilməsinin yolverilməz olduğu bildirilir. Amma biz dəfələrlə bu halların pozulduğunu görürük”, – ekspert bildirir.

2017-ci ildə yaradılan qurumun bir neçə ay ərzində 6 tender udmasına gəlincə, ekspert deyir ki, əslində, tenderi udan şirkət azı il təcrübəsi olmalıdır: “Nadir hallarda, yalnız Nazirlər Kabinetinin qərarı əsasında şirkət tenderi uda bilər. Elə işlər var ki, qısa zamanda və ya təcili başa çatdırılmalıdır. Bu halda Nazirlər Kabineti qərar qəbul edə bilər ki, hansısa şirkət yeni yaranmasına baxmayaraq, tenderdə iştirak etsin. Amma aydın görünür ki, tenderlərdə korrupsiya faktları mövcuddur”.

Salyan Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı sorğumuzu hələ ki cavablandırmayıb.(aqrument.az)