Həkim-cərrah:“Bu gün hər 10 uşaqdan 3-də skolioz əlamətləri müşahidə edilir”
Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər 10 uşaqdan 3-də qamət əyriliyi və skolioz əlaməti var.
Yenixeber.org: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər:
“Skolioz etioloji faktora görə həm anadangəlmə, həm də sonradan qazanılan əsas 2 növə bölünür. Anadangəlmə skolioz adətən onurğa sütununun və qabırğaların anadangəlmə anomaliyaları və digər bir sıra səbəblərdən yarana bilər. Qazanılan skolioz isə müxtəlif səbəblərdən yaranır. Anadangəlmə çanaq oynağının çıxığı, diz və bud-çanaq oynağında kontrakturalar və bu qəbildən olan səbəblərdən yarana bilər. Bundan əlavə, uşaqlarda idiopatik skolioza da çox rast gəlinir”.
Skolioz onurğa sütununun frontal (yana əyilmə) səthdə davamlı olaraq əyilməsidir. Bu, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir.
Həkim bildirib ki, skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir:
“Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir. Kliniki olaraq müayinə zamanı onurğa sütununa və uşağa öndən, yandan və arxadan baxılır. Öndən baxış zamanı uşaqlarda qamətin əyilməsi, həmçinin, körpücük sümüyünün, baş və üzün assimmetriyası, döş qəfəsinin deformasiyası, göbəyin orta xətdən bir qədər kənara çıxması kimi hallar müşahidə edilir. Arxa hissədən baxdıqda əsasən, kürək sümüklərində assimmetriya, fəqərələrin çıxıntılarındakı deformasiyaları görmək olar. Yandan baxdıqda isə kifozun daha qabarıq olduğu görünür. Dəqiq diaqnoz qoyulması üçün rentgenoloji müayinələr aparılır. Bu zaman uşaqlarda ayaqüstü ön və arxa proyeksiyada, uzanıqlı vəziyyətdə rentgen çəkilir. Bununla da skoliozun 4 dərəcəsi müəyyənləşdirilir”.
Mütəxəssisin sözlərinə görə, skolioz zamanı dörd əyilmə dərəcəsi yaranır:
"Birinci halda 10, ikincidə 25, üçüncüdə 40, dördüncü halda 40 dərəcədən yuxarı deformasiya müşahidə edilir. Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir.
Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır.
Təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir. 17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir”.
Həkim qeyd edib ki, bütün hallarda onurğa sütununda deformasiyaların yaranmaması üçün zamanında uşaqları düzgün oturmağa, düzgün yeriməyə, xüsusi ilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişlər aşılamaq lazımdır.