Şirkət tərəfindən incidilən təsərrüfat rəhbəri Ermənistana köçməyə də razıdır(?) -VİDEO
“GP İmişli Cotton” MMC-nin nümayəndəsinin əlindən bezdiklərini bildirən “Sarı yal” kəndli-fermer təsərrüfatının rəhbəri Xaliq İbrahimli dövlətin ali hüquq-mühafizə orqanlarından kömək istəyir.
Yenixeber.org: Bir müddət əvvəl, əslən Kəlbəcər rayonundan olan, hazırda İmişli rayonunun Məmmədli kəndi ərazisində yerləşən Qaçqın düşərgəsində – Narınclar kəndində yaşayan Milli Qəhrəman və şəhid ailəsi ailəsi adından redadsiyamıza şikayət daxil olması barədə məlumat vermişdik.
Sənədlər və videoçəkilişlər şəklində göndərilən şikayətin bir hissəsini - “Sarıyal” kəndli-fermer təsərrüfatının vərəsəlik yolu ilə direktoru olan Xaliq Xurşud oğlu İbrahimovun və Milli Qəhrəman qardaşı Novruz Barat oğlu Əliyevin, müvəqqəti icarə əsasında, istifadə etdikləri otlaq-örüş sahəsinin “GP İmişli Cotton” MMC şirkətinin əməkdaşları tərəfindən əsassız şəkildə zəbt olunması barədə iddialarını oxucularımıza təqdim etmişdik...
Problemin hələ də həll olunmadığı barədə əldə etdiyimiz məlumatları əsas tutaraq, bu gün, şikayətin davamını ictimaiyyətin və aidiyyatı qurumların nəzərinə çatdırırıq.
Şikayətin ikinci hissəsində - video görüntüdə Xaliq İbrahimov bildirir ki, “GP İmişli Cotton” MMC-nin nümayəndələri icarələrində olan torpaqların hər hektarına görə, rüşvət formasında, onlara 200 manatdan pul təklif eləyirlər. Kəndli-fermer təsərrüfatının müvəqqəti icarəsində olan torpaqların “Dövlət Fondu”na aid olduğunu xüsusilə vurğulayan təsərrüfat direktoru, əslində həmin ərazilərin alqı-satqı predmeti olmadığını xatırladır. Buna baxmayaraq, X.İbrahimov şirkət nümayəndəsi Nicat Abdullayev tərəfindən təzyiqlərə məruz qaldıqlarını, incildiklərini, onların “mafiya”, “başkəsən”, “killer” olduqlarını emosionallıqla diqqətə çatdırır və dövlətin hüquq-mühafizə orqanlarından, acizanə şəkildə, imdad diləyir.
Daha sonra, videoda X.İbrahimov adıçəkilən şirkət nümayəndələrinin təhdidlərindən boğaza yığıldıqlarını, bu üzdən, hətta, Ermənistana belə köçməyə razı olduqlarını bildirir, “Əgər belədirsə, gedək, ermənilərə deyək: “qələt eləmişik sizə güllə atmışıq!..”” - şəklində övkəsindən çıxış edir...
Video materialı təqdim edirik:
Birinci yazının sonluğunda “Xüsusi qeyd” adı altında bildirmişdik: “Göndərilən elektron şikayətin tərkibində sözügedən otlaq-qışlaq səhəsinin ərazisindəki, adı “Qırmızı kitab”a salınmış, yulğun ağaclarının texnikalarla şumlanaraq, kütləvi şəkildə məhv edilməsini əks etdirən videogörüntülər də var ki, onları da saytımız vasitəsilə yaxın günlərdə aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıracağıq.” Vədimizin üstündə qalırıq.
Redaksiyadan: Kütləvi informasiya vasitəsi olaraq, şikayətdə adı halanan şirkətin rəsmilərinin mövqeyini dinləməyə, bir daha, hazır olduğumuzu bildiririk. Becan.az